Harvard Universitetinin tanınmış astrofiziki Avi Leb Yerə yaxınlaşmaqda olan 3I/ATLAS adlı ulduzlararası kometanın əslində yadplanetli mənşəli gəmi ola biləcəyini iddia edib.
Day.Az xəbər verir ki, bu barədə "Daily Mail" qəzeti məlumat yayıb.
Avi Leb bu fərziyyəni kometanın "qeyri-adi nadir trayektoriya" üzrə hərəkət etməsi ilə əsaslandırıb. Onun sözlərinə görə, obyekt 2025-ci il noyabrın 21-dən dekabrın 5-dək Yerə çatacaq.
Alim ehtimal edir ki, əgər bu obyekt doğrudan da yadplanetli gəmidirsə, onda onun zond və ya hətta silah olması mümkündür. Qəzet Lebdən sitat gətirir: "Bu, bizi xilas etmək və ya məhv etmək üçün gələ bilər. Hər ikisinə hazır olsaq yaxşı olar."
Qeyd edək ki, 3I/ATLAS kometası NASA tərəfindən 2025-ci il iyulun 1-də kəşf edilib. Astronomların hesablamalarına əsasən, obyekt oktyabrın sonunda Günəşə ən yaxın nöqtəyə - 1,4 astronomik vahid məsafəyə çatacaq, daha sonra isə böyük ehtimalla Günəş Sistemini tərk edəcək.