AZ

Bizim sənətdən maddiyyat gözləmək ağlabatan iş deyil

525.az saytından alınan məlumata görə, ain.az bildirir.

Yazılarımın əksər hissəsi müsahibələr olduğundan, yay aylarında həmsöhbət tapmaq o qədər də asan olmur. Amma bununla belə, istirahət haqqında düşünməyə vaxtı olmayan bizlər çıxış yolu tapırıq. Üz tutduğumuz əksər həmsöhbətlərimizdən həmişə müsbət cavab almışıq. Düzdür, hansısa səbəb üzündən istisnalar da olur ki, bunu da anlayışla qarşılayırıq. Bugünkü müsahibimiz isə yayın oğlan çağında Bakı bağlarında istirahətininin bir gününü həvəslə bizə fəda etdi.

Haqqında az-çox bildiklərim olsa da, sual yükümü tutmaq üçün bir araşdırmaya ehtiyac vardı. Mümkün olanlar üzərindən öyrənə bildiklərim mənə: "Ot kökü üstündə bitər" atalar məsəlini xatırlatdı. Əslində bu qəbildən olan ailələr Azərbaycanda çoxdur. Elə nəsil şəcərələri var ki, onlar təkcə soyadın daşıyıcıları deyil, kökdən gələn yolun davamçıları da olur və onların nümayəndələrilə qəzetimiz yeri düşdükcə oxucuları daha yaxından tanış edir. Elə bugünkü qonağımız kimi...

Həmsöhbətimiz  Azərbaycan ədəbiyyatşünaslığının və ədəbi tənqidinin banilərindən biri, akademik Məmməd Arif Dadaşzadənin nəvəsi, Əməkdar elm xadimi, alim, tənqidçi, tərcüməçi Araz Dadaşzadənin qızı musiqişünas, musiqi tənqidçisi, Bakı Musiqi Akademiyasının professoru, Əməkdar incəsənət xadimi Zümrüd Dadaşzadədir.

 Z.Dadaşzadə öz fərdi və fərqli  intonasiyası olan  musiqişünasdır. Alim kimi bir neçə monoqrafiya (o cümlədən "Azərbaycan simfoniyası: 1960-1980-ci illər", "Məhəbbətlə doğulmuşam") və 200-dən çox  məqalə müəllifidir. Məqalələrinin bir qismi "Biz də dünyanın bir hissəsiyik..." toplusunda nəşr olunub. Beynəlxalq konfrans və simpoziumlarda  Azərbaycanı ləyaqətlə təmsil edir. O, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının musiqi tarixi kafedrasının möhtərəm professorlarından biridir. Musiqi həyatımızın   əsas hadisələrini operativ işıqlandırmağa,  mütəxəssis rəyini bildirməyə çalışır. Zümrüd xanım həm də parlaq bədii söz ustasıdır -onun təqdimatları məzmunun zənginliyi və emosional gücü ilə istənilən auditoriyanı fəth etməyi bacarır.  İllərdir "Musiqi dünyası", "Qobustan", "525-ci qəzet" kimi nüfuzlu nəşrlərlə əməkdaşlıq edir. 80-ci illərdə "Xaqani, 27" televiziya verilişinin müəllifi və aparıcısı kimi tanınmışdır: hazırda da televiziya kanallarına ekspert kimi dəvət olunur. "Eurovision", "Böyük səhnə", "Riga Symphony" kimi müsabiqələrin münsiflər heyətinin üzvü olub.

- Azərbaycan ədəbiyyatşünaslığında xüsusi imzası olan Dadaşzadələr ailəsində boya-başa çatmısınız, lakin istiqamətiniz musiqi sahəsi oldu...

