“Şelburn”un baş məşqçisi Coy Obrayn Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”a məğlub olduqları görüşdən sonra jurnalistlərin suallarını cavablandırdı.
Futbolpress.az xəbər verir ki, mütəxəssis media nümayəndələri ilə görüşdə bunları söylədi:
– İlk oyunda məğlub olmağınıza baxmayaraq, az risk etdiniz. Bu, nəylə bağlı idi? Daha ağır hesabla məğlub olmaq istəmirdiniz, ya “Qarabağ”ın gücündən qorxurdunuz?
– İlk oyunu da belə keçirmişdik. Rəqibin üstünlüyü var. İlk hissədən heç-heçə gözləyirdik, amma alınmadı.
– Növbəti mərhələdə hansı rəqiblə oynamağı arzulayardınız?
– Hazırda bu haqda düşünmürük. Bütün diqqətimiz bugünkü matçda idi.
– “Qarabağ”ın Liqa mərhələsinə düşmək potensialı var?
– “Qarabağ”ın belə təcrübəsi var. Neçə illərdir, avrokuboklardadırlar.
– Məğlubiyyətinizi necə şərh edərdiniz? Siz yaxşı oynamadınız, ya “Qarabağ” güclüdür?
– Birinci oyunun ikinci hissəsində çoxlu şanslarımız oldu. Ancaq səhvlər etdik. Bugünkü oyuna da yaxşı hazırlaşmışdıq. Amma ilk hissənin sonlarında buraxdığımız qol təsir etdi. Hesabı bərabərləşdirə bilərdik, amma alınmadı.
– Püşk atılanda “Qarabağ”ı oyunçularınıza necə təqdim etdiniz?
– “Qarabağ”ın gücündən xəbərimiz var idi. Onların böyük təcrübəsi var. Bizim ölkəmizdə də futbol ciddi sahə hesab olunur. Yaxşı nəticələr üçün çalışırıq.
– Oyunlarda etdiyiniz taktiki gedişlər nə dərəcə uğurlu alındı?
– Çox səhvlərin olduğunu düşünmürəm. Hesabı bərabərləşdirə bilərdik. “Qarabağ” kimi komandaya qarşı çox dəyişiklik etmək asan deyil.
– Bugünkü oyundan nələr qazandınız?
– “Qarabağ”ın baş məşqçisi hörmətli və təcrübəli şəxsdir. Bu cür oyunlardan çox şey öyrənirik. Ən əhəmiyyətli olan “Qarabağ” kimi komandaların xırda səhvləri bağışlamamasıdır.
Şahin Cəfərov