Cənubi Azərbaycanın ən məşhur klubu, sonuncu İran çempionu “Traktor” futbol üzrə İran Super Kubokunun da qalibi olub.
Arena.az xəbər verir ki, son çempion bu gün İran Kubokunun sonuncu qalibi olmuş “İstiqlal”la qarşılaşıb.
“Nəqşi Cahan” stadionunda baş tutmuş görüş Təbriz klubunun 2:1 hesablı əzmkar qələbəsi ilə bitib. Oyunda hesabı 12-ci dəqiqədə “İstiqlal” açıb. 87-ci dəqiqədə penaltidən dəqiq yararlanan Əmirhüseyn Hüseynzadə hesaba tarazlıq gətirib. 90+2-ci dəqiqədə isə Tomislav Ştrkal təbrizlilərə qələbə gətirmiş qola imza atıb.
Bununla da “Traktor” tarixində ilk dəfə İran Super Kubokunu qazanıb. Sözügedən komanda 2020-ci ildə də İran Super Kuboku uğrunda görüşə çıxmış, lakin həmin oyunda “Persepolis”ə 0:1 hesabıyla uduzmuşdu.
Cənubi Azərbaycan klubu 2024/2025-ci illər mövsümündə tarixində ilk dəfə İran çempionatının qalibi olub.