Berlin, 17 avqust, AZƏRTAC
“Bavariya” futbol klubu Frans Bekkenbauer Superkubokunun qalibi olub.
AZƏRTAC xəbər verir ki, əfsanəvi futbolçunun şərəfinə həsr olunan yeni formatda ilk Superkubok qarşılaşmasında Bundesliqa çempionu ölkə kubokunun qalibi “Ştutqart” ilə üz-üzə gəlib.
Görüşdə “Bavariya” 2:1 hesabı ilə qələbə qazanıb. Oyunda hesabı 18-ci dəqiqədə Münxen təmsilçisinin ingilis legioneri Harri Keyn açıb. Qarşılaşmanın 77-ci dəqiqəsində Luis Dias “Bavariya”nın heyətində ilk qolunu rəsmiləşdirib – 2:0. Oyunda son nöqtəni matçın əsas vaxtına əlavə olunmuş dəqiqələrdə “Ştutqart”ın hücumçusu Ceymi Levellinq qoyub. Beləliklə, “Bavariya” Frans Bekkenbauerin adına keçirilən ilk Superkubok turnirinin qalibi adını qazanıb.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin