Prezident İlham Əliyevin Vaşinqtona işgüzar səfəri ABŞ-Azərbaycan əlaqələrinin keyfiyyətcə yeni mərhələyə yüksəlməsi, iki ölkə arasında siyasi, diplomatik, iqtisadi, ümumiyyətlə, hərtərəfli strateji tərəfdaşlığın başlanğıcının qoyulması ilə yadda qaldı. Azərbaycan Prezidentinin ABŞ-yə işgüzar səfəri həm də Cənubi Qafqazda uzun müddətdir nail olunmağa çalışılan sülhün bərqərar edilməsi baxımından da əlamətdardır.
Ağ Ev rəhbərinin iştirakı ilə Azərbaycan və Ermənistan liderlərinin Birgə Bəyannamə imzalamaları, sülh sazişinin mətninin paraflanması yekun sülh sənədinin tezliklə imzalanacağını göstərir. Bakının sülh səyləri ilə Vaşinqtonda əldə olunan tarixi nailiyyətlər təkcə Ermənistan-Azərbaycan arasında münasibətlərin normallaşması baxımından deyil, ümumilikdə bölgəyə vəd etdiyi davamlı sülh şəraiti baxımından müstəsna əhəmiyyətə malikdir.
Qərəzli siyasət
Lakin nədənsə Cənubi Qafqaz adına qazanılan bu uğurlar yürütdüyü aqressiv siyasəti ilə dünyada etibarlı tərəfdaşı, dostu qalmayan Rusiyanı narahat edir. Heç təsadüfi deyil ki, Vaşinqtondakı tarixi sülh sammiti dönəmində Rusiya Azərbaycan neftinin də ixrac edildiyi Ukraynanın Odessa istiqamətində qaz kəməri sistemini, SOCAR-ın yanacaqdoldurma məntəqəsini növbəti dəfə hədəfə aldı və zərbələrə məruz qoydu.
Xatırladaq ki, avqustun 10-da Ukrayna Prezidenti Volodimir Zelenski Prezident İlham Əliyevə zəng edən zaman tərəflər Ukrayna ərazisində Azərbaycanın SOCAR şirkətinə məxsus neft anbarına və ölkəmizə aid digər obyektlərə, həmçinin Azərbaycan qazını Ukraynaya nəql edən qaz kompressor stansiyasına Rusiya tərəfindən məqsədyönlü şəkildə hava zərbələrinin endirilməsini pisləyib, bunun Azərbaycan ilə Ukrayna arasında energetika sahəsində əməkdaşlığın dayandırılmasına heç bir halda səbəb olmayacağına əminliklərini vurğulayıblar.
Bundan əvvəl də Rusiya Azərbaycanın Ukraynadakı səfirliyi istiqamətində raket zərbəsi endirmiş, daha sonra SOCAR-ın ofisinin yanına raket düşmüşdü. Bunlar Rusiyanın məqsədyönlü şəkildə Azərbaycanın Ukraynadakı fəaliyyətinə zərbə vurmaq və ölkəmizə qarşı düşmənçiliyini isbat edən faktlardır.
Gerçəklikdir ki, Azərbaycan və Ermənistanın Ağ Evdə əldə etdikləri razılaşmalar heç bir halda region ölkələrinin mənafelərinə xələl gətirmir, əksinə, bölgədə sülh şəraitini formalaşdırır ki, bu da qarşılıqlı əlaqələrə, hərtərəfli inkişafa böyük stimul verir. Amerika Birləşmiş Ştatlarına səfəri zamanı bu ölkənin "Fox News" telekanalına müsahibəsi zamanı Prezident İlham Əliyev də vurğulayıb ki, istər regionumuzdan olan, istərsə də regionumuzdan kənarda yerləşən istənilən dövlət tərəfindən bugünkü nailiyyətlə bağlı hər hansı bir mənfi fikir bildirilməsi çox çətin olar: "Çünki bu gün biz sülh istiqamətində yekun addımı atdıq".
Sözügedən telekanalın saytında dövlətimizin başçısının müsahibəsində səsləndirdiyi fikirlər əsasında yayımlanan materialda o da vurğulanıb ki, Azərbaycan Prezidenti Zəngəzur dəhlizi (TRIPP) ilə bağlı əldə edilmiş razılaşmanın heç kimə qarşı olmadığını deyib. Bildirilib ki, bu yeni bağlantı layihəsidir və beynəlxalq nəqliyyat marşrutlarının mühüm hissələrindən biri olacaq.
Anti-Azərbaycan ritorikası faydasızdır
Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təmin etməsi Rusiyanın bölgə ilə bağlı mənfur planlarına sarsıdıcı zərbə vurub. Cənubi Qafqazı etnik zəmində bitmək bilməyən münaqişələrin, müharibələrin ocağı kimi görmək istəyən və bu istiqamətdə çirkin fəaliyyət göstərən şimal qonşumuzun mənfur planları artıq iflasa uğradılıb.
