AZ

Sülh sazişinin paraflanması mühüm addımdır Millət vəkili

Metbuat portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Xəbər verdiyimiz kimi, avqustun 8-də Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində keçirilmiş tarixi görüş nəticəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında birgə bəyannamə imzalanıb.

Millət vəkili Naqif Həmzəyev Metbuat.az-a açıqlamasında bildirib ki, ABŞ Prezidenti Donald Trampın şahidliyi altında imzalanmış bu sənəd iki qonşu ölkə arasında on illərlə davam etmiş münaqişənin həllinə istiqamətdə mühüm addım kimi qiymətləndirilir.

O qeyd edib ki, bəyannamənin ən mühüm hissələrindən biri "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş"in tərəflərin xarici işlər nazirləri tərəfindən paraflanması olub:

"Bu addım gələcəkdə sazişin tam imzalanması və ratifikasiyası üçün əsas təşkil edəcək. Həmçinin ATƏT-in Minsk Prosesi və onunla əlaqəli strukturlarının bağlanmasına dair birgə müraciətin imzalanması da tarixi əhəmiyyət daşıyır. Sözügedən qərar Dağlıq Qarabağ münaqişəsinin həllində uzun müddət vasitəçilik rolunu oynayan Minsk Qrupunun fəaliyyətinin başa çatdığını simvolizə edir".

Millət vəkili deyib ki, razılaşmanın dördüncü bəndində regionda nəqliyyat və kommunikasiya bağlantılarının açılmasının əhəmiyyəti vurğulanır. Bu, həm Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsi, həm də Ermənistanın beynəlxalq bağlantılar üzrə qarşılıqlı fayda əldə etməsi üçün vacibdir:

"Bəyannamədə xüsusi diqqət çəkən məsələ "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) bağlantı layihəsidir. Bu layihə Ermənistan ərazisində həyata keçiriləcək və ABŞ-ın bu regiona münasibətdə maraqlı olduğunu göstərir. Donald Trampın şəxsən bu prosesin aparıcısı rolunu oynaması onun xarici siyasətdə əldə etmək istədiyi nailiyyətləri əks etdirir. Trump bu razılaşmanı diplomatik uğur və iqtisadi əməkdaşlıq imkanı kimi qiymətləndirməkdədir. Bu razılaşma eyni zamanda Rusiyanın regiondakı nüfuzuna qarşı ABŞ-ın addımı kimi də dəyərləndirilir. Minsk Prosesinin bağlanması və ABŞ-ın vasitəçilik rolunu öz üzərinə götürməsi, Cənubi Qafqazda geosiyasi balansın dəyişməsinə işarədir".

N.Həmzəyev qeyd edib ki, bəyannamənin beşinci bəndində beynəlxalq sərhədlərin toxunulmazlığı və ərazi əldə olunması üçün güc tətbiq etmənin yolverilməzliği prinsipi təsdiqlənir. Bu, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün tanınması mənasını daşıyır:

"Tərəflər "indi və gələcəkdə hər hansı bir qisas cəhdini qətiyyətlə rədd edir və istisna edirik" ifadəsi ilə gələcəkdə qarşılıqlı düşmənçiliyin qarşısını almağa söz verirlər. Hal-hazırda paraf edilmiş sülh sazişinin tam imzalanması və sonradan hər iki ölkənin parlamentlərində ratifikasiyası gözlənilir. Bu proses hər iki tərəfdə siyasi və ictimai dəstək tələb edəcəkdir".

Sevinc İbrahimzadə / Metbuat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
64
50
metbuat.az

10Mənbələr