AZ

WSJ: Donbas uğrunda mübarizə Ukraynanın gələcəyini müəyyən edəcək

BAKI. 17 avqust. TELEQRAF

ABŞ və Rusiya liderlərinin Alyaskada keçirilən görüşü Ukraynada sülhə gətirmədi. Lakin müşahidəçilərə görə, müharibənin sonu ilə bağlı iki mümkün ssenari artıq aydın görünür.

Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) qəzetinin təhlilində deyilir.

Nəşr yazır ki, Ukrayna ya bir sıra torpaqlarını itirərək suveren dövlət kimi qalacaq, ya da həm ərazilərini, həm də suverenliyini itirib Kreml təsir dairəsinə qayıdacaq.

Putin ABŞ və Avropanın atəşkəs tələblərini rədd edib və əksinə, Ukrayna və Qərbin onun daha geniş geosiyasi məqsədlərini qəbul edənədək müharibəni davam etdirəcəyini bəyan edib. Bu məqsədlərə Ukrayna üzərində siyasi təsirin bərpası, Şərqi Avropada Moskvanın nüfuzunun gücləndirilməsi və Rusiyanın böyük dünya dövləti statusunun qaytarılması daxildir.

WSJ yazır ki, müharibənin sonu ilə bağlı iki əsas ssenari var:

Müdafiə ssenarisi

Ukrayna rəhbərliyi artıq bütün əraziləri hərbi yolla geri qaytarmaq gücündə olmadığını anlayıb. Prezident Volodimir Zelenski danışıqlarda torpaq məsələsini müzakirəyə hazır olduğunu bəyan edib.

Kiyev və Avropa ölkələri Rusiyanın işğallarını heç vaxt hüquqi cəhətdən tanımayacaqlarını bildirirlər, amma işğal faktı ilə yaşamağa məcbur ola biləcəklərinin də fərqindədirlər.

Ukraynanın və Avropanın ən yaxşı ssenarisi Rusiyanı artıq işğal etdiyi ərazilərlə məhdudlaşdırmaqdır. Lakin Kreml bütün Donbas üzərində tam nəzarət tələb edir. Əsas məsələ isə Ukraynanın qalan 80%-nin gələcəyi ilə bağlıdır.

Avropa liderləri və Kiyev Ukraynanın təhlükəsizliyini güclü hərbi müdafiə və Qərbin dəstəyi ilə təmin etmək istəyirlər. Britaniya və Fransa rəhbərlik etdiyi “istəklilər koalisiyası” öz qoşunlarının bir hissəsini Ukraynada yerləşdirmək niyyətindədir.

Bu yanaşma Koreya müharibəsindən sonra yaranmış vəziyyəti xatırladır: yarımada iki yerə bölündü və Cənubi Koreya ABŞ-ın himayəsi altında yaşamağa davam etdi.

Lakin "WSJ" yazır ki, belə nəticə Putin üçün “tarixi məğlubiyyət” olar, çünki o, yalnız Ukraynanın 20%-ni ələ keçirəcək, qalan hissə isə Qərb qoşunlarının müdafiəsi altında ondan uzaqlaşacaq.

Tabeçilik ssenarisi

Ukraynanın ən böyük təhlükəsi təkcə şərq və cənub ərazilərini itirmək deyil. Qalan hissə də Rusiyanın yeni hücumlarına qarşı dayana bilməzsə, Kiyev Moskvanın daxili və xarici siyasət diktəsinə boyun əyməyə məcbur olacaq. Bu isə Ukraynanı faktiki olaraq Rusiyanın protektoratına çevirəcək.

Hazırda Rusiya cəbhədə yalnız məhdud uğurlar qazansa da, məqsəd Ukrayna ordusunu tükətmək və müqavimət iradəsini zəiflətməkdir. 3,5 illik müharibə ölkənin hərbi gücünü ciddi sınağa çəkib.

Analitiklərin çoxu hesab edir ki, resurslar baxımından Rusiya daha davamlıdır. Lakin ekspertlər həm də bildirirlər ki, Ukrayna müharibə boyu adaptasiya olmaq və sağ qalmaq qabiliyyətini dəfələrlə nümayiş etdirib.

Alyaska görüşünün nəticəsi

15 avqustda Alyaskada baş tutan Tramp-Putin danışıqlarında Rusiya lideri növbəti dəfə Ukrayna ilə bağlı sərt tələblər irəli sürüb. Tramp isə açıqlamasında Putinin bütün Donbası istədiyini, lakin qərarın Ukraynaya məxsus olduğunu deyib.

Zelenski yaxın günlərdə Avropa liderləri ilə birlikdə Ağ Evdə olacaq və Alyaska görüşünün nəticələrini Tramp ilə müzakirə edəcək.

Seçilən
58
50
teleqraf.com

10Mənbələr