ain.az bildirir, Ses qazeti saytına əsaslanaraq.
Prezident İlham Əliyev: "Qardaş ölkələr, müttəfiqlər kimi inamla, layiqincə, çiyin-çiyinə addımlayırıq və irəliləməyə davam edəcəyik"
Yeni reallıqlar yaradan Azərbaycan qarşısına qoyduğu hədəflərə çataraq, bölgənin aparıcı aktoru, Avropanın enerji təhlükəsizliyini təmin edən əsas ölkələrdən biridir. Ölkəmiz hazırda uğurlu daxili və xarici siyasət həyata keçirərək bir çox sahələrdə etibarlı tərəfdaş kimi qəbul edilir. Azərbaycanın xarici siyasət sahəsində qazandığı uğurlar onu dünyada söz sahibinə çevirərək, beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi, nüfuzunu daha da möhkəmləndirib. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz müxtəlif əməkdaşlıq layihələri ilə region və onun hüdudlarından kənarda sülh və sabitliyin sərhədlərinin genişləməsinə davamlı olaraq töhfələr verir. Regionumuzda baş verən proseslərin normallaşdırılması istiqamətində görülən işlər milli maraqlarımızın ifadəsidir. Dövlətimizin xarici siyasətində ikitərəfli və çoxtərəfli çərçivədə əlaqələrin qurulması və müxtəlif prioritetlər üzrə inkişaf etdirilməsi dövlətlərarası münasibələrin inkişafinda mühüm rol oynayır.
Eyni soy-kökə və uzun tarixə söykənən Azərbaycan-Özbəkistan əlaqələri də bu gün yeni dövrün çağırışlarına uyğun olaraq inkişaf etdirilir. İki ölkə arasında qarşılıqlı hörmət və etimad üzərində qurulmuş əlaqələr ötən müddət ərzində siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə dinamik şəkildə inkişaf edib və səmərəli əməkdaşlıq daha da yüksəlib. Qarşılıqlı səfərlər, bu səfərlər çəçivəsində aparılan müzakirələr, imzalanan sənədlər gələcək inkişaf baxımından diqqətçəkəndir.
Azərbaycan-Özbəkistan münasibətlərinin bütün sahələrində, o cümlədən siyasi, sosial-iqtisadi, energetika, humanitar, təhsil, turizm, nəqliyyat, kənd təsərrüfatı istiqamətləri üzrə intensiv əməkdaşlıq müşahidə edilir. Azərbaycan-Özbəkistan ikitərəfli format ilə yanaşı, regional və beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq edir və bir-birinin milli maraqları ilə bağlı məsələlərə həssaslıqla yanaşaraq, qarşılıqlı dəstək nümayiş etdirirlər. Azərbaycan-Özbəkistan münasibətləri bu gün artıq yüksək səviyyəli tərəfdaşlıq mərhələsinə qədəm qoymuş, regional əməkdaşlığın dərinləşdirilməsində mühüm rol oynayan nümunəvi modelə çevrilib.
STRATEJİ TƏRƏFDAŞLIQ YENİ MƏRHƏLƏDƏ
Əlbəttə ki, Azərbaycan və Özbəkistanı çoxəsrlik qardaşlıq münasibətləri birləşdirir. Ümummilli Lider Heydər Əliyev siyasi məktəbinin layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu xarici siyasi fəaliyyəti və qətiyyətli mövqeyi sayəsində Azərbaycan bölgədə böyük nüfuz sahibi olan ölkəyə çevrilmişdir. Azərbaycan Mərkəzi və Orta Asiya ölkələri ilə də sıx siyasi və iqtisadi əlaqələrə malikdir. Xalqlarımızın dil, din, mədəniyyət, mənəvi dəyərlər baxımından yaxınlığı, eyni zamanda ortaq tarixə malik olması bu əlaqələrə təsir göstərən mühüm amillərdəndir. Ölkəmizin Mərkəzi və Orta Asiyanın türkdilli dövlətləri arasındakı münasibətləri yüksələn xətlə inkişaf etməsinə Azərbaycanın Özbəkistanla olan əlaqələrini misal göstərmək olar. Azərbaycan-Özbəkistan əlaqələrinin bütün sahələrdə uğurla inkişafı, iki ölkə arasında imzalanan sənədlər strateji münasibətlərin və müttəfiqlik əlaqələrinin daha da mökəmlənməsinə, ölkələrimiz arasında əməkdaşlığın ildən-ilə güclənməsinə gətirib çıxarır. Dövlət başçılarının qarşılıqlı səfərləri iki ölkə arasında strateji tərəfdaşlığın yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Bu səfərlər təkcə siyasi və diplomatik əhəmiyyət daşımır, həmçinin iqtisadi əməkdaşlığın dərinləşdirilməsi və institusional çərçivədə möhkəmləndirilməsi baxımından ciddi irəliləyişlərə zəmin yaradır.
