Türkiyənin Şanlıurfa vilayətinin Əyyubiyə rayonunda yerləşən Balıklıgöl Dövlət Xəstəxanasında baş verən bıçaqlı hücum böyük təşvişə səbəb olub.
Referans xəbər verir ki, hadisə axşam saatlarında xəstəxananın təcili yardım xidmətində baş verib.
Şahidlərin sözlərinə görə, İbrahim Halil K. adlı şəxs əvvəlcə xəstəxananın xüsusi mühafizəçisinə, daha sonra isə təcili yardım həkiminə hücum
edərək onları boğaz nahiyəsindən bıçaqlayıb.
Təhlükəsizlik kameralarının lentə aldığı görüntülərdə hücumçunun qəfil və amansız davranışı açıq şəkildə görünür. Hücum edən şəxs əvvəlcə
mühafizəçiyə yaxınlaşaraq boyun nahiyəsini bıçaqlayır, daha sonra dəhlizdə hərəkət edərək təcili yardım otağına daxil olur və orada olan baş
həkimin müavini İsmayıl A.-nı da boğazından bıçaqlayır. Yaralanan mühafizəçi son anda qaçaraq özünü içəri atır və bu sayədə həyatı xilas olunur.
Yaralılara hadisə yerində dərhal tibbi yardım göstərilib və yaralılar xəstəxanada müalicəyə götürülüblər. Şanlıurfa Valiliyinin verdiyi rəsmi açıqlamaya görə, hər iki yaralının həyati təhlükəsi yoxdur.
Hadisədən sonra AK Partiya Şanlıurfa Millət vəkili Hikmət Başak xəstəxanaya gələrək yaralanan həkim İsmayıl A.-nı ziyarət edib. O, həkimin səhhətinin yaxşı olduğunu bildirərək, tezliklə sağalmasını arzulayıb.
Hazırda hadisə ilə bağlı istintaq davam edir. Hücumun motivləri isə hələlik açıqlanmayıb.
Musavat.com