AZ

Ağ Evdə dilə gətirilən həqiqət: Biz nələr qazandıq?

BAKI, 9 avqust. TELEQRAF

“Dərin insan iztirablarına səbəb olmuş münaqişədən sonra nəhayət ki, beynəlxalq sərhədlərin toxunulmazlığı və ərazi əldə olunması üçün güc tətbiq etmənin yolverilməzliyi əsasında dövlətlərimizin qonşuluq münasibətlərinin qurulmasına başlaması üçün şərtlər yaradılmışdır… Yenidən təftiş mövzusu olmayan və heç bir zaman olmayacaq bu reallıq dövlətlərimiz arasında düşmənçilik səhifəsinin bağlanmasına yol açır. Biz indi və gələcəkdə hər hansı bir qisas cəhdini qətiyyətlə rədd edir və istisna edirik”.

Vaşinqtonda imzalanan Birgə Bəyannamədə belə vurğulanır və azərbaycanlıların 30 illik ağrılarını, acılarını, yaralarını, bir neçə kəlmədə ifadə edir: dərin insan iztirabları…

Bu, nə deməkdir, izahını, mənasını, yükünü yalnız özümüz bilirik. Çünki bu iztirablar – bizim ömrümüzün 30 illik parçasıdır. İşğaldır… Müharibədir… Ölümdür… Didərginlikdir… Dağıdılmış evlər, yandırılmış yurdlar, susuz qalan çaylar, yarımçıq qalan arzular, puç olmuş talelər, baxışlarda donub qalmış yaşdır - göz yaşlarıdır...

Prezidentin Ağ Evdə dediyi həqiqət

Prezident İlham Əliyev Donald Trampa elə orada, dünyanın bir nömrəli siyasət mərkəzində dedi: “Siz möcüzəyə imza atdınız…”

İlham Əliyev bilir ki, o imzalar, o sənədlər təkcə diplomatiya deyil, Azərbaycan xalqının onillərlə davam edən milli hədəflərinin, haqq savaşının siyasi təntənəsidir. 8 avqust 2025 - dünən gecə həqiqətən möcüzə baş verdi, möcüzə gerçəkləşdi. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz hərbi qələbə diplomatiya masasında möhürləndi, beynəlxalq sənədə çevrildi, gələcək siyasi xəritəni bizim xeyrimizə yenidən çəkdi.

Bu dəfə masadan qalxan uduşlu tərəf yalnız biz deyildik. Masadan qalxan bütün region idi - amma hər detalı, hər parametri, hər zərrəsi ilə imzalanan sənədlər Azərbaycanın diktəsi idi.

İmzalanan sənədlər - Qələbənin yazılı sübutu

1. Sülh sazişi paraflandı - münaqişə tarix oldu

Artıq Ermənistan-Azərbaycan münaqişəsi hüquqi-siyasi baxımdan tam bağlanır.

- Silahlar susur, hərbi əməliyyat aparmamaq öhdəliyi götürülür;

- Bütün mübahisələr yalnız diplomatik masada həll ediləcək;

- Dövlətlərin ərazi bütövlüyü prinsipi rəsmən təsdiqlənir.

2. Minsk Qrupu ləğv olunur - separatizmin “son qalası” dağıldı

Azərbaycan və Ermənistanın birgə müraciəti ilə illərlə status-kvonu qoruyan Minsk Qrupu rəsmən ləğv edildi. Bununla revanşistlərin son ümidi də öldü...

3. Naxçıvana birbaşa yol - tarixi hədəf gerçəkləşdi

Ermənistan ərazisindən keçən dəmir və avtomobil yolları ilə Naxçıvana birbaşa bağlantı açılır. Bu, Orta Dəhlizin mühüm hissəsidir və Azərbaycanın Türkiyə və Avropa ilə quru əlaqəsini möhkəmləndirir.

4. TRIPP - Zəngəzur dəhlizi beynəlxalq səhnədə

“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” adlanan layihə mahiyyət etibarilə Zəngəzur dəhlizidir. Bu dəhliz maneəsiz gediş-gəliş prinsipi ilə regionun iqtisadi xəritəsini dəyişəcək.