Şübhəsiz ki, Azərbaycan-Özbəkistan əlaqələri yeni dövrün reallıqlarına uyğun olaraq sürətlə inkişaf etdirilir. Özbəkistanda Azərbaycan kapitallı 240-dan çox, Azərbaycanda isə 70-ə yaxın Özbəkistan şirkəti fəaliyyət göstərir. 2024-cü ilin sonuna iki ölkə arasında ticarət dövriyyəsi 430 milyon dollara çatıb ki, bu da 2021-ci illə müqayisədə 3,5 dəfə çoxdur. Hər iki ölkə 2030-cu ilə qədər 1 milyard dollara çatmağı hədəfləyir. Bir müddət əvvəl yaradılmış birgə İnvestisiya Fondunun nizamnamə kapitalı 500 milyon dollardır. İki ölkə arasında energetika, mehmanxana biznesi, tikinti, kənd təsərrüfatı və bir çox digər sahələrdə artıq konkret perspektivi olan və razılaşdırılmış layihələrin, imzalanmış müqavilələrin birgə həyata keçirilməsi qarşılıqlı investisiyaları əhəmiyyətli dərəcədə artıracaq.
RƏSMİ MÜTTƏFİQİK VƏ BEYNƏLXALQ ARENADA FƏAL QARŞILIQLI FƏALİYYƏT
Azərbaycan ilə Özbəkistan arasında iqtisadi-ticarət münasibətləri davamlı müsbət dinamika nümayiş etdirir. Bu ilin ilk beş ayında Özbəkistanla ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə üç dəfədən çox artaraq 200 milyon dolları ötüb. Ötən il Azərbaycan-Özbəkistan ikitərəfli tərəfdaşlığı üçün mühüm hadisələrlə zəngin olub. May ayında Quba şəhərində II Regionlararası Forum keçirilib, onun çərçivəsində Füzuli və Gülüstan, Biləsuvar və Tərmiz, Mingəçevir və Namanqan şəhərləri arasında qardaşlaşma sazişləri imzalanıb
Şübhəsiz ki, son illərdə Azərbaycan-Özbəkistan əlaqələri əməkdaşlığımızın gələcəkdə daha da möhkəmlənəcəyini göstərir. Hazırda ölkələrimiz arasında bütün sahələri əhatə edən strateji və çoxşaxəli əməkdaşlıq getdikcə dərinləşir və ikitərəfli münasibətlərin gələcək inkişafı üçün möhkəm təmələ çevrilir.
Bu günə qədər ölkələr arasında imzalanmış sənədlər bunun bariz nümunəsidir. Dövlətimizin başçısının çıxışlarının birində bildirdiyi kimi, "Biz artıq bir ildir ki, rəsmi müttəfiqik və bunu beynəlxalq arenada fəal qarşılıqlı fəaliyyətlə, qarşılıqlı dəstəklə, həmçinin bir çox sahədə həyata keçirilən plan və layihələrlə nümayiş etdiririk".
2022-ci il Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafı baxımından məhsuldar olub. Dövlətimizin başçısının Özbəkistana üç dəfə səfər etməsi Azərbaycan Prezidentinin qardaş ölkə ilə əməkdaşlığın inkişafına böyük önəm verməsinin göstəricisidir. 2023-cü il noyabrın 8-də isə Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısında iştirak etmək üçün Özbəkistanda səfərdə olub. Dövlətimizin başçısının bütün bu səfərləri zamanı əldə edilmiş razılaşmalar Mərkəzi Asiyanın aparıcı ölkələrindən olan Özbəkistanla əlaqələrimizin yeni mərhələdə əsas konturlarını müəyyənləşdirib.
