AZ

Sülh sazişi mətninin şifrələri: Bakı İrəvana nələri qəbul etdirdi?

Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Sazişin mətni yayımlandı. 17 maddədən ibarət mətnin detalları diqqətçəkəndir.

I maddədə qeyd olunur: “Tərəflər, keçmiş SSRİ-nin Sovet Sosialist Respublikaları arasında sərhədlərin müvafiq müstəqil dövlətlərin beynəlxalq sərhədlərinə çevrildiyini və beynəlxalq birlik tərəfindən bu şəkildə tanındığını təsdiq edərək, bir-birinin suverenliyini, ərazi bütövlüyünü, beynəlxalq sərhədlərinin toxunulmazlığını və siyasi müstəqilliyini tanıyır və hörmət edirlər”.

Bu, Ermənistanın sərhədlər məsələsində əvvəldən irəli sürdüyü istəyinə uyğun görünür. Lakin Sazişin VI maddəsi dövlət sərhədinin delimitasiyasının aparılmasını şərtləndirir: Azərbaycan və Ermənistan SSRİ sərhədlərinə uyğun ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanısa da, sərhəd xətti delimitasiyası prosesində müəyyənləşəcək; bu, anklavların qaytarılması, eləcə də sərhədboyu istiqamətdə bir sıra ərazilərə nəzarətin bərpa edilməsi imkanı yaradır;

II maddədə tərəflər bir-birinə qarşı indi və gələcəkdə ərazi iddialarının olmadığı təsdiqləyir, həmçinin, bu cür hərəkətlərin planlaşdırılmasına, hazırlanmasına, həvəsləndirilməsinə, dəstəklənməsinə yol verməyəcəyi öhdəliyini götürür. VIII maddədə də “separatizm və terrorizmə qarşı” mübarizənin aparılması qeyd olunur.

- Bu saziş təkcə Qarabağ iddiasını rəsmən dəfn etmir, həm də erməni revanşistlərin fəaliyyətini qadağan edir: bu o deməkdir ki, Bakı və İrəvan yekun sülh sazişini imzaladıqdan sonra Ermənistan “Qarabağ revanşistləri”nin mövcudluğuna imkan verməməlidir, hətta belə fəaliyyət göstərənlərin Azərbaycana təhvil veriləcəyi də istisna edilməməlidir;
- Ermənistan bu sazişdən Qərbi Azərbaycan məsələsinə qarşı istifadə etməyə çalışacaq, hərçənd, deportasiyaya məruz qalmış azərbaycanlılar beynəlxalq hüquqda qaçqın statusuna malikdir və onların tarixi torpaqlarına qayıdışı ərazi iddiası yox, humanitar problemin həlli kimi nəzərdən keçirilir;

III maddə tərəflərin BMT nizamnaməsinə zidd şəkildə güc tətbiqindən çəkinməsini özündə əks etdirir. IV maddədə isə tərəflərin bir-birinin daxili işlərinə qarışmaması qeyd olunur.

V maddədə Azərbaycan və Ermənistanın sülh sazişinin imzalanmasından sonra diplomatik münasibətlər quracağı vurğulanır: proses proqnozlaşdırılan kimi davam edəcəksə, gələcəkdə Bakıda Ermənistan, İrəvanda Azərbaycan diplomatik missiyası fəaliyyət göstərəcək;

Ən önəmli məqamlardan biri VII maddədə əks olunanlardır. Burada tərəflər iki ölkə sərhədində üçüncü tərəfin qüvvələrinin yerləşdirilməməsi öhdəliyini götürür. Bu, Avropa İttifaqının müşahidə missiyasının Azərbaycanla sərhəddən çıxarılmasını şərtləndirir. Rəsmi İrəvan əvvəldən “üçüncü tərəflərə məxsus qüvvələrin” sərhədin delimitasiya olunmuş hissəsindən çıxarılmasını təklif edir, bununla həm Aİ missiyasını saxlamağı, həm də delimitasiya prosesini öz maraqlarına uyğun sürətləndirməyi istəyirdi. Lakin sazişdə qeyd olunur ki, “Tərəflər qarşılıqlı sərhədə hər hansı üçüncü tərəfin qüvvələrini yerləşdirməyəcəklər. Tərəflər, qarşılıqlı sərhədin delimitasiyası və sonrakı demarkasiyasının başa çatmasına qədər, sərhəd bölgələrində təhlükəsizlik və sabitliyin təmin olunması məqsədilə, hərbi sahə də daxil olmaqla, qarşılıqlı razılaşdırılmış təhlükəsizlik və etimad-quruculuğu tədbirləri həyata keçirəcəklər”. Bu o deməkdir ki, İrəvanın istəyi qəbul olunmayıb və üçüncü tərəflərə məxsus qüvvələrin çıxarılması delimitasiya prosesinin başa çatmasından öncə həyata keçirilməlidir.

IX maddədə Birinci Qarabağ müharibəsində itkin və əsir düşmüş 4 min azərbaycanlının taleyinə aydınlıq gətirilməsi razılaşdırılır. Lakin məsələ bununla yekunlaşmayacaq: bu şəxslərə qarşı törədilən əməllərə görə ədalətin təmin edilməsi üçün zəruri istintaq tədbirləri görüləcək; bu, Ermənistanın işğal müharibəsi zamanı azərbaycanlılara qarşı soyqırımı törətmiş şəxslərin cəzalandırılması perspektivlərini gücləndirir;

X maddədə Azərbaycan və Ermənistan arasında müxtəlif sahələrdə ayrıca razılaşmaların bağlanması, XI maddədə isə bu sazişin tərəflərin üçüncü ölkələrlə münasibətlərinə məhdudiyyət qoymadığı əks olunur.

XII maddə də xüsusilə əhəmiyyətlidir. Burada qeyd olunur ki, “tərəflər ikitərəfli münasibətlərində beynəlxalq hüququ və bu Sazişi rəhbər tutacaqlar. Tərəflərdən heç biri özünün daxili qanunvericiliyinin müddəalarına bu Sazişi icra etməməyə haqq qazandırmaq üçün istinad etməyəcəklər”.

Ermənistanın Azərbaycana münasibətində mövcud konstitusiyası və digər normativ-hüquqi aktları əsas olmayacaq. Lakin rəsmi Bakı üçün sazişin bu maddəsi tam zəmanət deyil: yekun sazişin imzalanması və bölgədə davamlı sülhün əldə edilməsi üçün sonuncu məsələ - Azərbaycana qarşı ərazi iddialarının əks olunduğu Ermənistan konstitusiyası dəyişdirilməlidir.

XIII, XIV, XVI və XVII maddələr sazişin icrası ilə bağlı texniki məsələləri əhatə edir. Önəmli məqam Azərbaycan və Ermənistanın sazişin icrasını ikitərəfli formatda həyata keçirəcəyidir.

XV maddədə isə tərəflərin bir-birinə qarşı məhkəmə iddiaları və şikayətlərinə xitam verməsi qeyd olunur.

Saziş mətninin Azərbaycanın maraqlarına cavab verdiyini deyə bilərik.

Asif Nərimanlı

Seçilən
95
50
publika.az

10Mənbələr