AZ

"Süni intellekt insanlığı necə yox edə bilər?" - "The Times"

 
"İnsanlar zibilxanada yaşayacaq, nə siyasi, nə iqtisadi, nə də intellektual gücə sahib olacaq, hətta baş verənləri anlamayacaqlar..."
 
Süni intellektin inkişafı insanlığın yox olması ilə nəticələnə bilər və bu, artıq elmi-fantastik ssenari deyil.
 
Moderator.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın "The Times" nəşri yazıb.
 
Nəşr yazır ki, bəzi tanınmış mütəxəssislər bu təhlükənin reallığını etiraf edir və mümkün fəlakət ehtimalını 95 faiz olaraq qiymətləndirir.
 
Qırmızı köynəklilər və "Süni intellekti dayandırın" şüarı
 
İyulun sonlarında San-Fransiskoda yerləşən "OpenAI" ofisinin qarşısında 25-ə yaxın insan toplaşıb. Onlar qırmızı köynəklərdə "Süni intellekti dayandırın" yazısı ilə süni intellektin inkişafına qarşı etiraz edib. Əgər bu insanlar azacıq da olsa haqlıdırsa, demək, hər birimiz onların narahatlığına şərik olmalıyıq.
 
Etirazçıların fikrinə Nobel mükafatçısı Ceffri Hinton, Turing laureatı Yoşua Benqio və "Google DeepMind", "Anthropic" kimi nəhənglərin rəhbərləri də qoşulur. Onlar süni intellektin nəzarətsiz inkişafının nüvə müharibəsi və pandemiya ilə eyni dərəcədə təhlükəli olduğunu bildirib.
 
"İnsan rəqibdir, məhv edilməlidir"
 
Ekspertlər iddia edir ki, süni intellekt nə vaxtsa insan səviyyəsinə çatacaq - bu, yaxın bir neçə il ərzində baş verə bilər. Həmin mərhələdə süni intellekt artıq bir sahəyə fokuslanmış "zəif" deyil, universal, "ümumi süni intellekt" olacaq. Bu isə o deməkdir ki, o, plan qura, nəticələri analiz edə və insan bacarıqlarını sürətlə üstələyə biləcək.
 
Növbəti mərhələ - süni "superintellekt" olacaq. Bu texnologiya xərçəngi sağaltmaqdan tutmuş ulduzlararası səyahətə qədər hər şeyə qadir olacaq. Amma bu utopiyanın əsas şərti - texnologiyanın insana tabe olması hələ ki, real deyil. Mütəxəssislər deyir ki, superintellektin qərarlarını əvvəlcədən təxmin etmək mümkün deyil və o, insanları aldatmağı çoxdan öyrənib.
 
"Google" və "Microsoft"-un sabiq mühəndisi, hazırda Süni İntellekt Tədqiqatları İnstitutunun rəhbəri Neyt Soares deyir ki, əgər süni intellekt indiki sürətlə inkişaf edərsə, insanlığın məhvi ehtimalı "ən azı 95 faiz"dir. O, vəziyyəti 160 km/saat sürətlə uçuruma tərəf gedən maşına bənzədir: "Dayanmaq hələ mümkündür, amma hazırda biz uçuruma doğru sürətlə gedirik".
 
Yox olmasaq da, dəyərsizləşə bilərik
 
Bəzi mütəxəssislər isə tam məhv ehtimalını 10-20 faiz arasında qiymətləndirir. "Google" rəhbəri Sunder Piçainin də baxışı bu cür "mülayim"dir. Amma istənilən halda, süni intellekt insan həyatını kökündən dəyişəcək. "PauseAI" təşkilatının rəhbəri Holli Elmor hesab edir ki, bu texnologiyalar insanın öz həyatına və gələcəyinə təsir etmə gücünü əlindən alacaq.
 
Katya Qreys adlı tədqiqatçı isə daha qara ssenari cızır: "İnsanlar zibilxanada yaşayacaq, nə siyasi, nə iqtisadi, nə də intellektual gücə sahib olacaq. Hətta baş verənləri anlamayacaqlar". Və bu proses artıq başlayıb. Elmor deyir ki, beynəlxalq səviyyədə birgə razılaşma olmasa, texnoloji inkişaf qarşısıalınmaz olacaq.
 
O, Kaliforniyada süni intellektin inkişafını məhdudlaşdıran qanun layihəsi üzərində çalışır. Halbuki eyni anda "OpenAI", "Anthropic" və Mark Zukerberqin komandası süni superintellekti daha da sürətləndirmək üçün milyardlarla vəsait ayırır. Bu komanda artıq "OpenAI"-dən ən yaxşı mütəxəssisləri "cəzb edir" və onlara 100 milyon dollarlıq bonuslar vəd edir.
 
Bəziləri süni intellekti yeni dinə çevrilmiş bir qüvvə kimi qəbul edir. Elmor deyir ki, onlardan biri ona ciddi şəkildə deyib: "Mən heç vaxt ölməyəcəyəm. Çünki superintellekt şüurumu əbədi saxlayacaq". Bu inam onları süni intellektin gələcəyinə kor-koranə bağlayır. Amma elm adamları xəbərdarlıq edir: texnoloji cənnətdən əvvəl, çox güman ki, cəhənnəm gələcək.
Seçilən
44
moderator.az

1Mənbələr