AZ

"Zehni zaman səyahəti" ilə unudulan xatirələr geri qayıdır

Unudulmaq üzrə olan xatirələri canlandırmağın bir yolu ola bilərmi? Alimlər bu suala cavab axtararkən "zehni zaman səyahəti" adlanan maraqlı bir konsepsiyaya diqqət yetirdilər. Yeni bir araşdırma göstərir ki, keçmişdə yaşanmış bir anı zehni olaraq yenidən yaşamaq, o anı daha aydın və ətraflı xatırlamağı mümkün edə bilər.

HİT.az xəbər verir ki, araşdırmanın əsaslandığı nəzəriyyəyə görə, bir xatirəni yenidən xatırlayarkən o anda yaşanan emosiyaları və düşüncələri yenidən təcrübə etmək, yaddaşı sanki "başlanğıc nöqtəsinə" qaytara bilir. Bu təkcə unudulma prosesini ləngitmir, bəzən onu sıfırlaya bilir.

Çoxumuz keçmiş hadisələri, xüsusilə uşaqlıq dövrünə aid xatirələri xatırlamaqda çətinlik çəkirik. Zaman keçdikcə xatirələr solur, detallar bulanıqləşir. Məhz bu nöqtədə, xatirənin formalaşdığı ana zehni olaraq qayıtmaq yaddaşın işləməsinə yeni bir qapı aça bilər.

Bu hipotezi yoxlamaq istəyən tədqiqatçılar 1.200-dən çox iştirakçının qatıldığı genişmiqyaslı tədqiqat apardı. İştirakçılar dörd fərqli qrupa bölündü və yaddaş üzrə müxtəlif testlərə cəlb edildi. İlk mərhələdə bəzi iştirakçılardan söz siyahısını əzbərləmələri, bəzilərindən isə qısa kitab parçasını oxumaları istənildi. Sonra hamıdan öyrəndiklərini xatırlamaları gözlənildi.

Qruplardan biri xatırlama mərhələsində heç bir xüsusi üsul istifadə etmədən birbaşa cavab verməyə çalışdı. Digər üç qrup isə "kontekstual bərpa" (kontekstin yenidən yaradılması) adlı texnikanı sınadı. Bu texnika məlumatı xatırlamağa çalışarkən, o məlumatın öyrənildiyi andakı düşüncə və emosiyaları da xatırlamağa diqqət yetirməkdən ibarətdir. Bir sözlə, məqsəd xatirəyə təkcə məlumat kimi deyil, emosional və zehni konteksti ilə birlikdə yanaşmaqdır.

Təcrübələrin nəticəsində kontekstual bərpa üsulundan istifadə edənlərin məlumatları daha yaxşı xatırladığı müşahidə edildi. Xüsusilə ilk 24 saat ərzində xatirələr daha aydın şəkildə geri çağrıldı. Lakin zaman irəlilədikcə, xüsusən yeddi gün sonra xatırlama dərəcəsi azalsa da, kontekstual bərpa texnikası sayəsində məlumata çatmaq hələ də daha asan idi. Tədqiqatçılar bu metodun sanki unudulma əyrisini müvəqqəti olaraq sıfırladığını bildirir; lakin bu sıfırlama da davamlı deyil, bir müddət sonra yaddaş yenə oxşar eniş əyrisinə daxil olur.

Əlbəttə laboratoriya şəraitindəki bu təcrübələrlə real həyatdakı xatirələr arasında bəzi fərqlərin olması qaçılmazdır. Real həyatda formalaşan xatirələr adətən daha mürəkkəb, emosional və şəxsi xarakter daşıyır. Buna baxmayaraq, tədqiqatın nəticələri yaddaşın necə işlədiyinə dair əhəmiyyətli ipuçları təqdim edir.

Xüsusilə öyrənmə proseslərində və ya travmatik xatirələrin emalında bu cür kontekstual xatırlama texnikalarından istifadə oluna biləcəyi düşünülür. Yaddaşı daha yaxşı anlamaq təkcə fərdi təcrübələrimizi deyil, həm də beyin əsaslı xəstəliklərin müalicəsini birbaşa əlaqələndirir.

Samir

Seçilən
20
32
hit.az

10Mənbələr