- Dadaşzadələr ailəsinin musiqiyə xüsusi münasibəti olub. Başlayaq ondan ki, Azərbaycanda ilk qadın bəstəkarlarından biri olan Şəfiqə Axundova nənəmin bacısı idi və onun Üzeyir bəylə görüşməsi Məmməd Arif və Zümrüd Axundovanın təşəbbüsü ilə baş tutub. Babam və nənəm gənc Şəfiqədə istedadı görəndən sonra belə qərara gəliblər ki, mütləq Üzeyir bəy Hacıbəyliyə müraciət etmək lazımdır, çünki onun qərarından çox şey asılı idi. Bu işdə Mirzə İbrahimovun da rolu olub. Nəhayət dahi bəstəkar gənc qızı qəbul edib və beləliklə də, onun taleyi həll olunub. Digər tərəfdən atam zamanında konservatoriyanın nəzdində fəaliyyət göstərən musiqi məktəbində (indiki Bülbül adına musiqi məktəbi) yeddi il təhsil alıb. Burada bir haşiyə çıxmaq istərdim.

- Buyurun...

- O zaman Kövkəb Səfərəliyevanın bir təşəbbüsü vardı. O çalışırdı ki, Azərbaycanın tanınmış ziyalı ailələrinin - ədiblərin, alimlərin, bəstəkarların uşaqları onun direktoru olduğu məktəbdə musiqi təhsili alsınlar. Həmin məktəbdə gələcəyin tanınmış simaları - Anar, Xəyyam Mirzəzadə, Emin Sabitoğlu, Vaqif Səmədoğlu, Elmira Paşayeva, Sevda İbrahimova və bir çoxları musiqi təhsili alıb. Onlardan bir qismi musiqinin ardınca getdi, getməyənlərdə də musiqiyə sevgi özünə yer edə bildi. İllər sonra artıq özüm musiqi sahəsində püxtələşəndən sonra anladım ki, Kövkəb Səfərəliyeva o zaman bu millət üçün böyük iş görüb, çünki kiçik yaşlarından formalaşmağa başlayan musiqi duyumu, musiqi zövqü bir fərdin mükəmməl yetişməyində az rol oynamır.

- Yəni musiqi sahəsinə getməyinizdə ailənin müəyyən rolu olub...

- Şübhəsiz! Kiçik yaşlarımızdan atam Araz müəllim və anam Aida xanım mənimlə qardaşımı opera teatrının tamaşalarına, filarmoniyadakı konsertlərin demək olar ki, hamısına aparardılar. O zaman tanınmış bəstəkarların, ifaçıların dirijorların valları buraxılırdı və onu da deyim ki, onları əldə etmək o qədər də asan deyildi. Atam böyük çətinliklə də olsa, o valları tapırdı. Araz Dadaşzadənin böyük kolleksiyasında klassik Qərb musiqisi, caz ustalarının ifaları ilə yanaşı, Azərbaycan muğamları, Bülbülün ifasında səslənən vallar dəsti də vardı. Yəni evimizdəki nəhəng kitabxana ilə yanaşı, bu val kolleksiyasını da valideynlərim həvəslə toplayardı. Atam "Koroğlu"nu əzbər bilirdi, operanın istənilən hissəsindən bir parçanı oxuya bilərdi. Bu əsnada bir məqamı da vurğulayım. 60-cı illərin musiqi, sənət atmosferi xüsusi idi. Məhz həmin dönəmdə beynəlxalq müsabiqələrdə bizim azərbaycanlı ifaçılarımız iştirak etməyə başladılar. Bunu deməyə bilmərəm: Fərhad Bədəlbəylinin 1968-ci ildə Lissabonda Viana da Mota adına beynəlxalq müsabiqədə qazandığı qələbə bir ruh yüksəkliyi yaratmışdı. Bütün bunları görən valideynlərim bəlkə də hansısa reallaşmamış arzularını gerçəkləşdirmək üçün məni də, qardaşımı da Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə verdilər. Qardaşım Aqşin dördüncü sinifdən sonra oradan ayrılıb qonşuluqdakı 190 saylı məktəbə keçdi, mən isə orta musiqi təhsilimi Qızıl medalla başa vurdum. Özümdə araşdırmaçılıq meylini hiss etdiyimdən səkkizinci sinifi bitirib nəzəriyyə sahəsinə keçdim. Ardınca indiki Bakı Musiqi Akademiyası, aspirantura və beləcə, musiqi fəaliyyət yolumu müəyyən etdi. Söhbət əsnasında elə məqamlar yadıma düşür ki, onları vurğulamağı lazım bilirəm.

