Bu gün səhər saatlarında Rusiyanın Samara vilayətinin Sızran şəhərində bir neçə güclü partlayış baş verib.
Bizim.Media “SHOT” teleqram kanalına istinadən xəbər verir ki, yerli sakinlər 10-a yaxın partlayış səsi eşidiblər.
Hadisə şahidlərinin sözlərinə görə, göydə məhv edilmiş hava hədəfləri görünüb. Əvvəlcə küt və güclü gurultular eşidilib, ardınca işıqlı partlayışlar müşahidə olunub, daha sonra isə sənaye zonasının üzərində qalın tüstü yüksəlib.
Rusiya Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviatsiya) Samara şəhərindəki Kurumoç beynəlxalq hava limanının fəaliyyətini müvəqqəti məhdudlaşdırıb. Sakinlərə sakitliyini qorumaq, dağıntıların düşə biləcəyi ərazilərdən uzaq durmaq və zərurət yaranarsa 112 qaynar xəttinə müraciət etmək tövsiyə olunub.
Neft emalı zavodu yaxınlığında yanğın
Partlayışlardan sonra Sızran Neft Emalı Zavodu ərazisində tüstü və alov sütunu görünüb. Şahidlərin sözlərinə görə, bu əraziyə vurulmuş pilotsuz uçuş aparatlarının qalıqları düşmüş ola bilər.
Qeyd edək ki, sözügedən zavod Volqa bölgəsinin ən iri neft emalı komplekslərindən biridir və daxili bazarla yanaşı ixrac üçün də benzin, dizel, aviasiya kerosini, mazut və bitum istehsal edir.
Sızran Neft Emalı Zavodu 1942-ci ildə, İkinci Dünya müharibəsi dövründə fəaliyyətə başlayıb. O vaxt müəssisə əsasən ordunun yanacaq təminatını həyata keçirib. Müharibədən sonrakı illərdə isə zavod genişləndirilib və modernləşdirilib. Hazırda müəssisənin illik gücü 8,5 milyon ton neftin emalına imkan verir.
Bizim.Media