AZ

Ağ Evdə Bakı vaxtı - ANALİTİK

Vaşinqtonda Ermənistanla Azərbaycan arasında tarixi sülh danışıqları

Ermənistan və Azərbaycan liderləri sülh üçün Vaşinqtondadırlar. Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə onsuz da hazır olan sülh müqaviləsinin imzalanma prosesini yaxınlaşdırmaq məqsədi ilə okeanın o tayına səfər ediblər. Buna qədər Azərbaycan Prezidentinin birbaşa rəhbərliyi altında iki ölkə arasında sülhün bərqərar olması üçün kifayət qədər geniş və fundamental işlər görülüb. ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin 25 ildə edə bilmədiklərini edən Azərbaycan beynəlxalq sənədlərə istinad edərək öz torpaqlarını işğaldan azad etməklə yanaşı, həm də müharibədə ədalətli davrandı, sülh naminə fürsətçil olmadı, imkan varkən işğalçı ölkənin torpaqlarına toxunmadı. Zəifləmiş Ermənistana imkan verdi ki, ağır məğlubiyyətdən sonra danışıqlar masasına qədər gələ bilsin. Hadisələrin indiki mənzərəsi də onu göstərir ki, qələbəni təkcə hərb meydanında yox, həm də masada – danışıqlarda qazanmaq olar.

Ermənistanla Azərbaycan arasında sülh sazişi region üçün əlamətdar hadisəyə çevrilə bilər ki, bu da Cənubi Qafqazda qüvvələr balansını dəyişəcək. Avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Ağ Evdə rəsmən çərçivə sülh sazişi imzalayacaqlar. Reuters agentliyinin yazdığı kimi, bu saziş iki ölkə arasında uzun müddətdir davam edən münaqişənin həlli yolunu təmin etmək və regionda sabitliyi təşviq etmək məqsədi daşıyır. Sənədin mərkəzi elementlərindən biri Ermənistan ərazisindən keçməklə Naxçıvan eksklavını Azərbaycanın qalan ərazisi ilə birləşdirəcək dəhlizin yaradılması olacaq. Bu marşrutun inkişafı və nəzarətinin müstəsna olaraq ABŞ-ın yurisdiksiyasında olacağı gözlənilir. Yola "Beynəlxalq Sülh və Rifah üçün “Tramp Route”" (TRIPP) simvolik adı veriləcək.

Marşrut Ermənistan qanunvericiliyi çərçivəsində fəaliyyət göstərəcək, ABŞ isə layihənin həyata keçirilməsi hüquqlarını lazımi infrastrukturu quracaq və onu idarə edəcək beynəlxalq konsorsiuma subicarəyə verəcək. Sülh sazişinin imzalanması çərçivəsində Ermənistan və Azərbaycan liderləri “Qarabağ münaqişəsinin həllində vasitəçilik etmək üçün 1999-cu ildə yaradılmış ATƏT-in Minsk qrupu”nun buraxılması ilə bağlı rəsmi müraciət də etməyi planlaşdırırlar. Bu qrupa Fransa, Rusiya və ABŞ başçılıq edirdi.

Amerikalı nümayəndələr belə bir fikir bildirirlər ki, sazişin Vaşinqtonda bağlanması Azərbaycanın Donald Tramp administrasiyası tərəfindən irəli sürülən İsraillə bir sıra müsəlman ölkələri arasında münasibətlərin normallaşdırılmasına yönəlmiş təşəbbüs olan “İbrahim sazişləri”nə qoşulmasına yol aça bilər.

Xatırladaq ki, Rusiya təbliğatçıları prezident İlham Əliyevin Ukraynaya dəstək bəyanatından sonra açıq şəkildə Azərbaycanı müharibə ilə hədələməyə başlayıblar. Azərbaycan lideri çıxışında ukraynalıları “heç vaxt təslim olmamağa”, “işğalla razılaşmamağa”, “ərazi bütövlüyünün pozulmasına dözməməyə” çağırıb.

