Doğma yurduna qayıtmağa hazırlaşan və işğaldan azad edilmiş ərazilərdə yeni salınmış yaşayış məntəqələrində məskunlaşan əhali arasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən aparılan məlumatlandırma, təbliğat-izahat və maarifləndirmə işləri çərçivəsində onlara mina və partlayıcı hərbi sursatlarla bağlı təhlükəsizlik tədbirləri, sosial müdafiə məsələləri ətraflı izah edilir.
Dövlət Komitəsindən Herbiand.az-a bildirilib ki, bununla əlaqədar növbəti tədbir Ağdərə rayonunun Vəngli və Kolatağ kəndlərinə köçürüləcək 52 ailə arasında keçirilib.
Tədbirdə məcburi köçkünlərin sosial müdafiəsi məsələləri və mina təhlükəsi haqqında hazırlanmış videoçarxlar nümayiş etdirilib. Mina təhlükəsi ilə bağlı hazırlanan videoçarx insanları ayıq-sayıq olmağa, xəbərdarlıq nişanlarının tələblərinə əməl etməyə çağırır, sosial müdafiə məsələləri haqqında videoçarx isə vahid aylıq müavinətin qanunvericilikdə nəzərdə tutulan hallarını izah edir. Qeyd edilən videoçarxlar mediada mütəmadi olaraq yayımlanır.
Xatırladaq ki, məcburi köçkünlərlə iş sahəsində dövlət siyasətinin ən mühüm istiqamətlərindən biri onların sosial müdafiəsinin səmərəli təşkilidir. Həmçinin Prezident İlham Əliyevin tapşırığına əsasən, doğma yurda geri dönən keçmiş məcburi köçkünlərin rahatlığının və təhlükəsizliyinin təmin edilməsi prioritet məsələlərdəndir. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Qanunda keçmiş məcburi köçkünlər üçün bir sıra sosial müdafiə tədbirləri nəzərdə tutulur. Bunlardan biri də sosial müdafiəyə ehtiyacı olan məcburi köçkünlərin yararlandığı, dövlət büdcəsinin vəsaiti hesabına ödənilən vahid aylıq müavinətdir.