AZ

Dayanıqlı iqtisadi və sosial inkişafa mühüm töhfə -“Rəqəmsal İpək yolu”

Transxəzər fiber-optik kabel xəttinin dəniz marşrutunun öyrənilməsi işləri davam edir

Avropa ilə Asiya qitələri arasında yeni rəqəmsal kommunikasiya dəhlizinin yaradılmasına yönəlmiş “Rəqəmsal İpək yolu” (Digital Silk Way) layihəsi strateji əhəmiyyətə malik addımlar atmaqda davam edir. Bu günlərdə layihənin mühüm tərkib hissəsi kimi Transxəzər fiber-optik kabel xəttinin tikintisi üzrə dəniz marşrutunun öyrənilməsi işlərinə start verilib. Tədqiqatlar həm sahilyanı ərazilərin təhlilini, həm də dəniz dibinin detallı araşdırılmasını əhatə edəcək. Aparılan dəniz tədqiqatları sayəsində layihənin inşası üçün ən qısa, təhlükəsiz və ekoloji baxımdan dayanıqlı marşrutun müəyyənləşdirilməsi mümkün olacaq. Bu mühüm işlər həm Azərbaycanda, həm də Qazaxıstanda paralel şəkildə həyata keçirilir və təxminən dörd həftə davam edəcək.

Transxəzər kabel xətti layihəsi Azərbaycanın magistral internet provayderi “AzərTelecom” və Qazaxıstanın milli telekommunikasiya operatoru “Kazakhtelecom” arasında əməkdaşlıq çərçivəsində icra olunur. Layihəyə texniki nəzarət və məsləhət dəstəyi ABŞ-ın “Pioneer Consulting” şirkəti tərəfindən göstərilir. Yaxın vaxtlarda “AzərTelecom”un rəhbərliyi tədqiqat işlərini həyata keçirəcək “Türkan” gəmisinin texniki imkanları ilə yaxından tanış olub, burada müasir avadanlıqların səviyyəsinə yüksək qiymət verilib. “AzərTelecom”un Direktorlar Şurasının sədri Emil Məsimov layihənin strateji əhəmiyyətini vurğulayaraq bildirib ki, dəniz marşrutu tədqiqatı əsas mərhələyə start verir və bu layihə regional rəqəmsal bağlantının gücləndirilməsi ilə yanaşı, Xəzər dənizini qlobal rəqəmsal infrastrukturun vacib hissəsinə çevirəcək. O, həmçinin texnoloji yeniliklərin və peşəkar kadrların işə cəlb olunduğunu, işlərin planlaşdırılan qrafikə uyğun icra olunacağına əminliyini ifadə edib.

Layihə çərçivəsində Sumqayıt və Aktau şəhərləri arasında Xəzər dənizinin dibi ilə 380 kilometr uzunluğunda fiber-optik kabel xətti çəkiləcək. Bu xəttin ötürmə qabiliyyəti 400 Tbit/s səviyyəsində planlaşdırılır ki, bu da yüksək həcmdə məlumat mübadiləsinin təmin olunmasına şərait yaradacaq. Tikinti işlərinin 2026-cı ilin sonunadək yekunlaşması nəzərdə tutulur. Layihənin icrası “AzərTelecom” və “Kazakhtelecom” şirkətlərinin əməkdaşlığı əsasında reallaşdırılır.

Qeyd etmək lazımdır ki, “AzərTelecom” dünyanın 11 ölkəsində enerji, tikinti və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərən “NEQSOL Holding”in tərkibində olan “Azerconnect Group”un üzvüdür. Şirkət Azərbaycanda telekommunikasiya xidmətləri üzrə lider mövqedədir və geniş diapazonda, o cümlədən topdansatış səviyyəsində rabitə, rəqəmsal və digər xidmətlər təqdim edir. “AzərTelecom” müxtəlif regionlarda inkişaf etdirici layihələrlə yanaşı, cəmiyyət və informasiya-kommunikasiya texnologiyaları sektorunun dayanıqlı inkişafına istiqamətlənmiş qabaqcıl texnologiyaların tətbiqini davam etdirir. Qazaxıstanın milli telekommunikasiya operatoru “Kazakhtelecom” isə ölkədə sabit telefon, genişzolaqlı internet, rəqəmsal televiziya və mobil rabitə kimi xidmətlər göstərir və bu sahədə aparıcı şirkət kimi fəaliyyət göstərir.

“Rəqəmsal İpək yolu” layihəsi yalnız Transxəzər kabel xəttindən ibarət deyil, həmçinin Azərbaycan, Gürcüstan, Türkiyə, Qazaxıstan və Türkmənistan kimi ölkələri əhatə edən geniş regional rəqəmsal telekommunikasiya dəhlizinin formalaşmasını nəzərdə tutur. Layihənin icrası mərhələli şəkildə planlaşdırılır, bunlara sahilyanı və dəniz dibinin qiymətləndirilməsi, yüksək keyfiyyətli və dayanıqlı kabellərin hazırlanması, onların daşınması və quraşdırılması daxildir.

Türk Dövlətləri Təşkilatı da bu layihəyə böyük maraq göstərir. Təşkilatın 2022-ci ilin noyabrında Özbəkistanın paytaxtı Səmərqənddə keçirilmiş IX Zirvə görüşünün yekunlarına dair Səmərqənd Bəyannaməsində üzv ölkələr arasında əməkdaşlığı genişləndirmək üçün “Rəqəmsal İpək yolu” layihəsinin, xüsusən də Transxəzər fiber-optik kabel infrastrukturunun əhəmiyyəti xüsusi qeyd olunub. Bundan əlavə, “2022-2026-cı illər üzrə Türk Dövlətləri Təşkilatı Strategiyası”nda da Xəzər dənizinin dibi ilə çəkiləcək bu kabel xəttinin sürətləndirilməsi və Avropa ilə Asiya arasında yüksək ötürmə gücünə malik fiber-optik internet xəttinin qurulması prioritet vəzifələrdən biri kimi müəyyənləşdirilib.

Bu layihə region üçün böyük strateji əhəmiyyət kəsb edir. Avropa ilə Asiya arasında Azərbaycanın vasitəçiliyi ilə formalaşacaq rəqəmsal telekommunikasiya dəhlizi regional ölkələrin məlumat mübadiləsi ehtiyaclarını tam ödəyəcək. ABŞ-da keçirilən Qlobal Strateji İnfrastruktur Liderlik Forumunda “Rəqəmsal İpək yolu” Asiya üzrə ən yaxşı beş strateji infrastruktur layihəsindən biri kimi qiymətləndirilib. Bu isə öz növbəsində Qafqaz, Mərkəzi və Cənubi Asiya ölkələrində rəqəmsallaşmanın sürətləndirilməsinə və rabitənin daha geniş əhatə dairəsində inkişafına güclü təkan verəcək.

Nigar Orucova, “İki sahil”

Seçilən
21
1
ikisahil.az

4Mənbələr