Mühüm nəqliyyat marşrutlarının üzərində yerləşən ölkələrimiz bu sahədə də fəal əməkdaşlıq həyata keçirir. Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq Azərbaycanda bir sıra mühüm nəqliyyat-logistika infrastrukturu yaradılıb və ölkəmiz beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Bütün bunlar Azərbaycan vasitəsilə Mərkəzi Asiya ölkələrindən, o cümlədən Özbəkistandan yükdaşımaların həcminin daha da artmasına təkan verir. Prezident İlham Əliyevin 2022-ci ilin iyununda Özbəkistana dövlət səfəri zamanı imzalanan "Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş" bu baxımdan mühüm əhəmiyyətə malikdir. "Azərbaycan və Özbəkistan müntəzəm dialoqun aparılması və qonşu ölkələrlə nəqliyyat siyasətinin koordinasiyası üzrə razılığa gəlib", - deyə Prezident bildirib.
Bildiyimiz kimi, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev cari ilin iyulun 2-də Azərbaycan Respublikasına dövlət səfəri iki ölkə arasında çoxəsrlik dostluq münasibətlərinin inkişafında mühüm əhəmiyyət kəsb etmiş oldu. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana budəfəki dövlət səfəri iki ölkə arasında strateji tərəfdaşlığın yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirmiş oldu. Səfər çərçivəsində Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə mübadiləsi mərasimi keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının ikinci iclasının Qərarını imzalayıblar. Dövlətimizin başçısı çıxışında qeyd edib ki, bu gün biz həm ikitərəfli görüş, həm də Dövlətlərarası Şuranın iclası çərçivəsində ikitərəfli qarşılıqlı fəaliyyət məsələlərinin geniş spektrini müzakirə etdik, münasibətlərimizin strateji, müttəfiqlik xarakterini bir daha təsdiqlədik. Keçən il Daşkənddə qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Müqavilə imzaladıq. Bu, istənilən ölkələrin münasibətlərində ən yüksək və əhəmiyyətli sənəddir. Biz artıq bir ildir ki, rəsmi müttəfiqik və bunu beynəlxalq arenada fəal qarşılıqlı fəaliyyətlə, qarşılıqlı dəstəklə, həmçinin bir çox sahədə həyata keçirilən plan və layihələrlə nümayiş etdiririk".
ÖZBƏKİSTANLA ƏLAQƏLƏRİN YENİ MƏRHƏLƏSİNDƏ ƏSAS KONTURLAR
Dövlətlərarası "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Özbəkistan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında 2025-2027-ci illər üçün kənd təsərrüfatı və ərzaq təminatı sahəsində əməkdaşlığın gələcək inkişafı üzrə Praktiki Fəaliyyət Planını ("Yol xəritəsi")", "Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Özbəkistan Respublikasının Nəqliyyat Nazirliyi arasında gəmiçilik və gəmiqayırma sahələrində əməkdaşlıq haqqında Niyyət Protokolu", "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında ticarət dövriyyəsinin 2030-cu ilədək 1 milyard ABŞ dollarına çatdırılması üzrə kompleks tədbirlərin və layihələrin formalaşdırılması və həyata keçirilməsinin təmin edilməsi üzrə Fəaliyyət Planı", "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında 2025-2027-ci illər üzrə sənaye əməkdaşlığı Proqramı", "Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında elm, peşə təhsili və ali təhsil sahələrində əməkdaşlığa dair Saziş"i və s. sənədlər imzalanıb.
Vurğulamaq yerinə düşər ki, 2022-ci il Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafı baxımından məhsuldar olub. Dövlətimizin başçısının Özbəkistana üç dəfə səfər etməsi Azərbaycan Prezidentinin qardaş ölkə ilə əməkdaşlığın inkişafına böyük önəm verməsinin göstəricisidir. 2023-cü il noyabrın 8-də isə Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısında iştirak etmək üçün Özbəkistanda səfərdə olub. Dövlətimizin başçısının bütün bu səfərləri zamanı əldə edilmiş razılaşmalar Mərkəzi Asiyanın aparıcı ölkələrindən olan Özbəkistanla əlaqələrimizin yeni mərhələdə əsas konturlarını müəyyənləşdirib.
