AZ

11 yeni bağça fəaliyyətə başlayacaq

"Uşaqların 1-5 yaş arası ən fəal inkişaf edən dövrüdür. Bunu nəzərə alaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən bir sıra tədbirlər görülür".

Day.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin şöbə müdiri İlahə Rəsulova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, məktəbəqədər təhsilin əhatə dairəsi genişləndirilir, əhalinin sıx məskunlaşdığı ərazilərdə alternativ modellər tətbiq edilir: "2025-2026-cı tədris ilində ölkə üzrə məktəbəqədər təhsil müəssisələrinə qəbul üçün proqnozlaşdırılan uşaq sayı 58 min 500 nəfərdir. Məktəbəqədər təhsil müəssisələrinə qeydiyyatın başlandığı 18 iyul tarixindən indiyədək 32 min 381 uşağın bağçaya qəbul olunması ilə bağlı valideynlərə SMS göndərilib".

İ.Rəsulova bildirib ki, bağçaların mövcud olmadığı və ya əhalinin sıx yaşadığı ərazilərdə uşaqların məktəbəqədər təhsilə cəlb edilməsi üçün alternativ olaraq qısamüddətli təlim qrupları fəaliyyət göstərir: "Bu qruplar əsasən ümumtəhsil məktəblərinin nəzdində yaradılır. 2024-2025-ci tədris ilində 1177 qrupda 18 380 nəfər olmaqla 3-4 yaşlı uşaqlar gündəlik ikisaatlıq təlimlərə cəlb olunub".

Şöbə müdiri əlavə edib ki, 2018-ci ildən tətbiq olunan bu model qadınların məşğulluğu, icma mədəniyyətinin bərpası, valideynlərin tədrisə qoşulması və uşaqların məktəbəqədər təhsillə tanışlığı baxımından önəmlidir. 2025/26-cı tədris ilində bu proqram çərçivəsində 25 000 uşağın təlimlərə cəlb olunması gözlənilir.

İlahə Rəsulovanın sözlərinə görə, özəl-dövlət əməkdaşlığı modeli çərçivəsində 2-si regionda olmaqla, ümumilikdə 24 özəl bağça qrant layihəsinə qoşulub və 1300 uşaq bu xidmətdən yararlanıb. Layihə üzrə dövlət hər bir uşaq üçün aylıq 250 manat vəsait ayırır, ödənişin yerdə qalan hissəsi isə valideyn tərəfindən ödənilir: "Bu model özəl sektorun məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsindəki rolunu artırır.

Dövlət məktəbəqədər müəssisələrində optimallaşdırma prosesi həyata keçirilir. Növbəsi olmayan və boş qruplar bağlanır, əvəzində ehtiyac olan bağçalarda əlavə qruplar yaradılır. İlkin mərhələdə bu tədbirlər nəticəsində əlavə olaraq 448 uşaq təhsilə cəlb olunub. İkinci mərhələdə isə daha 500 uşağın cəlbi proqnozlaşdırılır".

Şöbə müdiri qeyd edib ki, bağça infrastrukturunun inkişaf etdirilməsi də diqqət mərkəzində saxlanılır: "Məktəbəqədər təhsil müəssisələrinin Elm və Təhsil Nazirliyinin tabeliyinə verildiyi dövrdən indiyədək 14 yeni bağça istifadəyə verilib, 3 müəssisə əsaslı təmir olunub. 2025-2026-cı tədris ilində isə daha 11 yeni bağçanın fəaliyyətə başlaması planlaşdırılır".

Seçilən
85
6
day.az

8Mənbələr