Tramp sülh sazişinin imzalanacağına çox inanır

Ağ Evin rəhbəri çoxdan gözlənilən sülhə nail olmaq məqsədi ilə Azərbaycan Prezidenti və Ermənistanın baş naziri ilə görüşəcək. ABŞ prezidenti Donald Tramp bu barədə “Truth” sosial şəbəkəsində məlumat verib. Onun sözlərinə görə, o, hər iki ölkə liderlərinin “çərçivə sülh sazişi”nə həsr olunmuş mərasimi səbirsizliklə gözləyir. O qeyd edib ki, Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla çoxdan gözlənilən sülhə nail olmaq məqsədi daşıyan tarixi görüşdə iştirak edəcək. Amerika prezidenti onu da vurğulayıb ki, bu ölkələr arasında münaqişə uzun illərdir davam edib, minlərlə insanın həyatına son qoyub. İndiyə qədər müharibəni bitirmək üçün bir çox beynəlxalq cəhdlər uğursuz olub.

Tramp xatırladıb ki, onun administrasiyası hər iki tərəflə uzun müddət danışıqlar aparıb. Ağ Evdə keçiriləcək rəsmi mərasimdə Azərbaycan və Ermənistan başçıları müharibəyə son qoymalı olan saziş imzalayacaqlar. Bundan əlavə, ABŞ hər iki ölkə ilə iqtisadi əməkdaşlığın genişləndirilməsinə yönəlmiş ikitərəfli sazişlər bağlayacaq. ABŞ prezidenti əmin olduğunu bildirib ki, bu addımlar Cənubi Qafqaz regionunun tam potensialına töhfə verir. "Bu, Ermənistan, Azərbaycan, ABŞ və dünya üçün tarixi gün olacaq", - Tramp vurğulayıb.

Rubio nəyə ümid edir?

ABŞ dövlət katibi Marko Rubio Azərbaycan və Ermənistan arasında sazişin imzalanmasına və sülh sazişinin başlanmasına ümid edir. "Daha geniş sülh mövzusunda prezident sülhə sadiqdir və sülhün prezidenti olmağa çalışır. Azərbaycan və Ermənistan, ümid edirik ki, bu baş verəcək", - Rubio The Eternal Word Television Network (EWTN) jurnalistinə müsahibəsində bildirib. "Biz bunu bu gün burada qeyd edirik, lakin bu cümə günü müqaviləni imzalamaq və sülh sazişinə başlamaq üçün burada olacağıq", deyə Rubio vurğulayıb.

Axios: Ermənistan razılaşıb

Ermənistan uzun sürən danışıqlardan sonra Azərbaycanla ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə Ağ Evdə imzalanacaq sülh sazişi çərçivəsində öz ərazisindən keçən avtomobil yolunu açıb ABŞ-a verməyə razılaşıb. Bu barədə “Axios” Ağ Evdəki mənbələrə istinadən xəbər verir. Gələcək marşrutun uzunluğu 43,5 km-dir.

“Beynəlxalq Sülh və Rifah üçün “Tramp marşrutu”” (TRIPP) adlanacaq layihə Azərbaycanın əsas hissəsini Türkiyə ilə sərhəddəki kiçik eksklavı ilə birləşdirəcək. ABŞ dəhlizi inkişaf etdirəcək. Marşrut insanların və yüklərin İran və Rusiyadan yan keçməklə Türkiyə ilə Azərbaycan arasında, eləcə də daha da Orta Asiyaya daşınmasına imkan verəcək. Tehran artıq layihəyə kəskin etirazını bəyan edib, Moskva da onu tənqid edib. Türkiyə isə əksinə, fəal şəkildə dəstəkləyib. Razılaşma İrəvanın dəhliz ideyasına qarşı əvvəlki müqavimətindən əl çəkdikdən sonra mümkün olub. Axios-un fikrincə, Vaşinqton baş nazir Nikol Paşinyanı inandırıb ki, bu, Ermənistanı yeni ticarət imkanlarına açacaq və gələcəkdə Bakıdan gələcək təhdidlər zamanı ABŞ-ın dəstəyini təmin edəcək.

