AZ

UEFA "Araz-Naxçıvan"a "azarkeşlik edən" hakimi cəzalandıra bilər! - "Aris" hərəkətə keçdi

Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin "Aris" (Yunanıstan) - "Araz-Naxçıvan" matçı ətrafında yaşanan qalmaqaldan xəbərdarsız. Söhbət oyunu idarə edən hakim Devid Dikinsonun nöqsanlarından gedir.

Şotlandiyalı referinin səhvləri o qədər ciddidi ki, rəqibin narazılığı öz yerində, ölkəmizdə də "fit sahibi"nin "qırmızı-ağlar"a "yardım etdiyini" düşünənlər var.

Təbii ki, hansısa məqam Elmar Baxşıyevin və komandasının mərhələ adlamağa layiq olduğunu şübhə altına ala bilməz. Ancaq "Aris" hələ də avrokuboklarda mübarizəni dayandırmasını həzm edə bilmir. Saloniki təmsilçisi haqsızlıqla üzləşdiyi iddiasıyla günahkarın, yəni baş hakim Devid Dikinsonun cəzalandırılmasını tələb edir.

"Football-plus.az" xəbər verir ki, bu barədə yerli "gazzetta.gr" saytı məlumat yayıb. Yunanıstanlı həmkarlarımızın iddiasına görə, "Aris" narazı qaldığı epizodlarla bağlı videogörüntüləri UEFA-nın Hakimlər Departamentinin rəhbəri Roberto Rozettiyə göndərib.

Söhbət konkret bu məsələlərdən gedir:

1. Patrik Andrade 7-ci dəqiqədə Uroş Raçiçin topuğuna bassa da, qırmızı vərəqə görməyib.
2. Fabiano 16-cı dəqiqədə cərimə meydançası daxilində çox kobud müdaxiləyə məruz qalsa da, penalti təyin olunmayıb.
3. Dikinson haqsız yerə "Aris"in qapısına penalti təyin edib.

Xatırladaq ki, "Dalğa Arena"da keçirilən ilk oyunda 2:1 hesablı əzmkar qələbə qazanan "Araz-Naxçıvan" səfərdə 2:2 hesablı heç-heçə sayəsində 3-cü təsnifat mərhələsinə vəsiqə qazanıb.

KƏNAN BAHADIR

Seçilən
20
1
football-plus.az

2Mənbələr