AZ

Suverenliyin bərpası və hüququn aliliyi

Xalq qazeti portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Konstitusiya və Suverenlik İli

Bu il ölkəmizdə müstəqillik dövrünün iki mühüm tarixi hadisəsi – müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunmasının 30 ili və torpaqlarımızın azadlığa qovuşması nəticəsində Əsas Qanunumuzun bütün ölkə ərazisində hüququnun bərpasının 5 ili qeyd edilir. Bu baxımdan Prezident İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması müasir Azərbaycan dövlətçiliyinin inkişaf yolunda, hüquqi dövlətçilik və suverenlik prinsiplərinin möhkəmləndirilməsində mühüm hadisədir.

1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilən Azərbaycan Respublikasının ilk milli Konstitusiyası müstəqil dövlətimizin siyasi, iqtisadi və hüquqi əsaslarını fundamental sənəd olaraq müəyyənləşdirdi. Eyni zamanda, bu sənəd Azərbaycan xalqının müstəqilliyinin bərpasından sonra dövlət idarəçiliyinin hüquqi çərçivələrini, vətəndaşların hüquq və azadlıqlarını, dövlətin quruluş əsaslarını təsbit etdi.

Konstitusiya qəbul edilən dövrdə yenicə müstəqillik qazanan respublikamızda daxili sabitlik və milli təhlükəsizlik təhlükəli həddə idi. Buna baxmayaraq, ulu öndər Heydər Əliyevin siyasi iradəsi və liderlik bacarığı sayəsində Azərbaycanın dövlətçilik dayaqları getdikcə möhkəmlənir, hüquqi sistem qurulur, demokratik inkişaf üçün əlverişli zəmin yaranırdı.

Yeri gəlmişkən, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev hüquqi dövlətçiliyi və qanunun aliliyini dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyənləşdirdi. Dahi şəxsiyyətin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində məhkəmə-hüquq sistemi yenidən quruldu, hüquq-mühafizə orqanlarının fəaliyyəti hüquqi dövlət tələblərinə uyğunlaşdırıldı. 1995-ci il Konstitusiyası isə bu siyasətin ən mühüm nəticələrindən biri idi. Ulu öndər bu sənədi Azərbaycan dövlətçiliyinin hüquqi əsası adlandıraraq, gələcək islahatların məhz Konstitusiyanın prinsipləri üzərində qurulacağını bəyan etdi.

Ümumiyyətlə, Əsas Qanunun qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biri idi. Bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəd idi.

Ulu öndərimiz əmin idi ki, demokratik dəyərlərin üstünlüyünü qəbul edən, azadlığın, haqq və ədalətin bərqərar olunduğu dövlət qurmaq istəyən hər bir ölkə, hər bir xalq üçün Konstitusiya mühüm önəm daşıyır. Siyasi, iqtisadi, hüquqi sistemin köklü şəkildə dəyişdiyi, cəmiyyətdə keçid dövrünün başlandığı bir vaxtda Əsas Qanunun rolu da qat-qat artır. Bu bir həqiqətdir ki, müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbul olunması ilə Azərbaycanın tarixi inkişafının yeni bir mərhələsi başlandı. Dahi şəxsiyyət, eyni zamanda, hüquqi islahatları yalnız qanunvericiliklə məhdudlaşdırmadı, həm də hüquq-mühafizə orqanlarının peşəkarlığının artırılmasına, vətəndaş-məmur münasibətlərində qanunçuluğun əsas prinsip kimi möhkəmlənməsinə nail oldu.

Xatırladaq ki, Konstitusiya qəbul edilən gün – noyabrın 12-də respublika parlamentinə ilk dəfə çoxpartiyalı sistem əsasında demokratik seçkilər keçirildi. Əsas Qanunun milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, Ulu öndərin 1996-cı il 1 noyabr tarixli Fərmanına əsasən, hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilməyə başlandı.

Müstəqil Azərbaycanın Konstitusiyası insan və vətəndaş hüquq və azadlıqlarının gerçəkləşdirilməsini dövlətin ali məqsədi kimi bəyan etdi. Hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirdi. İnsan və vətəndaş hüquqlarının, azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları qarşısına ümdə vəzifə kimi qoydu.

Şəxsiyyətin toxunulmazlığı, insan həyat və sağlamlığının qorunması, layiqli həyat səviyyəsinin təmin olunması, humanizm və insanpərvərlik prinsipləri Konstitusiyasının əsas prioritetləri idi. 5 bölmə, 12 fəsil, 158 maddədən ibarət Əsas Qanunda insan hüquq və azadlıqlarına geniş yer verilməsi isə ölkəmizin demokratiya ideallarına sadiqliyinin göstəricisi kimi diqqət çəkdi.

Ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən illər ərzində məhkəmə – hüquq sisteminin müasir tələblərə uyğunlaşdırılması üçün ardıcıl və sistemli islahatlar həyata keçirilib. Konkret ifadə etsək, məhkəmə hakimiyyətində müstəqilliyin möhkəmləndirilməsi, vətəndaşların ədalət mühakiməsinə əlçatanlığının artırılması, şəffaf və sürətli məhkəmə prosedurlarının tətbiqi istiqamətində mühüm addımlar atılıb.

