AZ

Azərbaycanlı deputatdan Vilayətiyə CAVAB: "İran istəsə də, istəməsə də, Zəngəzur dəhlizi AÇILACAQ"

İranın ali rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti bəyan edib ki, Tehran Zəngəzur dəhlizinin açılmasına qarşı çıxacaq və buna ya Rusiya ilə birlikdə, ya da təkbaşına mane olacaq.
 
Bir çox dövlətlərin sülhə gedən yolda Zəngəzur dəhlizi ilə bağlı irəliləyişi xoş qarşıladığı bir vaxtda sözügedən bəyanat heç də yaxşı qonşuluq niyyətindən xəbər vermir.
 
Görəsən, İranın ali rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri niyə belə bir bəyanat yayıb?
 
Moderator.az bildirir ki, Milli Məclisin deputatı Ceyhun Məmmədov mövzu ilə bağlı Oxu.az-a danışıb.
 
O, əvvəlcə Vaşinqtonda Azərbaycan Prezidenti, Amerika Birləşmiş Ştatlarının prezidenti və Ermənistanın baş naziri tərəfindən imzalanan Birgə Bəyannamənin və sülh sazişinin paraflanmasının önəmindən danışıb:
 
"Tramp administrasiyası Azərbaycanla əməkdaşlığı davam etdirir. ABŞ bölgəmizə sülhün gəlməsi üçün təşəbbüslər göstərir. İmzalanan sənəd həm Zəngəzur dəhlizinin açılması, həm də bölgəyə sülhün gəlməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu görüş həm Azərbaycan ilə ABŞ arasında münasibətlərin inkişafına, möhkəmlənməsinə, həm də Azərbaycan-Ermənistan münaqişəsinin həllinə mühüm töhfə verəcək. Bu, əlaqələrimizdə yeni bir səhifənin açılmasına imkan yaradacaq".
 
C.Məmmədov qeyd edib ki, bəzi İran rəsmilərinin, xüsusilə adıçəkilən şəxsin bu cür bəyanatlar verməsi ilk deyil:
 
"Təcrübə göstərir ki, bu cür açıqlamalar ikitərəfli münasibətlərə mənfi təsir göstərir. Bir müddət əvvəl Azərbaycan-İran münasibətləri gərgin idi, amma gərginlik arxada qalıb. Lakin görünür ki, İranda bəzi qüvvələr bu münasibətlərin normallaşmasını istəmir və proseslərə mane olmağa çalışırlar. Hadisələrin təhlili də bunu deməyə əsas verir. Azərbaycan dəfələrlə bəyan edib ki, bu dəhliz açılmalıdır. İrandakı danışıqlarda da bu məsələ müzakirə olunub. Təəssüf ki, İran sonradan öz mövqeyini dəyişərək Qafqazda problem yaratmağa çalışdı. Nəticədə prosesin uzanmasına səbəb oldu".
 
Deputat əlavə edib ki, bu dəhliz Azərbaycan ilə Ermənistan arasında olan bir məsələdir, İran üçün heç bir təhlükəsi və zərəri yoxdur:
 
"İran istəsə də, istəməsə də. bu dəhliz açılacaq, buna heç kim mane ola bilməz. Həmçinin burada ABŞ-nin təminatı var. Ona görə də bu cür təxribatlara son qoymaq lazımdır.
 
Azərbaycan dəfələrlə bildirib ki, Zəngəzur dəhlizinin açılması İran üçün heç bir problem yaratmır. İran bunu anlamalı və təxribatlara, eləcə də əsassız beynəlxalq bəyanatlara son qoymalıdır".
Seçilən
80
39
moderator.az

10Mənbələr