CBS News və The Guardian-ın məlumatına görə, saziş Ermənistan və Azərbaycan liderləri arasında imzalanmış ilk saziş olacaq və ABŞ dəhlizin tikintisini büdcədən maliyyələşdirmədən onun inkişafı hüququnu alacaq - işləri özəl korporasiyalar həyata keçirəcək. Marşrut nəhayət, dəmir yolu, neft və qaz kəmərləri və kommunikasiya xətlərini əhatə etməlidir ki, bu da İrəvana Qərbə çıxış imkanı verəcək və 1990-cı illərin əvvəllərindən bağlanmış nəqliyyat marşrutlarını açacaq. CBS News-un məlumatına görə, sövdələşmə Azərbaycanın gələcəkdə İbrahim razılaşmalarına mümkün qoşulması üçün ilkin şərt hesab olunur. Görüş avqustun 8-i, Bakı vaxtı ilə saat 22:30-a təyin edilib. İmzalanma mərasimində Paşinyan, Azərbaycan Prezidenti İlham Əliyev və Donald Tramp iştirak edəcək və onlar qarşıdakı görüşü “tarixi sülh sammiti” adlandıracaqlar.

“Ermənistan hakimiyyəti sadəcə gözləyir”

“Ermənistanda gözlənilən hadisələr müxtəlif tərəflərdən informasiya sızması, müsahibələr və şərhlər vasitəsilə müzakirə olunur, lakin hakimiyyət ölümcül sükutunu davam etdirir”, Ermənistan Milli Assambleyasının “Mənim şərəfim var” fraksiyasının katibi Tiqran Abramyan yazır. “Bu, yəqin ki, “kiminsə gözlərini bağlayaraq ABŞ-a aparıblar, zirzəmiyə salıblar, başına silah keçiriblər və sənədləri imzalamağa məcbur ediblər” iddiaları ilə yayılacaq növbəti hesabatlara hazırlıqdır. Yeganə fərq ondadır ki, 2020-ci ildə üçüncü tərəf Moskva idi, indi isə Vaşinqtondur. Geosiyasi mərkəzlər öz məsələlərini həll edir, regionda rolların yeni bölgüsü baş verir və Ermənistan hakimiyyəti sadəcə onların başına nə gələcəyini gözləyir”, - Abrahamyan qeyd edib.

Zatulin: “Müqavilə Ermənistan üçün zərərli olacaq”

“Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyev arasında ABŞ-da keçiriləcək görüş üçün nəzərdə tutulan razılaşmalar İrəvanın maraqlarına cavab vermir”. Bunu rusiyalı məşhur deputat, daha çox anti-Azərbaycan meylləri ilə tanınan Konstantin Zatulin Bakı ilə İrəvan arasında hazırlanan sülh müqaviləsinin şərtlərini şərh edərkən deyib.

Qeyd edək ki, bundan əvvəl KİV-lər Bakı ilə İrəvan arasında sülh müqaviləsi çərçivəsində ABŞ-ın Azərbaycanın əsas hissəsini Naxçıvandakı anklavı ilə birləşdirən 40 kilometrlik nəqliyyat dəhlizi olan Zəngəzur dəhlizinə nəzarətin özəl şirkətə verilməsini təklif etdiyi barədə məlumat yayıb. “Əlbəttə, söhbət şəxsən Paşinyandan getməsə, bu, heç bir halda Ermənistan üçün faydalı ola bilməz, çünki o, milli maraqlar baxımından düşünmür”, - deputat bildirib. "O, milli maraqlardan imtina edərək Ermənistanı və özünü Qərb dünyasına inteqrasiya etməyə çalışır. Bu, şübhəsiz ki, Azərbaycan və Türkiyənin maraqlarına uyğundur".

Deputat özünəməxsus ritorika və yalan proqnozlarını işə salaraq sülh sazişinin sanki müharibə elanı kimi təqdim etməyə çalışıb: “Sülhün həllində vasitəçiliyin qiyməti Zəngəzur dəhlizinin ABŞ-a verilməsidirsə, bu, İran üçün də təhlükəyə çevriləcək. “Bu, şübhəsiz ki, ABŞ-ın və müəyyən mənada İsrailin də marağındadır, çünki Zəngəzur dəhlizi və Azərbaycan və Türkiyənin birləşməsi təbii ki, təkcə bizi deyil, İranı da təhdid edir”.