- Əlbəttə, belə daha maraqlı olar...

- Bülbül adına məktəbin tədris proqramları əsasən Avropa bəstəkarlarının əsərləri əsasında təşkil olunurdu. Təbii ki, babam da çaldıqlarımızı eşidirdi. Bir gün soruşdu ki, bəs niyə Azərbaycan bəstəkarlarının əsərlərini çalmırsınız? Dedik ki, proqram belə tərtib olunub. "Belə olmaz" deyərək, etirazını bildirən Məmməd Arif işinin çoxluğuna baxmayaraq, Aqşinlə məni "Əsli və Kərəm" muğam operasına apardı. O zaman kiçik olduğumdan həmin əsəri qavramaq çətin olsa da, hadisə yaddaşımda özünə yer edə bildi. Səhnənin quruluşu, rənglər, ifa olunan parçaların cazibəsi və digər məqamlar var ki, onların insanın musiqi duyumunun, zövqünün formalaşmasında əhəmiyyəti böyük olur. Təəssüf ki, bu gün tələbələrimdə bu qığılcımı görmürəm.

- Yəni ki, narazısınız gənclərdən...

- Gənclər müxtəlifdir, sanki onlarda bir qütbləşmə yaranıb. Elə gənclər tanıyıram ki, həqiqətən onlara heyran qalmamaq mümkün deyil. Dil bilgiləri yüksək, daima axtarışda olan gənclər var ki, onlarla qürurlanmağa dəyər. Tamam fərqli ədəbiyyatla püxtələşən, xaricdə oxuyub Vətənə qayıdanlarımız da var və ya əksinə, orada qalıb karyerasını inkişaf edənlər də var. Mən öz sahəmiz üzrə vurğulamaq istəyirəm ki, sənətdə, musiqidə sevgi, xüsusi qabiliyyət olmadan çox çətindir. Təəssüf ki, bizdə təsadüfi adamlar da görürəm və açıq şəkildə fikrimi özlərinə də bildirirərək deyirəm - nə qədər gec deyil, başqa ixtisas seçin! Bizim sənətdən maddiyyat gözləmək ağlabatan iş deyil. Əgər sənətə yanğı, istək, sevgi, həvəs varsa, müəyyən məqsədlərə nail olmaq mümkündür. Mənim əsas amallarımdan, prinsiplərimdən biri gənclərimizin Azərbaycan dilini mükəmməl bilməsidir. Sirr deyil ki, bizim yetişdiyimiz mühitdə rus dili daha üstün idi və təbəqəsindən asılı olmayaraq, əksər ailələr övladlarını rus şöbəsinə yönəldirdi. Lakin babam da, atam da birmənalı şəkildə bildirdilər ki, bizim Azərbaycan bölməsində təhsil almağımız müzakirə oluna bilməz. Araz Dadaşzadə deyirdi ki, özümüz Azərbaycan ədəbiyyatı ilə məşğul oluruq, uşaqlarımızı rus bölməsinə versək, bizim yazdıqlarımızı sabah kim oxuyacaq, araşdırmalarımız kimə lazımdır? Mən çox dil bilməyin əleyhinə deyiləm, lakin hər kəs öz ana dilini mükəmməl mənimsəməyə borcludur.

- Hiss olunur ki, soyadınızla qürur duyursunuz. Xatirələrinizdə yaşayan Məmməd Arif Dadaşzadə...

