AZ

Şamaxıda Moldovanın üzüm sortlarından ibarət nümayiş bağı salınıb

525.az saytından alınan məlumata görə, ain.az bildirir.

Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun Şamaxı Təcrübə Stansiyasında Moldovada seleksiya olunmuş, ekoloji stress amillərinə davamlı üzüm sortlarından ibarət nümayiş bağı salınıb.

525.az-a nazirlikdən verilən məlumata görə, nümayiş bağına həsr olunmuş tədbirdə çıxış edən Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru Vüqar Səlimov son illərdə qlobal istiləşmənin təsiri ilə kənd təsərrüfatı bitkilərinin, xüsusilə də üzümçülük sektorunun artan quraqlıq və digər ekoloji risklərlə üz-üzə qaldığını bildirib. Qeyd edilib ki, araşdırmalara əsasən, stress faktorları arasında quraqlığın təsiri 26 faizə qədər yüksəlib. Bu baxımdan, üzüm sortlarının quraqlıq və digər abiotik-biotik risklərə davamlılığı prioritet sahəyə çevrilib.

V.Səlimov əlavə edib ki, institutda bu məqsədlə quraqlığa davamlı üzüm sortlarının seçilməsi və yaradılması, adaptiv sortların introduksiyası və iqlimləşdirilməsi, torpaqda rütubət saxlanması üçün tədbirlərin tətbiqi, suya qənaətedici innovativ texnologiyaların təşviqi, aqrotexniki və torpaqbecərmə üsullarının təkmilləşdirilməsi istiqamətində tədqiqatlar aparılır.

Yeni layihə çərçivəsində Moldovanın 9 üzüm sortundan (“Plavay”, “Viorika”, “Qara Fetyaska”, “Kloriçika”, “Luminiçka”, “Fetyaska Muskatnaya”, “Kopçk”, “Legenda”, “Moldova”) ibarət 90 ədəd calaq ting (CO4 calağı üzərində) dəmyə şəraitində əkilib. Məqsəd bu sortların quraqlığa, xəstəlik və zərərvericilərə, yüksək temperatur və digər amillərə davamlılıq xüsusiyyətlərini qiymətləndirməkdir.

Bildirilib ki, bağda üzüm sortlarının inkişaf dinamikası, məhsuldarlığı və keyfiyyəti, ekoloji plastiklik və adaptiv göstəriciləri araşdırılacaq, nəticələr yerli fermerlərə nümayiş etdiriləcək.

Tədbir iştirakçıları nümayiş bağında aparılan əkinlərlə tanış olaraq, Moldovadan gətirilmiş sortların inkişaf vəziyyəti ilə maraqlanıblar. Bildirilib ki, bu layihə ölkədə kompleks xüsusiyyətlərə malik texniki üzüm sortlarının artırılmasına və seleksiya sahəsində beynəlxalq əməkdaşlığın güclənməsinə töhfə verəcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
14
2
525.az

3Mənbələr