AZ

Allahverdi Yolçuyev: Əliqismət Lalayev dedi ki, Xalq artisti olsaydın, səni işə götürərdim - MÜSAHİBƏ

BAKI, 16 avqust. TELEQRAF

Tanınmış aktyor Allahverdi Yolçuyev "Teleqraf" İnformasiya Agentliyinin suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Allahverdi müəllim, yaxın günlərdə corab satmağınız cəmiyyətdə böyük ajiotaja səbəb oldu. Bundan sonra mətbuatda haqqınızda təzadlı xəbərlər yayımlandı. Bilmək istərdik ki, bu, həyatınızda hər hansı dəyişikliyə səbəb oldu?

- Düzü, hələ ki, heç bir dəyişiklik yoxdur. Düşünürəm ki, mənim işlə bağlı müraciətimə sentyabrda baxılacaq. Çünki mədəniyyət naziri Adil Kərimliyə inanıram və güvənirəm. O, məni, mən də onu çox istəyirəm. Mədəniyyət Nazirliyinin kollektivi də bu məsələ ilə məşğuldur. Mən “tıxsız balığam” və bu günə qədər heç kimə pislik etməmişəm. Uşaqlarla çalışmış, körpələrə nağıllar danışmışam. “Ovçu Pirim” obrazı ilə uşaqların sevimlisinə çevrilmişəm. Uşaq dünyası tamam başqa bir aləmdir. Deyəsən, mənim "corab kampaniyam" da artıq sona çatdı.

- "Corab kampaniyası" həqiqətən şəxsi satış təşəbbüsünüz idi, yoxsa bu, hansısa verilişdə göstərmək üçün idi?

- Mən 10 milyon insanı aldada bilmərəm. Ömrümdə heç kimdən pul istəməmişəm.

- Bəs, bu "kampaniya"dan maddi baxımdan nə qədər gəlir əldə etdiniz?

- Mən az corab satdım, haradasa altı ədəd. Birinci dəfə corab satmağım veriliş üçün idi. Amma ikinci dəfə təsadüfən çəkdilər. Açığı, belə bir ajiotaj yaradacağını gözləmirdim. Corabları 1 manata alıb, 5 manata satırdım. Məni tanıyanlar alırdı, amma daha çox xaricilər, xüsusən çinlilər. Ümumilikdə, corab satışından təxminən 30 manat qazandım. Allah bərəkət versin.

- Yaxın günlərdə mətbuatda iki evinizin olması barədə açıqlama verdiniz. Bu isə insanlarda sizə qarşı bir inamsızlıq formalaşdırdı. Bununla bağlı nə deyə bilərsiniz?

- Evimin birində “Ovçu Pirim” obrazına aid tüfəngim, paltarım, saqqalım, portretim, həmçinin filmin oxunması və çəkilişinə aid əşyalar var. Tam bir aktyor evi kimidir. Digər evdə isə 12 nəfər yaşayır. Hətta qəbul etdiyim dərmanlarımı da göstərmişəm, hamı təəccüblənir ki, bu qədər dərmanı içmək olar. Təqaüdüm 336 manat 58 qəpikdir. Bağımı satdım və pulunu həyat yoldaşıma verdim ki, ailəmizi dolandırsın. Evimiz pis vəziyyətdə idi, həyat yoldaşım təmir etdirdi, amma hələ də yarımçıq qalıb. Avqustun 20-də 67 yaşım tamam olacaq. Fikrimcə, ən çox beş il ömrüm qalıb. İş məsələsində isə inanıram ki, mənə yaxşı bir yer veriləcək.



- Mənizilinizdə 12 nəfərin yaşadığını qeyd etdiniz. Səhv etmirəmsə, iki qızınız ailə qurub. Onlar da sizinlə yaşayırlar?