- Babam çox təmkinli, ciddi, siması nur saçan insan idi. 1950-ci ildə Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun direktoru olan Məmməd Arif Dadaşzadə Azərbaycan ziyalılarının yığıncağındakı çıxışında filosof Heydər Hüseynova qarşı başlayan qarayaxma kampaniyasında əsas ittihamları irəli sürmək əvəzinə, o, institutun tarixi, gördüyü işlər haqqında danışmaqla, Mir Cəfər Bağırovun qəzəbinə tuş gələrək özünə qarşı böyük təhlükə yaratmışdı. Qətiyyətlə Heydər Hüseynovun adınə çəkməyən babamı "Heydər Hüseynovdan daha betər türk casusu" adlandırsalar da,  Məmməd Arif həmin çıxışında özünün əsl şəxsiyyət olduğunu göstərə bilmişdi. Həmin hadisədən sonra babam özünə qapanan birinə çevrilmişdi. Millət sevgisi böyük olan azərbaycançı idi babam. Gördüyü bütün işlər buna dəlalət edirdi. Nə babamda, nə atamda birini qarşısına alıb öyüd-nəsihət vermək kimi bir xüsusiyyət olub. Onlar bizi gündəlik həyat tərzi, əməksevərliyi, icra etdikləri işə münasibətilə tərbiyə ediblər. 1974-cü ildə Məmməd Arifin 70 illik yubileyi keçirildi. O zaman on iki yaşım vardı və Akademiyanın Rəyasət Heyətinin konfrans zalında keçirilən gecədə kiçik olduğumdan sıxılırdım, çıxışları anlamırdım deyə, darıxırdım. Sonda babama söz verdilər. O tədbirdə olanlar həmin çıxışı xatırlayarlar. Məmməd Arif dedi: "Keçdiyim yola nəzər salanda görürəm ki, ağır sınaqlarla dolu keşməkeşli bir yol gəlmişəm. Lakin bu yolda vicdanımın əyildiyi anı xatırlamıram və bununla fəxr edirəm". Bu sözlərdən sonra bütün zal ayağa qalxıb onu alqışlamağa başladı. Uşaq yaddaşıma həkk olan həmin mənzərəni indi də xatırlayıram. Babam olduqca intizamlı adam idi. Özü üçün qurduğu gündəlik rejimdən kənara çıxmazdı və iş yükü də az deyildi. Vaxt olub ki, o, eyni zamanda həm Ədəbiyyat İnstitutunun direktoru, həm Maarif Nazirliyində müavin, "Vətən uğrunda" adı altında çıxan indiki "Azərbaycan" jurnalında redaktor olub. Üstəlik, dərs də deyirdi və tələbələrinə olan sevgisi, diqqəti, qayğısı heç vaxt əskik olmurdu. Ən əsas Azərbaycan ədəbiyyatının, dilinin təəssübkeşi idi Məmməd Arif. Həyatında ağır, təhlükəli məqamlar az olmasa da, təmkinini qoruyub saxlaya bilmişdi.

- Nənənizin adını daşıyırsınız, yəqin ki, ona bənzərliyiniz də var...

