AZ

“Mənim həyətimdən boru keçirmək istəyirlər” – Naxçıvanda özbaşınalıq

  “Bu həyət mənim mülkümdür, 1998-ci ildən dövlət torpaq islahatları ilə sənədləşdirilib. Oradan heç bir arx, boru xətti keçmir. Amma zorla mənim həyətimdən boru çəkmək istəyirlər!”

Referans xəbər verir ki, Musavat.com-a müraciət edən Naxçıvan sakini Zamir Məmmədov belə deyir.

Onun sözlərinə görə, qonşusu Bəhruz Nəbiyev məhkəmələrə müraciət edərək onun həyətindən su borusu çəkilməsini tələb edir.

Zamir Məmmədov bildirir ki, qonşunun bu ehtiyacını ödəmək üçün başqa yollar var:

“Həmin xətti qonşunun həyətindən də keçirmək olar, ictimai yoldan da. Amma yox, mütləq mənim həyətimdən keçməlidir, başqa variant istəmirlər. Mənə açıqca deyirlər ki, bütün məhkəmələr onların xeyrinə qərar çıxaracaq. Bu nə deməkdir?!”

Z.Məmmədov məhkəmədə üzləşdiyi qanunsuzluqlar haqda da məlumat verib. Deyir ki, Naxçıvan Şəhər Məhkəməsi 5 fevral 2025-ci ildə onun əleyhinə qətnamə çıxarıb. Amma sənəd ona tam 37 gün sonra çatdırılıb!

“Qərarda yazılıb ki, guya şəxsi kabinetimə bildiriş göndərilib. Amma mənə nə bir zəng gəlib, nə mesaj. Vaxtında xəbərdar edilmədiyim üçün apellyasiya müddətini ötürmüşəm. Mən haqlı olduğum halda, bu formada haqsız duruma salınıram”, - deyə o, haqlı etirazını bildirir.

Zamir Məmmədov deyir ki, Naxçıvan Torpaq Komitəsinin əməkdaşları da onun mülkünə baxış keçiriblər və əllərindəki planla tutuşdurublar:

“Ekspertiza açıq şəkildə göstərdi ki, mənim həyətimdən heç bir arx və ya boru xətti keçmir. Bunu rəsmən təsdiq etdilər. Amma hakim Gülnar Səfərəliyeva hansısa başqa ekspert rəyi ilə, hansısa “mənafelər” naminə bu qərarı çıxarıb. Mən onun qəbuluna da getdim, etirazımı bildirdim, amma faydası olmadı”.

Z.Məmmədovun sözlərinə görə, qarşı tərəf yalançı şahidlər gətirir, saxta ifadələr verdirir, məhkəmələrdə isə onun səsi eşidilmir:

“Qarşı tərəf saxta şahidlərlə məhkəməyə gəlir, hakim isə sanki onların vəkili kimi çıxış edir. Mən təkbaşına mübarizə aparıram, amma gücüm çatmır. Mənim mülkiyyət hüququm var, bu həyət mənimdir. Orada heç bir boru xəttindən söhbət belə gedə bilməz”.

Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi də məsələ ilə bağlı qərar verib. Ali Məhkəmə müəyyən edib ki, Zamir Məmmədovun apellyasiya şikayəti düzgün tərtib edilmədiyi üçün birinci instansiya məhkəməsi onu geri qaytarmalı idi. Bu səbəbdən apellyasiya şikayəti “qeyri-mümkün” hesab edilib və iş yenidən Şəhər Məhkəməsinə qaytarılıb.

Zamir Məmmədov isə məsələ ilə bağlı Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimova müraciət edib:

“Mən ədalət axtarıram. Xahiş edirəm, mənim səsimi eşidin, hüquqlarımı qoruyun. Bu işdə haqlıyam və bunu sübut etməyə hazıram”.

Seçilən
18
1
referans.az

2Mənbələr