AZ

Qurban Qurbanov: “Çox ciddi 90 dəqiqə keçirməliyik”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 3-cü raundunda “Şkendiya” ilə cavab oyunundan gözləntisini paylaşıb.

Arena.az xəbər verir ki, Azərbaycan və Şimali Makedoniya çempionları arasındakı cavab qarşılaşması sabah Bakıda keçiriləcək.

Skopyedə keçirilmiş ilk oyunda 1:0 hesablı qələbəyə sevinmiş Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov bu gün baş tutmuş mətbuat konfransında fikirlərini bölüşüb:

“Çox vacib oyun olacaq. Rəqib də iddialıdır. İnanıram ki, azarkeşlər üçün maraqlı qarşılaşma olacaq. İlk matçda göstərilən mübarizəyə əsasən hər iki komanda qalib gəlməyə layiqdir. Bizim kiçik üstünlüyümüz var, 1:0 hesabı ilə öndəyik. Üstəlik, doğma azarkeşlərimiz önündə çıxış edəcəyik. Çox ciddi 90 dəqiqə keçirməliyik. “Şkendiya” bizdən əvvəl “Styaua” üzərində iki oyunda qələbə qazanan komandadır. Onların ifasında xarakter, döyüşkənlik gördük. Bu rəqiblə bağlı təəssüratlarım eyni qalıb. Sabah onlara qarşı çox intizamlı oynamalı və möhkəm olmağı bacarmalıyıq”.

Qurban Qurbanov Kadi Borgesin ilk matçdakı çıxışı ilə bağlı tənqidləri də cavablayıb:

“Futbolçularımın hamısı son vaxtlarda həm məşqdə, həm oyunlarda istəkli, intizamlıdırlar. Kadi daha çox texnikalı oyunçudur. Bəlkə də top itkilərinin çox olduğunu fikirləşirsiniz. Ancaq rəqibi də nəzərə almaq lazımdır. Son vaxtlarda Avropa futbolunda komandalara baxsaq, top itkiləri çoxalıb. Futbol fərqli olmağa başlayıb. Kadiyə verilən tapşırıq var idi. Topsuz oyunda, müdafiə planında, bəzi hücumların qurulmasında taktiki tapşırıqları düzgün yerinə yetirirdi. Texniki səhvlər qaçılmazdır, həmişə olacaq. Kadinin daha yaxşı olmaq potensialı var”.

Qurban Qurbanov Emmanuel Addai ilə bağlı problemi açıqladı

Qurban Qurbanov Emmanuel Addai barədə də düşüncələrini dilə gətirib:

“İstənilən futbolçunun hansısa çatışmayan cəhətləri var. Daha çox özündən asılı olmayan… İstər-istəməz gəldiyi vaxtla indiki arasında çox fərq var. Oyununda yox, işinə yanaşmasında belədir. Bizim istəklərimizi yerinə yetirməsində çox böyük dəyişiklik var. İnsan orqanizmi fərqlidir. O rejimdən bizim Azərbaycan mətbəxinə düşüb. Həmişə dünyanın ən ləzzətlisi Azərbaycan mətbəxidir. Həqiqətən elədir. O da gəlib, bu cür yeməkləri görür, yeməklərə həvəsli olur. Əvvəl də var idi. Kiçik cərimələr də etmişik onu yeməklə bağlı (gülür). Bəzi insanlar fərqli, həssas olurlar. Gözümüz onun yediyi yeməkdə deyil. Bəzi narazılıqlar olub. Amma son vaxtlar hər şey qadasındadır. Özüm də bu yolu keçmişəm. İnsan bir həftə – 10 gün yaxşı rejimdə olanda, iştahı çoxalır, yaxşı yeməklər yemək istəyir. Dəyişiklik çox olub. Ciddi problem deyil. Çox şey yaxşılığa doğru gedir”.

“Tək hücumçu axtarmırıq” – Qurban Qurbanov

Qurban Qurbanov transfer çalışmalarını davam etdirdiklərini söyləyib:

“Transfer siyahımızda çox futbolçu var. Onlardan biri də Klovisdir. İndiyə qədər nə qədər hücumçu transfer etmişik. Yaxşı oyunçu gətirməyin həm üstün tərəfi var, həm də çətinlikləri. 3-5 yaxşı oyun oynadı, təkliflər başlayır və oyunçunu itiririk. Hansısa kluba “yox” cavabı verəndə, futbolçunun əhvalı korlanır. Hücumçuları alıb, sonra satmışıq. Dino Ndolovunu, İbrahima Vadjini, Juninyonu satdıq, Mahir Emreli getdi. Bunun həm yaxşı tərəfi var, digər tərədən isə bizə mane olur. Kollektiv formalaşdırırsan, oyun üslubu qurursan. Sabah birdən-birə oyunçunun əhvalı pozulur, başlayıram problem yaşamağa. Nəinki tək hücumçu, həm orta xətt, həm sol-sağ vinger, həm müdafiə üçün də oyunçu axtarırıq. Bir hücumçu gətirməklə dayanmayacağıq. Elə addım atmaq istəyirik ki, oyunçu və bizim üçün tam faydalı olsun.

Təzyiqlər çoxdur, hamı hücumçu gözləyir, istəyir. İllərdir ki, hər il bunun müzakirəsini görmüşük. Son vaxtlar Klovislə bağlı çox məlumatlar gedir. Bizdən asılı olmayan məsələlər var. Tək bir oyunçunu düşünmürük, kollektivi, gedişatı düşünürük. Kənardan çox rahat görünə bilər, amma işin içində elə detallar var ki, onu da nəzərə almalıyıq. Burada nə üçün işləyirik? Sizi, azarkeşləri sevindimrək üçün. Futbolçularıma da bəzən deyirəm ki, biz illərdir lider olmaq istəyirik, liderlər sırasındayıq. Hər komanda bunu saxlaya bilmir. O qədər ölkələrin çempionları var, çempion olur, sonra 13-14-cü yerdə olurlar. Böyük beşlikdə də belə hallar baş verir. Ronaldo getdi, ikinci Ronaldo nə vaxt tapdılar? Ya da, Messi. Liderlərin problemi öndə olur, həm də asan olmur. Əlimizdə olanı qoruyub-saxlamlıyıq ki, oyun sistemimiz pozulmasın, nəticələrimiz ən azından olduğu kimi qalsın.

Kreativ oyunçu axtarmağa daha çox vaxt ayırmışıq. Juninyonun xətrini çox istəyirəm, xarakterlidir. İspaniyadan, Braziliyadan təklif gəldi, onu itirdik. Onu et, bunu et, deyirdik, edə bilmirdi. İstəyirdi. Amma psixoloji məsələ idi. Azarkeşlərimizə bildirim ki, narahat olmasınlar, çalışırıq, bütün detallara fikir verərək, oyunçu götürürük. Elə nüanslar var ki, bir-birimizə mane olur. Axtarışdayıq. Transfer pəncərəsinin son gününə kimi işimizi davam etdirəcəyik”.

Seçilən
47
50
arena.az

10Mənbələr