“Qarabağ” klubu barəsindəki açıqlaması ilə Azərbaycanda gündəmə gələn Rumıniyanın FCSB klununun sahibi Gigi Bekali bir neçə gün futboldan danışmayacaq.
QOL.az xəbər verir ki, o, bu barədə komandasının UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Şkendiya”ya (Şimali Makedoniya) evdəki məğlubiyyətdən (1:2, ilk matç 0:1) sonra deyib.
Bekali məğlubiyyəti utancverici adlandırıb: “Bu ana qədər komanda mənə danışmağa imkan verirdi. Bundan sonra nə deyim? Komanda məni lağa qoyursa, danışmağa haqqım var?”
FCSB-nin sahibinin sərt tənqidlərinin hədəfinə isə komandanın kapitanı Adrian Şut olub. Bekali onu “havada gəzən” adlandıraraq, oyun boyu topdan qaçdığını və meydanda liderlik göstərmədiyini bildirib.
“Şut ancaq TikTok-dadır, nə deyə bilərik? Bütün oyunu təkbaşına Vlad Kirikeş apardı. Halbuki bunu etməli olan Şut idi, o isə hər şeyi Kirikeşin üzərinə atdı. 36 yaşlı oyunçudan matçı udmasını gözləyirsən? Məncə, oyunun taleyi mərkəzdən həll olunur. Şut nə top qəbul edirdi, nə də rəqibdən top almaq üçün ayağını uzadırdı. Məncə, şəxsi həyatı ilə bağlı nəsə problem var, dəqiq bilmirəm. Amma meydanda topdan, futboldan gizlənirdi. Sakit və tərbiyəli oğlandır, amma çox “havada”dır,” – deyə Bekali “Digi Sport Special” nəşrinə açıqlamasında qeyd edib.
Xatırladaq ki, Bekali “Şkendiya” ilə oyundan əvvəl “Qarabağ”la bağlı qalmaqallı açıqlama vermişdi. O demişdi ki, “Qarabağ” onların səviyyəsində rəqib deyil və komandaya 2-3 qolla qalib gələrlər.
Amma FCSB “Şkebdiya”nı keçə bilmədi. Beləliklə də “Qarabağ”ın 3-cü mərhələdə rəqibi Rumıniya yox, Şimali Makedoniya çempionu oldu.