AZ

“Tottenhem” Palinyanı icarəyə götürdü

“Tottenhem” 30 yaşlı portuqal dayaq yarımmüdafiəçisi Joao Palinyanı “Bayern”dən icarə müqaviləsi əsasında heyətinə qatıb.

Arena.az bu barədə “Tottenhem”in mətbuat xidmətin istinadən məlumat verir.

Müqavilənin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədə olacaq. İcarə müqaviləsində sonradan satınalma haqda xüsusi maddə yer alıb. Müqavilə Palinyanın İngiltərədə iş vizası almasından sonra qüvvəyə minəcək.

Palinya Lissabon “Sportinq”inin məzunudur. Joao vaxtilə icarə əsasında “Moreyrense”, “Belenenseş” və “Braqa”da, həmçinin tamhüquqlu əsasda “Fulhem” və “Bayern”də çıxış edib.

Joao Palinya “Bayern”ə 2024-cü ilin iyul ayında “Fulhem”dən tamhüquqlu əsasda keçib. Almaniya nəhəngi müvafiq keçid müqabilində “Fulhem”ə 51 milyon avro məbləğində ödəniş edib. Palinya Münhen klubu ilə 4 illik – müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Palinya “Bayern” üçün ümumilikdə 25 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Əlavə edək ki, Palinya bir müddət zədədən əziyyət çəkdiyi üçün öz oyununu tam aça bilməyib.

Joao Palinya 2021-ci ilin mart ayında debüt etdiyi Portuqaliya yığmasının heyətində 34 oyuna 2 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 30 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
118
21
arena.az

10Mənbələr