AZ

"Araz-Naxçıvan"ın futbolçusundan azarkeşlərə "Omoniya" çağırışı

BAKI. 1 avqust. TELEQRAF

“Komandamız xarakter göstərdi”“Bizi çətin oyunun gözlədiyini bilirdik".

Teleqraf xəbər verir ki, bunu "Araz-Naxçıvan"ın müdafiəçisi Bəxtiyar Həsənalızadə Yunanıstanda “Aris”lə 2:2 hesablı heç-heçə etdikləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab matçından sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Təcrübəli müdafiəçi növbəti mərhələyə yüksəlmələrini belə şərh edib: “Aris”i Bakıda məğlub etsək də, heyətlərində kifayət qədər keyfiyyətli futbolçuların olması, doğma meydanda güclü azarkeş dəstəyinə sahib olmaları ehtiyatlı əldən verməməyə vadar edirdi. Matçın gedişində azarkeşlərin fəallığını xüsusi qeyd etmək istərdim. Çox çətin oyun oldu. Görüşün əvvəli yaxşı başladı, ardıcıl 2 qol vurduq və hesabdakı üstünlüyümüzü xeyli artırdıq. Bir epizodda diqqətsizlik etməyimiz qırmızı vərəqə almağımıza və meydanda azlıqda qalmağımıza səbəb oldu. Belədə müdafiəyə çəkilməli olduq. Düzdür, hesabı qoruya bilmədik, ancaq lazım olan nəticəni əldə etdik".

Həsənalızadə xarakter göstərdiklərini vurğulayıb: "Bizim üçün nəticə vacib idi. Hər kəs əlindən gələnin maksimumunu etdi və yekunda debütant “Araz-Naxçıvan” avrokuboklarda növbəti mərhələyə yüksəldi. Klub adına yaxşı bir tarix yazdıq".

Onun sözlərinə görə, növbəti rəqib olan Kipr “Omoniya”sı ilə görüşlərə yaxşı hazırlaşmaq lazımdır: "Heyətimizdə itkilər olsa da, yaxşı nəticə qazanmaq üçün mübarizəni sona qədər davam etdirəcəyik. Azarkeşlərimizə səslənirəm ki, oyun günü stadiona gəlin, komandamızı sona qədər dəstəkləyin. Sizin dəstəyiniz gücümüzə güc qatır. Biz də üzərimizə düşəni edəcəyi. Qələbə münasibəti ilə futbolsevərlərimizi təbrik edirəm”.

Qeyd edək ki, "Araz-Naxçıvan" "Omoniya" ilə ilk görüşünü avqustun 7-də evdə, cavab oyununu avqustun 14-də səfərdə keçirəcək.

Seçilən
22
5
teleqraf.com

10Mənbələr