AZ

Azərbaycanda avtovağzallar vətəndaşlara normal xidmət etməyə imkan verirmi?

Azərbaycanda nəqliyyat sektorunun, o cümlədən sərnişindaşıma infrastrukturunun inkişafında avtovağzal və avtostansiyalar mühüm rol oynayır.

Bu obyektlər vasitəsilə hər gün minlərlə sərnişin ölkənin müxtəlif şəhər və rayonlarına səfər edir.

Son illər həm regionlarda, həm də işğaldan azad edilmiş ərazilərdə yeni avtovağzalların inşası, mövcud infrastrukturun modernləşdirilməsi, rəqəmsal xidmətlərin – o cümlədən onlayn bilet satışının – genişləndirilməsi bu sahədə əsas prioritetlərdən biri kimi müəyyənləşdirilib.

Bununla belə, bəzi bölgələrdə avtovağzal və yaxud avtostansiya mövcud deyil. Bu isə sərnişindaşımanın təşkil edilməsi baxımından müəyyən çətinliklər yaradır, marşrutların koordinasiyasına, sərnişinlər üçün gözləmə və xidmət şəraitinin təmin edilməsinə, bilet satışının mərkəzləşdirilməsinə və ümumi təhlükəsizlik tədbirlərinə təsir göstərir. Ümumiyyətlə, Azərbaycanda avtovağzallar vətəndaşlara normal xidmət etməyə imkan verirmi? "Report" bu mövzu ilə bağlı araşdırma aparıb.

Paytaxtdakı avtovağzallar tələbatı ödəmir

Nəqliyyat üzrə ekspert Fərhad Eyyubov deyir ki, avtovağzallar xüsusi standartlar əsasında yaradılır, onlar olmadıqda, şəhərlərarası və rayonlararası daşımalar bir qədər çətinləşir: "Nəqliyyat xidmətlərinin avtovağzallar vasitəsilə həyata keçirilməsi, sərnişinlər üçün şəraitin yaradılması mühüm əhəmiyyət kəsb edir və bununla bağlı məsələlər nəzərə alınmalıdır. Azərbaycanda avtovağzalların əksəriyyəti özəlləşdirilib. Bunun üçün həmin obyektlərdə mənfəət əldə etmə, rentabellik nöqteyi-nəzərdən çətinlik olduqda həmin avtovağzallara qoyulan əsaslı maliyyə vəsaiti qoyuluşu, çəkilən xərclər də azalır”.

O qeyd edib ki, hazırda paytaxt Bakıdakı avtovağzallar tələbatı ödəmir: "Hələ ki, şəhərin cənub istiqamətindəki avtovağzal tam fəaliyyət göstərmir, standartlara tam cavab vermir. Bu gün yeni avtovağzalların inşasına, fəaliyyətdə olan avtovağzalların modernləşdirilməsinə ehtiyac duyulur. Belə ki, ölkədə fəaliyyət göstərən elə avtovağzallar var ki, onlar köhnəlib və müasir tələblərə uyğun deyil. Odur ki, Azərbaycandakı avtovağzallar texniki imkan səviyyələri standartlara uyğun olmalıdır. İlk növbədə söhbət təhlükəsizlik baxımından olan standartlardan gedir”.

Avtovağzallar standartlara cavab verməlidir

Nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev  söyləyib ki, ölkə daxili yolların vəziyyəti gün-gündən yaxşılaşır, Azərbaycanın hər bir sərhədinə avtomagistrallar var: “Son 5 ildə Qarabağ və Şərqi Zəngəzurda bu istiqamətdə işlər sürətlə davam edir. Ölkənin şəhərləri arasında bu yolları əlaqələndirən son nöqtəsi məhz avtovağzal və avtostansiyalardır. Azərbaycanda avtovağzalların əksəriyyəti müstəqil fəaliyyət göstərir. Ölkədə, səhv etmirəmsə, təxminən 700 daşıyıcı var. Sərnişindaşımanın keyfiyyətinin artırılması məqsədilə avtobus parkı yenilənməli, avtovağzallar müəyyən edilmiş standartlara cavab verməlidir”.

O əlavə edib ki, bu zaman beynəlxalq təcrübədən istifadə etmək lazımdır: “Məsələn, avtovağzal ərazisində biznes subyektlərinin fəaliyyətini təşviq etmək lazımdır. Bununla avtovağzallar xərclərini qarşılaya biləcəklər. Ümumiyyətlə, avtovağzallarda qoyulan tələblərə əsasən, belə obyektlərdə gözləmə otaqlarının, ana-uşaq otağının, sanitar qovşağın və cədvəlin olması mütləqdir. Bir sözlə, sərnişindaşımaların keyfiyyətinin artırılması məqsədilə avtovağzalların və avtobusların beynəlxalq standartlara cavab verməsi istiqamətində işlər görülməlidir”.

Avtovağzalların artırılması istiqamətində işlər görülür

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) isə “Report”a bildirilib ki, mülki növündən və tabeliyindən asılı olmayaraq, avtovağzallara və avtostansiyalara dair tələblər Nazirlər Kabinetinin 5 fevral 2009-cu il tarixli 22 nömrəli qərarı ilə təsdiqlənən “Avtovağzallar və avtostansiyalar haqqında Əsasnamə” ilə müəyyən edilir: “Hazırda Azərbaycanda 32 avtovağzal və 15 avtostansiya fəaliyyət göstərir. Onların sayının artırılması istiqamətində işlər görülür. Regionlardakı avtovağzal və avtostansiyaların texnoloji iş prosesinə nəzarəti AYNA həyata keçirir.

Avtovağzal və avtostansiyalarda xidmət keyfiyyətinin artırılması istiqamətində müvafiq işlər görülür. Müştəri məmnuniyyətinin təmin edilməsi məqsədilə avtovağzal və avtostansiyalar mərhələli qaydada “biletim.az” portalına inteqrasiya olunur. Bu ilin 6 ayında “biletim.az” portalı vasitəsilə onlayn qaydada 337 321 bilet əldə edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfəyə qədər çoxdur. Bu da onun bariz göstəricisidir ki, sərnişinlərin avtovağzal xidmətlərinə inamı artmaqdadır. “biletim.az” portalında 51 şəhər və rayona, 82 istiqamət üzrə bilet almaq mümkündür. Onlayn bilet satışı sistemi bütün avtovağzalları əhatə edəcək” (Report).

Seçilən
50
50
fed.az

10Mənbələr