Vüqar Bayramov: Azərbaycanın mavi qazının Suriyaya nəqli ölkənin qaz ixrac coğrafiyasının daha da genişlənməsinə şərait yarada bilər
Avqustun 2-də Türkiyənin Kilis şəhərində bölgənin enerji və diplomatiya tarixində yeni səhifə açan bir mərasim baş tutdu. Azərbaycanın təbii qazının ilk dəfə olaraq Türkiyə ərazisindən keçməklə Suriyaya nəqlinə start verildi. Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar mərasimdə qeyd edib ki, bu, yalnız bir boru kəmərinin açılışı deyil, eyni zamanda Türkiyə, Azərbaycan və Suriya arasında əməkdaşlığın enerji vasitəsilə gerçəkləşən nadir bir nümunəsidir. Məlumata görə, SOCAR-la razılaşdırılmış “swap” mexanizmi sayəsində Azərbaycan qazı Türkiyənin Kilis vilayətindəki “Yavuzlu Ölçmə” Stansiyasından Suriyanın Hələb və Homs şəhərlərinə ötürüləcək.
Millət vəkili Vüqar Bayramov “Sherg.az”a söyləyib ki, Azərbaycanın mavi qazının Suriyaya nəqli ölkənin qaz ixrac coğrafiyasının daha da genişlənməsinə şərait yarada bilər:

“Yaxın Şərqdə postmüharibə dövründə qaz infrastrukturunun bərpası fonunda Azərbaycan qazının bu regiona çatdırılması strateji əhəmiyyət kəsb edir. Bu kontekstdə bərpa olunan kəmərlər vasitəsilə Azərbaycanın mavi qazının növbəti mərhələdə İordaniya və Misirə qədər nəql olunması ehtimalı mövcuddur ki, bu da qaz ixracında destinasiyaların coğrafi miqyasının genişlənməsinə dəlalət edir. Beləliklə, Azərbaycan yalnız region və Avropanın deyil, eyni zamanda Yaxın Şərqin enerji təhlükəsizliyinə də mühüm töhfə verə biləcək imkanlara malik olur. Bu proses Azərbaycanın geosiyasi mövqeyinin daha da möhkəmlənməsinə və ölkənin regional enerji təhlükəsizliyinin formalaşmasında orta güc dövləti kimi rolunun artmasına xidmət edir. Eyni zamanda, Azərbaycan mavi qazı vasitəsilə elektrik enerjisinin istehsalı və bu enerjinin ixrac potensialı da artır. Bu isə Azərbaycanın elektrik enerjisi ixrac etdiyi ölkələrin sayının artmasına gətirib çıxara bilər. Xüsusilə, 2027-ci ildən etibarən yaşıl enerjinin Avropa bazarına çıxarılması planı ilə yanaşı, Yaxın Şərqə də elektrik enerjisinin ixracı nəzərdə tutula bilər. Bu tendensiyalar nəticə etibarilə Azərbaycanın enerji məhsulları üzrə ixrac diversifikasiyasına səbəb ola bilər. Paralel olaraq, bu proses SOCAR-ın investisiya portfelinin coğrafi baxımdan genişlənməsinə də şərait yaradır. Son illərdə SOCAR-ın xarici investisiya layihələrinin artımı və müxtəlif ölkələrə yönəlmiş sərmayə qoyuluşları bu meyli təsdiqləyir. Nəticə etibarilə, Azərbaycanın Yaxın Şərqin enerji təhlükəsizliyində artan rolu, həmçinin milli dövlət şirkətləri üçün yeni sərmayə imkanlarının formalaşmasına zəmin yaradır.