- Nənəm Zümrüd Axundova cəmi 49 il ömür yaşayıb. Dünyasını dəyişmədən əvvəl artıq ailədə mənim gəlişimi gözləyirdilər. Zümrüd xanım qız nəvəsi arzusunda olub. Anama vəsiyyət edib ki, bilirəm, indiki valideynlər müasir adlara üstünlük verirlər, amma arzum var ki, nəvəm qız olarsa, ona mənim adımı verəsiniz. 1962-ci ilin iyun ayının 2-də mən dünyaya gəldim və həmin təqvim vərəqi indi də qorunub saxlanılır. Həmin vərəqin üstündə babam yazıb: "Zümrüd anadan oldu", yəni mən bu dünyaya adımla göz açmışam. Nənəm 13-14 yaşında özü oxuya-oxuya artıq dərs deyirdi və gənc azərbaycanlı qızları təhsilə cəlb edirdi. Həm indiki Azərbaycan Dövlət Pedaqoji Universitetini, həm də Moskva Dövlət Pedaqoji Universitetində təhsil alan Zümrüd Axundova sonralar ali məktəblərdə dərs deyib. Onun dissertasiya işi "Azərbaycanda qadın təhsili tarixindən. 1900-1914-cü illər" mövzusunda olub. Nənəm pedaqoji elmlər namizədi adını alan ilk azərbaycanlı qadın alimdir. Mənə maraqlı olduğundan bir ekstrasensdən soruşdum ki, dünyasını dəyişən birinin adı başqasına qoyulanda bunun təsiri olurmu? Məlumdur ki, Azərbaycanda bu, geniş yayılmış bir haldır. Cavabında öyrəndim ki, müəyyən faiz ad qoyulan adamın həyatına bunun təsiri var. Nənəmi görməsəm də, haqqında çox eşitmişəm. Əksəriyyət deyir ki, Zümrüd xanım çox zəhmli bir qadın olub. Haqsızlığa qarşı barışmaz olub. Tələbələrin sosial problemlərinə qarşı biganə qala bilməyib, dərhal onları həll edib. Nənəm Azərbaycan qadınını hər sahədə zirvədə görməyi arzulayardı. XIX əsrdə Mirzə Fətəli Axundovun: "Azərbaycan qadını dövlət işlərinə cəlb olunmalıdır" fikrindən Zümrüd Axundova elmi işində istifadə edərək, bu məsələni tədqiqat obyektinə çevirə bilmişdi. Onu da deyim ki, Məmməd Arifin bioqrafiyasında Zümrüd xanımın böyük rolu var.   

- Yəni...

- 50-ci ildə babama qarşı təqib kampaniyasında Zümrüd xanım Məmməd Arifi qoruya bildi. Yəni nənəm olmasaydı, babamın həyatı təhlükə altında olardı. Müharibə illərində babamın bütün sənədləri oğurlanır, partiya bileti də onların içində. O dövrdə partiya biletini itirməyin böyük fəsadları ola bilərdi. Nənəm bir an özünü itirmədən bazarda möhtəkirlik edən adamları taparaq pul müqabilində babamın sənədlərini tapdıra bilmişdi. Zümrüd xanım cəsarəti, qətiyyəti, dürüstlüyü, mərdliyi ilə fərqlənirdi. O, körpə vaxtında anasını itirmişdi deyə, görünür, çox erkən yaşından müstəqil qərar qəbul etmək məcburiyyəti, çiyinlərinə düşən vaxtsız məsuliyyət onun xasiyyətinə təsir etmişdi.

- Nənə Zümrüdlə nəvə Zümrüd arasındakı ortaqlıq...

- Müəyyən oxşarlıq var, lakin mən onun qədər zəhmli deyiləm. Qətiyyətim onun qədər deyil, çünki bu gün edə bildiklərimdən daha çox etmədiklərim var. Özümdən narazıyam, hər yerə getməyə çalışıram. Öz hədəfimdən kənar işlərə çox baş qoşmuşam. Sənətdə, musiqi aləmində nə baş verirsə, mənim üçün son dərəcə maraqlıdır. Bu, tamaşa da, maraqlı mühazirə də, yeni kitabın prezentasiyası da ola bilər. Üstəlik, mən tələbəlik illərindən televiziya ilə əməkdaşlıq edirəm. Bütün bunlar vaxtımı alır, əsas istiqamətim olan tədqiqat işimdən məni yayındırır. Nə etməli, mənim də xəmirim belə yoğrulub.

- Ailədə yolunuzu davam edən biri...

- Musiqişünas kimi yoxdur, amma sonradan sənət yolunu seçən qızım var. Sonradan ona görə deyirəm ki, hüquq fakültəsini yaxşı qiymətlərlə bitirsə də, bir də gördük ki, onda sənətə maraq yarandı. İngiltərədə kinorejissor təhsili aldı və bu gün sənətlə bağlı olan məsələlər onun maraq dairəsindədir. Yəni sırf musiqi olmasa da, sənət qalib gəldi.

