AZ

Oğuzda Birinci Qarabağ müharibəsi şəhidinin məzarı doğum günündə təmir edilib

Oğuz rayonunun Padar kəndində Birinci Qarabağ müharibəsinin şəhid polisi Arzu Əliyevin məzarı təmir edilib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, şəhidin məzarı Oğuz Rayon Polis Şöbəsi tərəfindən təmir edilib.

Şəhidin doğum günündə keçirilən anım tədbirində Oğuz Rayon Polis Şöbəsinin rəisi, polis əməkdaşları, rayon rəsmiləri, kənd ziyalıları, şəhid ailələri, qazilər iştirak ediblər.

Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə çıxış edənlər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 gün ərzində ölkəmizin ərazi bütövlüyünü bərpa etdiyini bildiriblər, şəhid və qazilərin göstərdiyi qəhrəmanlığın gənc nəsillər üçün örnək olduğunu vurğulayıblar. O da qeyd olunub ki, Birinci Qarabağ müharibəsində də vətən uğrunda canlarından keçən Azərbaycan oğulları bu gün də unudulmur.

Qeyd edək ki, Arzu Yaqub oğlu Əliyev 11 avqust 1963-cü ildə doğulub. Birinci Qarabağ müharibəsi başlayandan sonra Əsgəran rayonunun Cəmilli kəndinə göndərilib. 1990-ci il dekabrın 15-də həmin kənddə şəhidlik zirvəsinə ucalıb. 1990-cı il 17 dekabr tarixində Padar kənd şəhidlər xiyabanında dəfn olunub. Ölümündən sonra oxuduğu məktəbə onun adı verilib. Oğuz rayonunda küçələrdən biri şəhidin adını daşıyır.

Seçilən
106
2
report.az

10Mənbələr