AZ

Şamaxıda quraqlığa davamlı Moldova üzüm sortları əkilib

Finss.az - Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun Şamaxı Təcrübə Stansiyasında Moldovada seleksiya olunmuş, ekoloji stress amillərinə davamlı üzüm sortlarından ibarət nümayiş bağı salınıb.

Nümayiş bağına həsr olunmuş tədbirdə Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru Vüqar Səlimov, Moldova Respublikasının Azərbaycandakı səfiri Aleksandr Esaulenko, Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzinin nümayəndələri və digər rəsmi qonaqlar iştirak ediblər.

Tədbir zamanı Vüqar Səlimov bildirib ki, son illərdə qlobal istiləşmənin təsiri ilə kənd təsərrüfatı bitkiləri, xüsusilə də üzümçülük sektoru artan quraqlıq və digər ekoloji risklərlə üz-üzə qalıb. Araşdırmalara əsasən, stress faktorları arasında quraqlığın təsiri 26%-ə qədər yüksəlib. Bu baxımdan üzüm sortlarının quraqlıq və digər abiotik-biotik risklərə davamlılığı prioritet sahəyə çevrilib.

Direktor əlavə edib ki, institutda bu məqsədlə quraqlığa davamlı üzüm sortlarının seçilməsi və yaradılması, adaptiv sortların introduksiyası və iqlimləşdirilməsi, torpaqda rütubət saxlanması üçün tədbirlərin tətbiqi, suya qənaətedici innovativ texnologiyaların təşviqi, aqrotexniki və torpaqbecərmə üsullarının təkmilləşdirilməsi istiqamətində tədqiqatlar aparılır.

Yeni layihə çərçivəsində Moldovanın 9 üzüm sortundan (“Plavay”, “Viorika”, “Qara Fetyaska”, “Kloriçika”, “Luminiçka”, “Fetyaska Muskatnaya”, “Kopçk”, “Legenda”, “Moldova”) ibarət 90 ədəd calaq ting (CO4 calağı üzərində) dəmyə şəraitində əkilib. Məqsəd bu sortların quraqlığa, xəstəlik və zərərvericilərə, yüksək temperatur və digər amillərə davamlılıq xüsusiyyətlərini qiymətləndirməkdir.

Bağda üzüm sortlarının inkişaf dinamikası, məhsuldarlığı və keyfiyyəti, ekoloji plastiklik və adaptiv göstəriciləri araşdırılacaq və nəticələr yerli fermerlərə nümayiş etdiriləcək.

Tədbir iştirakçıları nümayiş bağında aparılan əkinlərlə tanış olaraq, Moldovadan gətirilmiş sortların inkişaf vəziyyəti ilə maraqlanıblar. Bildirilib ki, bu layihə ölkədə kompleks xüsusiyyətlərə malik texniki üzüm sortlarının artırılmasına və seleksiya sahəsində beynəlxalq əməkdaşlığın güclənməsinə töhfə verəcək.

Seçilən
14
2
fins.az

3Mənbələr