AZ

Gün vurmadan 1–2 saat ərzində ölüm baş verə bilər

Güclü isti və birbaşa günəş şüaları həyati təhlükə yarada bilər. Günvurma - orqanizmin kəskin qızışmasıdır, bu zaman bədən temperaturu tənzimləmək qabiliyyətini itirir. Ağır hallarda ölüm cəmi bir-iki saat ərzində baş verə bilər.

Far.Az xəbər verir ki, bu barədə həkimlər xüsusi xəbərdarlıq edirlər. Bildirilir ki, orqanizm həddindən artıq qızır, bədən istiliyi kəskin yüksəlir, dəri quru və isti olur. Tərləmə dayanır, sinir sistemi fəaliyyətində pozuntular yaranır. İnsan huşunu itirə, qıcolmalar başlaya və daha sonra orqanlar fəaliyyətini dayandıra bilər.

Günvurma xüsusilə uşaqlar, yaşlı insanlar və ürək-damar xəstəliklərindən əziyyət çəkənlər üçün daha təhlükəlidir. İstilikdə onların vəziyyəti sağlam böyüklərə nisbətən daha tez pisləşir.

İlk əlamətlər - baş ağrısı, ürəkbulanma, başgicəllənmə, halsızlıqdır. Vaxtında müdaxilə edilməsə, şüur qarışması, istiqamətini itirmə və ən ağır hallarda koma inkişaf edə bilər.

Vacibdir ki, zərərçəkəni tez bir zamanda kölgəyə və ya sərin yerə aparmaq, artıq paltarını çıxarmaq, bədənini su və ya yaş parça ilə soyutmaq lazımdır. Kiçik qurtumlarla su içirmək və təcili yardım gələnə qədər onu tək buraxmamaq tövsiyə olunur.

Gün vurmasının qarşısını almaq üçün ən isti saatlarda birbaşa günəş altında qalmamaq, baş örtüyü taxmaq, daha çox su içmək və sağlamlıq vəziyyətini izləmək lazımdır.

Seçilən
13
1
far.az

2Mənbələr