Azərbaycan Prezidenti İlham Əliyev çıxışında diqqətə çəkib ki, biz Özbəkistanın sürətli inkişafını, bütün sahələrdə genişmiqyaslı islahatların həyata keçirilməsini böyük maraq və sevinclə müşahidə edirik. Özbəkistanın beynəlxalq arenada imicinin ildən-ilə artmasına, iqtisadi potensialının güclənməsinə, sosial həyatının bir çox məsələsinin həll olunmasına şadıq: "Bütün bunlar Prezidentin, Özbəkistan rəhbərliyinin düşünülmüş siyasətinin nəticəsidir. Bunların hamısı konkret proqramlarda da öz əksini tapır. Biz, dost və qardaşlar olaraq buna ürəkdən sevinirik".
ÖLKƏLƏRİMİZ ARASINDA HƏMRƏYLİYİN, DOSTLUĞUN, QARDAŞLIĞIN NÖVBƏTİ ADDIMI
"Biz Qarabağın bərpasına göstərdiyi köməyə görə xüsusi minnətdarlığımızı bildiririk. Özbəkistan birinci ölkə, öz təşəbbüsü ilə Qarabağ bölgəsinin bərpasına dərhal yardım edən Prezident Mirziyoyev dünyada ilk lider olub. Sosial təhsil infrastrukturunun ilk obyekti isə məhz Özbəkistanın tikdirdiyi bu məktəbdir və mən Şavkat Miromonoviçlə onun açılışını etmişik. O, özbək xalqının böyük oğlu Mirzə Uluqbəyin adını daşıyır və burada öz əcdadlarının torpağına qayıdan uşaqlar təhsil alırlar", - deyəA Prezidenti İlham Əliyev bildirib. Ölkəmizdə "Özbəkistan" parkının təməlini qoyulması, ölkələrimiz arasında imzalanmış sənədlərin mübadilə edilməsi, Özbəkistan səfirliyinin yeni binasının açılışı münasibətlərimizin müsbət strateji inkişaf prosesi yaşadığını və çoxşaxəli əməkdaşlığın sürətlə genişləndiyini sürətləndiyini deməyə imkan verir.
Xüsusi olaraq Azərbaycanın suverenliyinin bərpa olunması işində Özbəkistanın və özbək xalqının dəstəyi qeyd olunmalıdır. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa edilən məktəb 960 şagird yerlikdir. Tikinti işləri yüksək keyfiyyətlə həyata keçirilib. Üç hektar ərazidə inşa edilən məktəb binası iki mərtəbə və zirzəmidən ibarətdir. Məktəbdə 40 sinif otağı, 6 laboratoriya, 2 informatika otağı, 5 funksional tədris otağı, 500 yerlik akt zalı, idman zalı, 320 yerlik yeməkxana, kitabxana var. Məktəbin həyətyanı ərazisində futbol meydançası, istirahət və keçiriləcək tədbirlər üçün yerlər, qaçış zolaqları, söhbətgahlar, nəzarət-buraxılış məntəqəsi, qazanxana, su çənləri, transformator yarımstansiyası inşa edilib. Qeyd edək ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin "Azərbaycan bizim üçün yaxın dost və zamanın sınağından çıxmış etibarlı strateji tərəfdaşdır" sözlərinin təsdiqi olan bu məktəbin inşası qardaş ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsindən xəbər verir. Azərbaycan Prezidenti İlham Əliyev də Özbəkistanın Füzuli rayonunda böyük məktəb inşa etmək təşəbbüsünü ölkələrimiz arasında həmrəyliyin, dostluğun, qardaşlığın növbəti addımı kimi qiymətləndirmişdir.
Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, "Qardaş ölkələr, müttəfiqlər kimi inamla, layiqincə, çiyin-çiyinə addımlayırıq və irəliləməyə davam edəcəyik".
Nəzakət ƏLƏDDİNQIZI
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.