"Hər şey Ermənistanın maraqları deyil”

“Dolğun informasiya olmadığı halda erməni məkanı Azərbaycan tezisləri və gündəmi ilə doludur. Ermənistan hakimiyyəti bu gün Vaşinqtonda Azərbaycanla imzalanmış sənədin təfərrüatlarını diqqətlə gizlədir və bununla da cəmiyyətdə informasiya xaosuna yol açır”. Bunu keçmiş ombudsman Arman Tatoyan sosial şəbəkələrdə yazır. O, hesab edir ki, bunun əvəzinə hökumətyönlü təbliğat hamını narahat edən məsələləri dilə gətirməyə çalışanların hamısını “antiamerikan” və ya “rusofil” kimi qələmə verir. Eyni zamanda, hakimiyyət həyati vacib məsələlərdə öz mövqeyini daim dəyişir, “qırmızı xətlər” cizgiləri çəkir, lakin sonradan bu xətlərdən imtina edir. Tatoyan qeyd edir ki, belə qeyri-müəyyənlik şəraitində informasiya sahəsi Azərbaycan tezisləri ilə doludur. Azərbaycanın niyyət və planlarının məqsədyönlü təbliğatı aparılır. "Məlum olur ki, danışıqlar yalnız Azərbaycanın tələblərini təmin etmək üçün aparılır; Bakının əvvəllər qaldırdığı bir çox məsələləri gündəmin bir hissəsinə çevrilib. Ermənistan hakimiyyəti dövlət və təhlükəsizlik üçün həyati əhəmiyyət kəsb edən məsələlərlə bağlı əvvəlcədən ətraflı hesabat verməyə borcludur", - keçmiş ombudsman qeyd edib.

Ermənistan-Azərbaycan sazişi və Rusiya…

“İndi Ermənistan və Azərbaycan sülh sazişi imzalamaq və əməkdaşlıq etmək ərəfəsindədirlər ki, bu dəhliz vasitəsilə Mərkəzi Asiyadan kritik neft, təbii qaz və həyati vacib minerallar tədarükünü Rusiyadan yan keçməklə Avropaya və Qərbə çatdırsınlar. Beləliklə, bu kritik bir məqamdır”. Bunu ABŞ senatoru Stiv Deyns deyib. “May ayında orada oldum, Azərbaycan Prezidenti Əliyevlə görüşdüm, sonra Ermənistana getdim və baş nazir Paşinyanla görüşdüm. Onlar bu sülh müqaviləsini bağlamaq ərəfəsindədirlər. Həm Vaşinqtona gələcəklər, həm də prezident Trampla bu müqaviləni bağlayacaqlar. Təkcə ABŞ-a deyil, Qərbə də mühüm dividendlər gətirəcək “İbrahim razılaşmaları” da var və təbii ki, ruslar və iranlılar bundan məmnun deyil”, o qeyd edib.

Və sonda…

ABŞ Prezidenti Donald Trampın avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla keçirəcəyi görüşdə müzakirə olunacaq mövzular bəlli olub. Qeyd olunub ki, aşağıdakı əsas sənədlərin imzalanması nəzərdə tutulur:

1. Sülh prosesinə dair yol xəritəsini müəyyən edən birgə bəyanat.
2. Azərbaycan və Ermənistanın xarici işlər nazirləri tərəfindən əvvəlcədən razılaşdırılmış sülh sazişinin paraflanması.
3. Hər iki ölkənin ATƏT-in Minsk Qrupundan rəsmi çıxışını təsdiqləyən birgə məktub.
4. Həm ABŞ–Azərbaycan, həm də ABŞ–Ermənistan arasında münasibətlərin inkişafını nəzərdə tutan Anlaşma Memorandumları.

V.VƏLİYEV

Seçilən
14
50
sia.az

10Mənbələr