- Birinin evi var. Digəri isə bizimlə yaşayır. İki qızım da evlənməyib və evimiz altı otaqlıdır. Mən də küncdə olsa belə, yatmışam, amma sual budur. Niyə belə olmalıdır? Xaricdə bir aktyorun filmə çəkilməsi ona milyonlarla pul qazandırır. Mən demirəm ki, qeyri-adi istedad sahibiyəm, məndən böyük sənətkarlar var və olacaq. Amma hər halda mən də səsimi bir vaxt çıxarmalı idim.

- Bəs, niyə teatrda davamlı fəaliyyət göstərmədiniz?

- Övladlarıma görə teatr fəaliyyətinə davam edə bilmədim. Dörd qız böyüdürdüm və onların toy mərasimlərini təmin etmək lazım idi. Həmin dövrdə Azərbaycan Televiziyasında çalışırdım. Mərhum Xalq artisti Yaşar Nuri mənim müdirim idi və mən onun köməkçisi idim. “Dalğa” adlı teatr var idi, sonra bizi səhmdar cəmiyyətə çevirdilər və sonradan işdən çıxardılar. Bu, 2005-ci il idi. Bu vaxta qədər maddi sıxıntı yaşamama baxmayaraq, heç kimə əl açmamışam. Uşaqlıqda, 11 yaşından instituta daxil olana qədər göyərti satmışam, Nəsimi bazarında. Atam müəllim idi, amma mən də aktiv idim. Qonşuda bir xanım göyərti satırdı, ondan bazar işinin sirlərini öyrəndim. Göyərtidən qazandığım pulu evə verirdim. Atam gündə 20 qəpik verirdi, onu yığıb 3 min manata çatdırıb göyərti alıb, satırdım.
Anamın köhnə şabalıdı rəngli çantası vardı. Atam göyərti satdığımı bilmirdi, amma anam məlumatlı idi. Artıq soyuducumuzda meyvə və tərəvəz də olurdu.

- Bir müddət əvvəl mətbuata verdiyiniz açıqlamada qeyd etdiniz ki, mədəniyyət naziri Adil Kərimli sizinlə əlaqə saxlayıb. Bu barədə məlumat verməyinizi istərdik.

- Xeyr, bu da səhv başa düşülüb. Cənab nazir vəzifəyə gələndən sonra mənimlə birbaşa əlaqə saxlamışdı. Corab satmaq məsələsindən sonra isə müavinləri mənimlə əlaqə saxladılar və bildirdilər ki, cənab nazir məsələ ilə maraqlanır.

- Bəs, Akademik Musiqili Teatrda fəaliyyətə başlamanızla bağlı yayılan xəbərlər nə dərəcədə doğrudur?

- Xeyr, bu da səhv məlumatdır. Mən evdə oturduğum vaxt Akademik Musiqili Teatrının truppa rəhbəri Vidadi müəllimdən zəng gəldi. Mədəniyyət Nazirliyindən əmək kitabçasının surətini istədi. Mən də elə başa düşdüm ki, teatrda işə qəbul olunacağam.

Mən teatrda yaşlı obrazları oynaya bilərəm və hətta çox sevindim ki, köhnə kollektivimlə işləyəcəyəm. Çünki iki dəfə oraya daxil olub çıxmışam. Bir dəfə isə İncəsənət Universitetinin dəvətinə görə teatrda fəaliyyətimə davam edə bilmədim. Həm də qızlarımın toyu üçün getmək məcburiyyətində qaldım. Səhmdar Cəmiyyətindən çıxdıqdan sonra da bir neçə teatrla əlaqə saxladım, amma mənə yer olmadığını bildirdilər.

- Akademik Musiqili Teatrın keçmiş rəhbəri Əliqismət Lalayev sizin tələbə yoldaşınız olub. Onun sizə dəstək olmamasının səbəbi nə idi?