Azərbaycan yürütdüyü çoxşaxəli və uzaqgörən diplomatik siyasəti ilə regionda güc balansını öz xeyrinə dəyişib. 8 avqustda Donald Trampın iştirakı ilə keçirilən Vaşinqton görüşü zamanı dövlət rəhbərlərinin iştirakı ilə Azərbaycan və Ermənistan XİN rəhbərləri tərəfindən "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş" layihəsi paraflanıb. Yekun sülh mətni hesab olunan bu sənədin Bakının irəli sürdüyü sülh şərtləri əsasında hazırlanması da diktə edən tərəfin məhz Azərbaycan olduğunu göstərir. Bu həm də onun göstəricisidir ki, Azərbaycanın haqlı qələbəsini dünya gücləri də tanıyır və qəbul edir.
Ölkəmiz üç onillik boyu apardığı haqq mübarizəsini ədalətli şəkildə həll etdi və Qarabağ münaqişəsini birdəfəlik bitirdi. Bununla da geniş perspektivdə Cənubi Qafqazda inkişafa və əməkdaşlığa yer açmış oldu. Heç də təsadüfi deyil ki, dünyanın supergüclü ölkəsinin rəhbəri Donald Tramp da Azərbaycanın səyləri ilə başladılan və müvəffəqiyyətlə irəlilədilən sülh prosesinə şəxsən dəstək verir.
Ancaq imperiya təfəkkürü ilə siyasət yürüdən Rusiyanı Azərbaycanın regionda yaratdığı yeni reallıqlar qane etmir. Moskva əlində olan bütün təsir imkanlarını işə salaraq ölkəmizə təzyiq etməyə çalışır. Rusiyanın hava məkanında təyyarəmizin vurulması, Yekaterinburqda həmvətənlərimizə qarşı həyata keçirilən vandal davranışlar, absurd iddialarla ölkəmizə media savaşının açılması, Azərbaycan neftinin də ixrac edildiyi Ukraynanın Odessa istiqamətində qaz kəməri sisteminin, SOCAR-ın yanacaqdoldurma məntəqəsinin hədəfə alınması da qərəzin təzahürüdür.
Sərnişin təyyarəmizi Qroznı üzərində vuran Rusiyadan Azərbaycanın qətiyyətlə cavab tələb etməsi, ölkədəki güc strukturlarının burada yaşayan həmvətənlərimizə qarşı vandal davranışlarının hesabını sorması isə Moskvanı daha da özündən çıxarıb. Rusiyanın Əməkdar mədəniyyət işçisi və tanınmış jurnalisti Mixail Qusmanın TASS-ın baş direktorunun birinci müavini vəzifəsindən azad edilməsi, Rusiya sülhməramlı kontingenti tərəfindən qeyri-qanuni şəkildə Xankəndidə quraşdırılan rəssam İvan Ayvazovskinin büstünün demontaj olunmasına Rusiya Prezidentinin xüsusi nümayəndəsi Mixail Şvıdkoyun qərəzli yanaşma ortaya qoyması, bu ölkənin dövlət xəbər agentliyi olan TASS-da dərc edilmiş "informasiya"da Xankəndi şəhərinin "Stepanakert" adlandırılması, "Moskovskiy komsomolets" qəzetində yayımlanan qərəzli məqalədə Azərbaycanın nasist Almaniyası ilə müqayisə edilməsi və sadalamadığımız çoxsaylı çirkin faktlar da şimal qonşumuzun anti-Azərbaycan ritorikasını ortaya qoyur.
Yuxarıda sözügedən müsahibəsində Rusiya ilə münasibətlərdən və 2024-cü ilin dekabrında "Azərbaycan Hava Yolları"nın 8243 saylı təyyarəsinin vurulmasından danışan Prezident İlham Əliyev də qeyd edib ki, Azərbaycan bunun qəsdən hücum olduğunu düşünmür: "Biz, sadəcə, bunu etiraf etməyi, həmin cinayəti törədənləri cəzalandırmağı və tam təzminat ödənilməsini tələb etdik".
Yəni Azərbaycan qətiyyətlə Rusiyadan haqqı olanı tələb edir. Rusiya isə qəzanın üzərindən səkkiz ay keçməsinə baxmayaraq, hələ də məsuliyyətini dərk etmək və Azərbaycanın haqlı tələblərini yerinə yetirmək istəmir. Təbii ki, şimal qonşumuzun bu rəzil siyasəti strateji müttəfiq olan ölkələrimiz arasındakı əlaqələrə zərbə vurmaqdan başqa heç nəyə yaramır. Bundan itirənin daha çox Rusiya tərəfi olacağı isə heç kəsdə şübhə doğurmayan reallıqdır.
Yasəmən MUSAYEVA,
"Azərbaycan"