- Musiqimizə sizin nəzərinizlə baxaq...

- Ən əvvəl musiqi səslər sənətidir və bu səslərin insana təsir etmək gücü böyükdür. Səslər bizi hər yerdə müşayiət edə bilir. Səslər söz dəqiqliyindən məhrum olsalar da, onlarda dərinlik, sözün belə ifadə edə bilmədiyi böyük enerji var. Musiqinin təsir qüvvəsi hüdudsuzdur. İnsanın ən kədərli vaxtında belə, musiqi ona təsəlli ola bilər. Bununla belə, səslərin hər dəfə yaratdığı fərqli harmoniya ən böyük möcüzədir. Azərbaycan müstəqillik qazanandan sonra musiqimizin təbliği istiqamətində çox işlər görülüb. Əvvəllər bunun nəticələrini dərk etməsək də, son illər tamam fərqli mənzərənin şahidi oluruq. Bu gün Azərbaycan musiqisini dünya dinləyir, alqışlayır. Əslində bu alqışı musiqimiz çoxdan qazanıb. Bir nümunə çəkim. XX əsrin əvvəlində Cabbar Qaryağdıoğlu bir məclisdə iştirak edir. Həmin məclisdə İrandan gələn musiqi biliciləri də olub. Əvvəl bir xanəndə oxuyur və onlar bir-birinə baxıb istehza ilə: "Türk olasan və muğam oxuyasan" deyirlər. Lakin Cabbar Qaryağdıoğlunun ifasını eşidəndən sonra: "Türk olasan və belə muğam oxuyasan" deyərək, onu alqışlayıblar. 2009-cu ildə Bakıda keçirilən "Muğam aləmi" I Beynəlxalq festivalında qonaqlardan müsahibələr götürürdüm. Müsahiblərimdən biri də Müzəffər Şafeyi adlı iranlı xanəndə idi. Çıxışından sonra ona yaxınlaşanda hiss etdim ki, yorğundur, söhbət etməyə həvəsli deyil. Əlimdə "Muğam" jurnalını tutmuşdum və orada bütün muğam müsabiqələrinin qaliblərinin şəkilləri yer almışdı. Jurnalı göstərəndə o, şəkli olanların bir-bir adlarını çəkməyə başladı. Dedi ki, biz Tehranda bütün bu muğam müsabiqələrinə baxırıq, onları  yazırıq. Şəxsən mən öz dərslərimdə tələbələrimə həmin videoyazıları nümayiş etdirirəm. Azərbaycanlı ifaçıların timsalında şagirdlərimə muğamı necə oxumaq lazım olduğunu izah edirəm. XX əsrin əvvəlində bir azərbaycanlının muğam oxumağına istehza edənlər, XXI əsrdə Azərbaycan muğamından, xanəndələrimizin ifasından, bizim təcrübəmizdən  dərs vəsaiti kimi istifadə edirlər. Bu, müqayisəni ona görə apardım ki, musiqi sənətimiz, Üzeyir Hacıbəylinin yaratdığı Azərbaycan musiqi məktəbi bu gün sözün həqiqi mənasında dünyaya səs sala bilib. Bununla öyünməyə dəyər.

SÖZARDI: Azərbaycanın uzaq tarixə söykənən mədəni irsi bu gün dünya miqyasında nəinki tanınır, həm də əhəmiyyətli yer tutanlar sırasındadır. Qəlbindəki səsi dünyaya çatdırmağı bacaran bir mədəniyyətin varisi olmaq həm qürurdur, həm məsuliyyət. Çünki mədəniyyət yalnız sərvət deyil. O, həm kimlikdir, həm nəfəsdir, həm də yaddaş.

Tamilla M-ZADƏ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
525.az

1Mənbələr