AZ

Diaspor Gənclərinin VI Yay Düşərgəsinin iştirakçıları Şuşada olublar

Diaspor Gənclərinin VI Yay Düşərgəsinin iştirakçıları Şuşaya ekskursiya ediblər.

Herbiand.az xəbər verir ki, gənclər İsa bulağını ziyarət etdikdən sonra tarixi və mənəvi əhəmiyyətə malik Cıdır düzünə toplaşıblar. Onlara Şuşanın coğrafi mövqeyi, Cıdır düzünün tarixi və qədim dövrlərdən bəri oynadığı ictimai rol haqqında ətraflı məlumat verilib.

Daha sonra Yuxarı Gövhər Ağa məscidi, Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəlləri olan Şuşa şəhər mərkəzi meydanı, Şuşa qalasının Gəncə Qapısı, Xurşidbanu Natəvanın evi, Xan qızı bulağı ziyarət edilib. Gənclər bu abidələrin hər birinin tarixi, memarlıq xüsusiyyətləri və işğal dövründə məruz qaldıqları dağıntılar barədə məlumatlandırılıb. Şuşa qalası haqqında verilən bilgilər xüsusilə maraq doğurub. Qala divarlarının tikilməsi və qorunması məqsədilə aparılan tədbirlər, tarixi dövrlərdə Şuşanın müdafiəsində oynadığı rol ətraflı izah olunub.

Diaspor gənclərinə və Azərbaycana dost münasibəti bəsləyən xalqların nümayəndələrinə Qarabağla bağlı düzgün məlumatların çatdırılmasında məqsəd onların “yumşaq güc” kimi formalaşmalarına, ölkəmizin təbliğində və dezinformasiyaların qarşısının alınmasında iştirak etmələrinə töhfələr verməkdən ibarətdir.

Qeyd edək ki, avqustun 3-dən 9-dək davam edəcək Diaspor Gənclərinin VI Yay Düşərgəsi Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə keçirilir. Diaspor Gənclərinin VI Yay Düşərgəsində dünyanın 61 ölkəsindən 128 gənc iştirak edir. Bundan əvvəlki düşərgələr Şəki, Şamaxı, Şuşa, Naxçıvan və Laçın şəhərlərində təşkil edilib. Düşərgələrə hər il 60-dan çox ölkədən ümumilikdə 700-dən çox gənc qatılıb.

Seçilən
46
11
herbiand.az

10Mənbələr