5. Qisas aktlarının rəddi - sabitliyin təminatı

Tərəflər indi və gələcəkdə hər hansı qisas cəhdini istisna edirlər. Bu maddə psixoloji divarları sökür, sabitlik üçün zəmanət yaradır.

6. Sərhədlərin qarşılıqlı tanınması - hüquqi sabitlik

Ermənistan Azərbaycanın, Azərbaycan isə Ermənistanın beynəlxalq hüquqla tanınmış sərhədlərini tanıyır. 30 ildən sonra ilk dəfə regionda rəsmi hüquqi sabitlik formalaşır.

7. Azərbaycan-ABŞ strateji tərəfdaşlığı - gələcəyin layihələri

Enerjidən süni intellektə, müdafiə sənayesindən nəqliyyata qədər geniş əməkdaşlıq sənədi imzalanıb. Bu, Azərbaycanın texnoloji və təhlükəsizlik baxımından yeni mərhələyə keçdiyini göstərir.

Tarix yaradan Lider

Bu nəticə İlham Əliyevin illərlə apardığı ardıcıl, prinsipial siyasətin bəhrəsidir. Bu qədər çətin coğrafiyada, bu qədər düşmənlərin və düşmənçiliklərin, maneələrin və xəbisliklərin tən ortasında daşları ustalıqla yerinə oturtmaq, tərəfləri inandırmaq və razı salmaq, ABŞ kimi superdövləti müttəfiqə çevirmək, düşmənə sülhün "olmazsa-olmaz"lığını diktə etmək, uğuru ilmə-ilmə hörmək... bir master-klasdır, siyasi düha bəhrəsidir, 200 illik fasilədən sonra Azərbaycan xalqına ilk dəfə şərəfli və ləyaqətli zəfəri bəxş etməkdir.

İlham Əliyev 44 günlük müharibədə qazandığı qələbəni Qarabağın bərpası, yenidən inşası, Şuşa və Xankəndidə beynəlxalq tədbirlər, diplomatiya masasında sarsılmaz, qətiyyətli mövqeyi ilə davam etdirəndə dünən gecə bizim efirlərdən izlədiyimiz o səhnələri görürmüş...

O, yalnız Qələbəni elan etməklə kifayətlənmədi, bu qalibiyyəti sabit sülhə çevirdi. Bəzən qələbə döyüş meydanında qazanılır, amma sülh masasında itirilir. İlham Əliyev isə döyüşdə də, masada da qalib olmağı bacardı!

Möcüzənin adı - Sülh

Vaşinqtonda, Ağ Evdə imzalanmış sənədlər Azərbaycan tarixində yeni bir səhifə açır. İndi iqtisadi inkişaf, beynəlxalq layihələr və sabitlik üçün real imkanlar var.

Tarix yazan, Tarix yaradan Ali Baş Komandana, Böyük Dövlət Adamına, Qəhrəmanımıza eşq olsun! Bu qələbə yalnız torpaqlarımızın azadlığı deyil - gələcəyin, təhlükəsizliyin, rifahın təminatıdır. Nobel Sülh Mükafatı, bəlkə də, ilk dəfə bir dövlət başçısına - məhz İlham Əliyevə həm müharibənin, həm də sülhün qalibi olduğu üçün verilməlidir. Bu uğurun müəllifi qeyd-şərtsuz odur! İlham Əliyev bu mükafata layiqdir, bu ada haqq edir!

İndi Şəhidlərimizin ruhu şaddır!

Əminəm, Tanrı da sevinir...

Hamıya, hər yana xəbər salın:

Müharibə bitdi! İztirab bitdi! Dərd bitdi! Göz yaşı bitdi!

Gedək… - gedək ağrılarımızı dəfn etməyə.

P.S. Bu qeydləri göz yaşı içində yazdım. 30 illik iztirab canımızdan Qələbənin və Sülhün gətirdiyi xüsusi hüzur içində göz yaşı ilə çıxır.

Bizim nəslin 37, bu xalqın 107 ildir gözlədiyini Prezidentimiz Ağ Evdə gerçəkləşdirdi!

Seçilən
51
2
teleqraf.com

10Mənbələr