AZ

11 yeni bağça fəaliyyətə başlayacaq

“Uşaqların 1-5 yaş arası ən fəal inkişaf edən dövrüdür. Bunu nəzərə alaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən bir sıra tədbirlər görülür”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin şöbə müdiri İlahə Rəsulova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, məktəbəqədər təhsilin əhatə dairəsi genişləndirilir, əhalinin sıx məskunlaşdığı ərazilərdə alternativ modellər tətbiq edilir: “2025-2026-cı tədris ilində 11 yeni bağçanın fəaliyyətə başlaması planlaşdırılır. Ölkə üzrə məktəbəqədər təhsil müəssisələrinə qəbul üçün proqnozlaşdırılan uşaq sayı 58 min 500 nəfərdir. Məktəbəqədər təhsil müəssisələrinə qeydiyyatın başlandığı 18 iyul tarixindən indiyədək 32 min 381 uşağın bağçaya qəbul olunması ilə bağlı valideynlərə SMS göndərilib”.

İ.Rəsulova bildirib ki, bağçaların mövcud olmadığı və ya əhalinin sıx yaşadığı ərazilərdə uşaqların məktəbəqədər təhsilə cəlb edilməsi üçün alternativ olaraq qısamüddətli təlim qrupları fəaliyyət göstərir: “Bu qruplar əsasən ümumtəhsil məktəblərinin nəzdində yaradılır. 2024-2025-ci tədris ilində 1177 qrupda 18 380 nəfər olmaqla 3-4 yaşlı uşaqlar gündəlik 2 saatlıq təlimlərə cəlb olunub”.

Şöbə müdiri əlavə edib ki, 2018-ci ildən tətbiq olunan bu model  qadınların məşğulluğu, icma mədəniyyətinin bərpası, valideynlərin tədrisə qoşulması və uşaqların məktəbəqədər təhsillə tanışlığı baxımından önəmlidir. 2025/26-cı tədris ilində bu proqram çərçivəsində 25 000 uşağın təlimlərə cəlb olunması gözlənilir.

Gülnar Əliyeva

Seçilən
82
6
qafqazinfo.az

8Mənbələr