- Bəli, kömək etmədi və mənə dedi ki, “Xalq artisti olsaydınız, işə götürərdim". Mən şoka düşdüm. Özünüz mənim tamaşalara olan biliklərimi bilirsiniz. Mən institut illərində bir çox tamaşalarda çıxış etmişəm və Dövlət Televiziyasında da çalışmışam. Xoşbəxtəm ki, bütün baş rolları ifa etmişəm. Adamın adamı rolunda “İbiş”, “Sevil” və digər baş rolları oynamışam. İki dəfə Sankt-Peterburqda keçirilən bədii qiraət müsabiqəsində iştirak etmişəm, birində diplom, birində isə fəxri fərman almışam. Onu da əlavə edim ki, cənab nazir nə qərar versə, onu böyük məmnuniyyətlə qəbul edəcəyəm. Aktyor üçün sosial həyat vacib şərtdir, əgər sosial həyat olmasa, insan tez qocalar. Müəllim olsun, özü peşəsi üçün çalışır, mən də elə edirəm. Əvvəllər seriallarda çəkilmişəm və dublyaj işləri ilə məşğul olmuşam. Son illər isə fəaliyyətim dayanıb.

- Sizin sənət fəaliyyətiniz neçə ildir ki, dayandırılıb?

- Mən 20 ildən çox dublyaj işlərində iştirak etmişəm. İndi isə məndən bu sənətin incəliklərini öyrənirlər. Azərbaycanda incəsənət məktəbi fəaliyyət göstərir və orada tələbələr toplanır. Mən də orada dərs keçirəm. Tələbəm İncəsənət Universitetinə qəbul olunub. Mən metodikanı yaxşı bilirəm.
Hardasa 15 il olur ki, sənətdən uzaqlaşmışam.



- Sənət adamı kimi gününüzü necə keçirirsiniz?

- Mən Yasamalda yaşayıram. Evdə çıxıb öz-özümə danışır, müəyyən bir obrazı canlandırıram.

- Sizi bu vəziyyətdə görən insanlar necə qəbul edirlər?

- Mən elə vaxt gedirəm ki, küçədə heç kim olmur. Evdə güzgü qarşısında da məşq edirəm. Ən sevdiyim obrazlardan biri "Kral Lir"dir. Onun üç qızı var və kiçik qız yox, digər iki qızı ataya xəyanət edirlər.

- Tamaşadakı obrazınız həyatınıza oxşayırmı?

- Xeyr, əsla! Mənim çox yaxşı qızlarım var.

- Qızlarınız hardasa fəaliyyət göstərirlərmi?

- Biri gözəllik salonunda işləyirdi. İndi isə çalışmır. Şou-biznes sahəsinə gəlmək istədilər, amma gördüm ki, bu sahə çətindir. Yaxın günlərdə kiçik qızımla Xəzər TV-də proqramların birində qonaq olduq və birlikdə mahnı ifa etdik. Onu bir neçə dəfə işə düzəltdim, amma işləmədi. Evimizin yanında ədviyyat mağazası var idi, orada da işə düzəltdim, amma nəticə olmadı.

- Qızlarınızdan heç biri ali təhsil almayıb. Bunun səbəbi nədir?

- Biri Beynəlxalq Universitetə daxil oldu, amma universitet bağlandı. Digəri isə Azərbaycan Universitetinə getdi, o da bağlandı. Ortancıl və kiçik qızım isə incəsənətdə meyilli idilər. İndi onlar öz yollarını seçiblər. Kiçik qızım hazırda tibb bacısı işləyir. Onun tərəfdən kürəkən də yaxşıdır, çalışqandır və işləyir. Mən əvvəllər müəyyən qədər kömək etdim, amma indi bacarmıram.

- Təqaüdünüz əsasən dərman xərclərinə gedir. Məişət xərclərinizi necə ödəyirsiniz?

