AZ

Litva hökuməti istefa verdi – Baş nazirin keçmiş fəaliyyəti qalmaqala səbəb oldu

Litvanın Nazirlər Kabineti istefa verib. Hökumətin bu qərarı xüsusi çağırışla keçirilən iclasda qəbul edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

İstefaya səbəb iyulun 31-də baş nazir Gintautas Paluckasla bağlı mediada yayılan qalmaqallı məlumatlar olub. Jurnalist araşdırmaları nəticəsində məlum olub ki, Paluckas vəzifəyə başlamazdan əvvəl əsas səhmdarı olduğu şirkət üçün bank krediti alma prosesində növbədənkənar üstünlük əldə edib. Bu fakt ictimaiyyətin və siyasi dairələrin narazılığına səbəb olub.

Paluckasın adı əvvəllər də müxtəlif qalmaqallarda hallanıb. 2012-ci ildə paytaxt Vilnüs şəhərinin bələdiyyə administrasiyasının direktoru vəzifəsində çalışdığı dövrdə o, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə görə məhkəməyə verilib. Kommunal müqavilə əsasında himayədarlıq etdiyi təsdiq olunan Paluckas iki il şərti cəza alıb və 16,5 min avro təzminat ödəməyə məhkum edilib. Qərara əsasən, bu məbləğ bir il ərzində ödənilməli idi, lakin son ödənişlər yalnız 2025-ci ilin iyulunda həyata keçirilib.

Bundan əlavə, təxminən on il əvvəl o, dövlət meşə fondu ərazisində yerləşən torpaq sahəsini qanunsuz şəkildə əldə etməyə çalışıb. Prokurorluq həmin əməli dayandıraraq torpaq sahəsini dövlət mülkiyyətinə qaytarıb.

Məlumatlara görə, baş nazirin dəstəyi ilə onun yaxınları Avropa İttifaqı fondlarından qrantlar əldə edərək özəl şirkətlərini maliyyələşdiriblər.

Seçilən
36
operativmm.az

1Mənbələr