Bu çərçivədə elektron məhkəmə platformalarının istifadəsi, hakimlərin seçilməsində şəffaf prosedurlar, məhkəmə infrastrukturunun yenilənməsi kimi layihələr diqqət mərkəzində saxlanılıb. Bundan başqa, vətəndaşların hüquqlarının qorunması sahəsində beynəlxalq standartlara uyğun qanunvericilik islahatları aparılıb, insan hüquqları və azadlıqlarının təminatı istiqamətində mühüm addımlar atılıb. Ölkənin 50-yə yaxın məhkəmə binası yenidən tikilib və ya əsaslı təmir edilib. Bu məqamda onu da qeyd edək ki, 2020-ci ildə əldə olunan tarixi Qələbə nəticəsində Azərbaycanın ərazi bütövlüyü və konstitusion hüquqları tam bərpa olundu.

Bu, yalnız hərbi-siyasi qələbə deyildi, həm də hüquqi dövlət prinsipinin – yəni Konstitusiyanın respublikamızın bütün ərazilərində qüvvədə olmasının təminatı idi. Prezident İlham Əliyev bu məsələnin böyük əhəmiyyətini vurğulayaraq tarixi Zəfərimizdən sonrakı çıxışlarının birində – “Biz yalnız torpaqlarımızı azad etmədik, həm də Konstitusiyamızın aliliyini bütün ölkə ərazisində reallaşdırdıq” – bildirirdi. Ümumiyyətlə, İkinci Qarabağ savaşı milli suverenliyin bərpası ilə yanaşı, dövlət idarəçiliyi, məhkəmə və hüquq sisteminin vahid hüquqi çərçivədə fəaliyyətinin gerçəkləşməsi baxımından tarixi dönüş nöqtəsi oldu.

Yeri gəlmişkən, 2021–2024-cü illərdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 5 yeni məhkəmə binası tikilib. Bu ərazilərdə dövlət orqanlarının fəaliyyəti ilə bərabər, seçki, məhkəmə, sosial təminat və yerli idarəetmə sistemi vahid hüquqi çərçivədə bərpa olunub.

“Konstitusiya və Suverenlik İli”ndən danışarkən, bir məsələni də xatırlatmağa zəruri ehtiyac var. Belə ki, son illərdə məhkəmə-hüquq sistemində gerçəkləşdirilən layihələrdə Ali Məhkəmənin rolu xüsusi diqqət çəkir. Ali Məhkəmənin Plenumunun qərarları, habelə məhkəmə təcrübəsinə dair verdiyi izahlar nəticəsində məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqində sabitlik, vahid məhkəmə təcrübəsinin formalaşdırılmasında irəliləyiş əldə edilmişdir.

Ali Məhkəmə sədrinin rəhbərliyi ilə bu orqanda vətəndaş məmnunluğuna yönələn idarəçilik modeli formalaşdırılıb, məhkəmə qərarlarının əsaslandırılması və icra mexanizmləri təkmilləşdirilib. Məhkəmə proseslərinin rəqəmsallaşdırılması, hüquqi maarifləndirmə tədbirlərinin genişləndirilməsi və hakimlərin peşə hazırlığının artırılması istiqamətində əhəmiyyətli addımlar atılıb, ölkəmizdə ədalət mühakiməsinin keyfiyyətinin yüksəlməsinə nail olunub.

29 mart 2024-cü ildə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş dəyişikliklər məhkəmələrin fəaliyyətində Məhkəmə-Hüquq Şurasının səlahiyyətlərini genişləndirmiş, məhkəmə hakimiyyətinin və hakimlərin müstəqilliyinə rəvac vermişdir. 09 iyun 2023-cü ildə “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliklərdən sonra Məhkəmə-Hüquq Şurasının hakim üzvlərinin sayı 10 nəfərə çatdırılmış, bununla da Məhkəmə-Hüquq Şurasının üzvləri arasında hakimlərin sayı üstünlük təşkil etmişdir.

Respublikamızda 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması dövlət orqanları, vətəndaş cəmiyyəti institutları və media üçün hüquqi dövlətçilik, vətəndaş hüquqları, milli suverenlik, eləcə də demokratik dəyərlərin təbliği baxımından geniş imkanlar yaradır. Hazırda nəzərdə tutulan tədbirlərin icrası həm ölkə vətəndaşlarının hüquqi maarifləndirilməsinə, həm də Azərbaycanın beynəlxalq imicinin möhkəmləndirilməsinə böyük töhfə verir.

Azərbaycan dövləti üçün hüququn aliliyi və milli suverenlik prinsipləri dəyişməz strateji xətt olaraq qalır. Ona görə də ölkəmiz Konstitusiyanın və qanunların aliliyini gerçəkləşdirməklə müasir, demokratik, ədalətli və hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyir.

Zaur PİRVERDİYEV,İmişli Rayon Məhkəməsinin sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
58
10
xalqqazeti.az

10Mənbələr