AZ

Sahibkarın təşəbbüsü dövlətin dəstəyi ilə birləşəndə...

Qusarın aqrar sektorunda bu birlik müsbət nəticələr verir 

Qusar rayonunun  iqtisadi inkişafında kənd təsərrüfatının  mühüm rolu var. Bölgənin məhsuldar  dağ  torpağı, dərdlərə dərman   saf  suyu, təmiz havası bol və keyfiyyətli məhsul  yetişdirməyə imkan verir. 

Amma  bunlar, təbii ki, kifayət etmir. Nəticə əldə etmək üçün Qusar kəndlisinin və fermerinin, aqrar sahə ilə məşğul olan sahibkarların əməyi də əsas şərtdir. Məhz onlar təbiətin Qusara verdiyi imkanlardan səmərəli istifadə edərək bol məhsul yetişdirir, ildən-ilə məhsuldarlığı yüksəltməyə səy göstərirlər. Çalışırlar ki, ölkədə həyata keçirilən ərzaq təhlükəsizliyi proqramından kənarda qalmasınlar, ekoloji baxımdan sağlam qida məhsuları yetişdirsinlər. Bu vacib şərtlərə əməl edən qusarlılar həm yerli bazarın  ərzaq  məhsulları ilə təmin olunmasına,  həm də ümumiyyətlə, ölkənin ərzaq  təhlükəsizliyinə  töhfələrini   davam etdirirlər.

Qusarın iqtisadi potensialı böyükdür. Amma rayonda iqtisadi islahatları daha da sürətləndirmək və genişləndirmək məqsədilə kənd təsərrüfatına xüsusi diqqət ayrılır.  Rayon icra hakimiy-yətinin başçısı Sahir Məmmədxanov mütəmadi olaraq təsərrüfatlara baş çəkir, fermer və sahibkarlarla birbaşa ünsiyyətdə olur, onların qarşılaşdığı çətinlikləri öyrənir və problemlərin həlli yollarını birlikdə müzakirə edirlər.

Növbəti belə görüş ra-yonun iri meyvəçilik təsər-rüfatlarından  olan “Yaşıl bağlar” MMC-də baş tutub. Görüşdə həmçinin bağçılıq sahəsində fəaliyyət göstərən “Galagro” və “Grant Garden” MMC-lərin nümayəndələri  də iştirak ediblər. S.Məmmədxanov “Yaşıl bağlar”ın  anbar kompleksi və digər infrastruktur ob-yektləri ilə tanış olub, təsərrüfatda tətbiq edilən innovativ aqrotexniki üsullar və texnologiyalar barədə məlumatları dinləyib. Kəndli və sahibkarlarla söhbətində  vurğulayıb ki, aqrar sektorun inkişafı rayonun iqtisadi potensialının reallaşdırılmasında mühüm rol oynayır və bu sahədə fəaliyyət göstərənlərə  yenə də  hərtərəfli dəstək göstəriləcək.

Belə görüşlər aqrar sahədə dövlət-sahibkar əməkdaşlığının möhkəmlənməsi baxımından da əhəmiyyətlidir. Təcrübə göstərir ki, sahibkarların təşəbbüsləri dövlətin dəstəyi ilə birləşdikdə gözlənilən nəticəni daha tez almaq olar.

Akif ƏLİYEV,

“Azərbaycan”

Seçilən
84
azerbaijan-news.az

1Mənbələr