AZ

Əcnəbilərlə ailə qurmaq dəbi Azərbaycanda çiçəklənir - 1080 nikah...


Fatimə Hacıbəyli: “Azərbaycanlıların əcnəbilərlə ailə qurmasının əsas səbəbi onların azadlıq axtarmasındadır”

Son zamanlar azərbaycanlıların digər ölkə vətəndaşları ilə ailə qurmasına tez-tez rast gəlinir. Cari ilin ilk 6 ayı ərzində Azərbaycan vətəndaşları ilə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında 1080 nikah bağlanıb.

Ədliyyə Nazirliyinin yaydığı məlumatda qeyd edilir ki, onlardan 599 nəfəri Azərbaycan vətəndaşı olan kişi, 481 nəfəri Azərbaycan vətəndaşı olan qadındır.

Qeyd edək ki, daha çox Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna, Pakistan vətəndaşları ilə Azərbaycan vətəndaşları arasında nikahlar rəsmiləşdirilib.

Açıqlanan rəqəmlərdən də bəlli olur ki, əcnəbilərlə ailə quran vətəndaşlarımızın sayı artır.

Maraqlıdır, əcnəbi kürəkən və gəlinlərin sayı niyə artır?

“Əcnəbilərlə nikah həm dövrün tələbi, həm iqtisadi problemlər, həm də psixoloji amillərlə bağlıdır”

Sosioloq Fatimə Hacıbəyli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, əcnəbilərlə nikah həm dövrün tələbi, həm iqtisadi problemlər, həm də psixoloji amillərlə bağlıdır: “Çoxu düşünür ki, əcnəbi vətəndaş iqtisadi cəhətdən sığortalanıb, onun maddi problemi olmayacaq. Avropa ölkələrinin vətəndaşları ilə nikaha girənlər daha çox rəsmi nikaha üstünlük verirlərsə, Şərq ölkələrinin vətəndaşları ilə evlənənlər daha çox dini və ya vətəndaş nikahında olurlar. Boşanmalara da əsasən Şərq ölkələri - İran və Türkiyə vətəndaşları ilə nikaha girənlər arasında rast gəlinir. Boşanma prosesində də problemlər ortaya çıxır və çoxlu maliyyə vəsaiti tələb etdiyindən, bir çox hallarda qadın özünü müdafiə edə bilmir. Belə ailələrdə sonradan problem yaranarsa, uşağa atalığın verilməsi, uşağın ölkəyə gətirilməsi və s. problemlər ortaya çıxır. Bir çox hallarda isə qadın özünü müdafiə edə bilmir”.

Ekspert hesab edir ki, azərbaycanlıların əcnəbilərlə ailə qurmasının əsas səbəbi onların azadlıq axtarmasındadır. Bir sıra gənc qızlar, qadınlar düşünürlər ki, əgər əcnəbi kişi ilə ailə qurarsa, demək, onun azadlığı olacaq və istədiyi kimi yaşayacaq: “Əcnəbilərlə ailə quranlar üçün KİV-də maarifləndirmə aparılmalıdır ki, hər ailə quran yağ-bal içərisində üzmür. Onların arasında sonradan çoxlu problemləri olanlar da olur. Bəzən əcnəbilərlə vətəndaşlıq almaq və ya digər məqsədlərini həyata keçirmək üçün saxta nikahlara da rast gəlinir. Lakin insanlar bilməlidirlər ki, evliliyə ciddi yanaşmaq lazımdır və onu oyuncaq hesab etmək olmaz. Hazırda bütün dünyada mənəvi dəyərlər maddi dəyərlərin basqısı altındadır. Ona görə də ailə dəyərlərini gücləndirmək lazımdır.

Ancaq onu da deyim ki, qarışıq ailələrdə, yəni marginal tip ailələrdə olan uşaqların böyüyəndə bəzi psixoloji problemləri olur. Uşaq bilmir ki, özünü hansı etnik mənsubiyyətə aid eləsin. Bəzən mənsubiyyətlər arasında gərginlik yarananda uşaq üçün faciə olur. Həmçinin, biz milli-mənəvi, ailə dəyərlərimizə bağlı olmalıyıq. Milli kimliyimizin qorunub saxlanılmasında milli dəyərlərin mühüm əhəmiyyəti var. Bu baxımdan əcnəbilərlə ailə həyatı qurmaqdan çəkinməyə çalışmalıyıq. Çünki statistikaya baxanda görürük ki, əcnəbilərlə ailə münasibətlərinin mütləq əksəriyyəti boşanma ilə nəticələnir. Bu da o deməkdir ki, xarakterlər, həyat tərzi, mental xüsusiyyətlərdə fərqlər ortaya çıxır. Həm də əcnəbilərin ailə itirmək kimi bir narahatlığı olmur, çox rahat şəkildə boşanırlar. Bütün bunları nəzərə alaraq tövsiyə edərdim ki, Azərbaycan cəmiyyətində milli dəyərləri, milli kimliyi qoruyub saxlamaq üçün öz vətəndaşlarımızla ailə həyatı qursunlar”.

Günel CƏLİLOVA

Seçilən
18
baki-xeber.com

1Mənbələr