- Həyat yoldaşım xalam qızıdır. Həyat yoldaşımın bacıları bizə yemək göndərirlər. Mən Qərbi azərbaycanlıyam və çətinlikləri yaşamışam. Mən heç vaxt həyat yoldaşımdan pul istəməmişəm. Həyat yoldaşım da işləmir, evi və uşaqları böyütmək çətin idi.

- Bu gün ölkəmizdə sənətə və sənətçilərə göstərilən diqqət və dəstək sizi nə dərəcədə qane edir?

- Aktyor teatra gəlir və oradan da alqışlarla son mənzilə yola salınmalıdır. İndi yaxşı ki, aktyorların evi var, demək olar ki, bir ovuc aktyorumuz qalıb.

- Sənət dostlarınız sizin corab satmağınızı necə qarşıladılar? Və sizə maddi və mənəvi dəstək göstərənlər oldumu?

- Mən süpürgəçi də işləyərəm, bu da həyatda bir obrazdır. Mənə verilən rol ilə prokuror da oynaya bilərəm. Corab satmamın nə dəxli var, əgər zərurət olsa, yenə də corab sataram. Artıq məni hamı tanıyır. Xəstəliyimin ən böyük səbəblərindən biri əsəb olub. Əvvəllər kim nə deyirdisə, əsəbləşirdim. İndi isə kim nə deyirsə, vecimə almıram. Mən insanlara deyirəm ki, sabah eşitsəm hansısa sənət yoldaşım xəstədir, çətin vəziyyətdədirsə, müəyyən məbləğ kömək edirəm. Mən elə bir insanam. Xalq artisti Sabir Məmmədov zəng edib demişdi ki, “niyə bizə deməmisiniz. Kartınızı atın pul göndərim". Mən isə cavab verdim ki, heç nə istəmirəm. Mən ölkədə az pul xərcləyən aktyorlardan biriyəm. Məsələn, köynək hədiyyə ediblər. Restorana gedəndə bir iş adamı deyib ki, “bu aktyor gəlirsə, pul almayın. Mən ödənişi edəcəm". Mənə deyirlər ki, sən sənətkarsan və barmaqla sayılanlardansan. Avtobusda sürücü deyir ki, düş, metroda polis deyir ki, keçin.

- Nə vaxtsa maddi çətinlik yaşayacağınızı düşünürdünüzmü?

- Xeyr, pis günün ömrü qısadır. Amma insan hər şeyi gözləməlidir, müharibə, sel, daşqın. Bunlar hər zaman ola bilər. Kasıblıq da belədir. Məsələn, evimi satsam və sonra nə edərəm? Açığı, evdə normal dolanırıq. Soyuducuda ətimiz və yağımız var, iqtisadi baxımdan özümüzü dolandırırıq. Əvvəl toy mərasimlərində çıxış edirdim və heç vaxt yüksək ödəniş tələb etməmişəm, 100-300 manat arası alırdım. Son üç ildir ki, toylara gedə bilmirəm.

- Bu gün aktyor sənəti sizi qane edirmi?

- Sənət, aktyorluq, istedad və bacarıq var, amma onların satılması üçün müəyyən bir bazar lazımdır. Teatr tamaşaları və tamaşaçılar var. Əgər bunları yalnız maaşla və pulla ölçsək, insanın mənəviyyatı itər. Onun gözünün önünə yalnız maddiyyat gəlir. Ölkənin siması teatrlar olmalıdır, çünki televiziya baxanların sayı çox azdır.

- Avqustun 20-də ad gününüzdür. Özünüzə nə arzu edirsiniz?

- Mənim ən böyük arzum böyük sənətkarlar Əliağa Ağayevin və Rübabə Muradovanın İkinci Fəxri xiyabanda dəfn edilməsidir. Hər ikisi Yasamal qəbiristanlığında dəfn edilib. Onları sevən insanlar, tamaşaçılar var. Onları ziyarət etmək istəyənlər üçün asan olsun.

Seçilən
69
50
teleqraf.com

10Mənbələr