AZ

Süleyman Əhmədov “Karvan-Yevlax”ı azarkeşlərə görə seçib: “Tamam başqa atmosferdir” - MÜSAHİBƏ

“Karvan-Yevlax”ın yeni transferlərindən olan Süleyman Əhmədovun futbolinfo.az saytına müsahibəsi

– İlk olaraq ötən mövsümə nəzər salaq. Sabiq komandanız “Səbail”in Premyer Liqanı tərk etməsinin səbəbini nədə görürsünüz? Yəqin ki, belə olacağını mövsümün əvvəlində gözləmirdiniz…

– “Səbail”in Premyer Liqanı tərk etməsi mənim üçün çox üzücü oldu. Belə olacağını gözləmirdim, ancaq gedişat istədiyimiz kimi olmadı. Çox çətin durumlarla qarşılaşdıq, çıxış yolları axtarsaq da, buna nail ola bilmədik.

– “Səbail”in 1 ildən sonra Premyer Liqaya qayıdacağına inanırsınız? Heyətin əksər üzvünün komandadan ayrılması buna mane olmayacaq?

– “Səbail”in Premyer Liqaya qayıdacağına inanıram. Hazırda iddialı heyət yığırlar. Bunu transferlərdən görmək mümkündür. Gedənlərin sayı nə qədər çox olsa da, komandaya yeni qoşulan yaxşı oyunçular var. I Liqada çempion olub Premyer Liqaya qayıdacaqlarına ümidim çoxdur.

– Başqa klublardan da təklifləriniz var idi? Nəyə görə “Karvan-Yevlax” variantını üstün tutdunuz?

– “Karvan-Yevlax”dan təklif gələndə bir az götür-qoy etdikdən sonra razılaşıb təklifi qəbul etdim. Premyer Liqaya yeni yüksələn komandanın yaxşı, döyüşkən, istəkli futbolçulardan yığılan heyətlə nələrəsə nail olacağına inandım.

– Yevlax təmsilçisi uzun illər idi ki, Premyer Liqadan uzaq düşmüşdü. Sizcə, yüksək dəstəyə qayıtdığı ilk mövsümdə komanda necə təsir bağışlayacaq? “Karvan-Yevlax”ın qarşısına hansı hədəf qoyulub?

– İllər sonra “Karvan-Yevlax”ın Premyer Liqaya qayıtması çox sevindirici haldır. Həm yerli, həm də legionerlərdən ibarət yaxşı komanda yığılır. Klubun adına layiq futbol sərgiləyəcəyimizə inanıram. Hədəfimiz öncə Premyer Liqadakı yerimizi qorumağa çalışmaq, növbəti mövsümdə isə daha yaxşı yerlər uğrunda mübarizə aparmaqdır.

– Görürük ki, “Karvan-Yevlax” legionerlərlə yanaşı, təcrübəli yerli futbolçularla da güclənir. Bu tandem uğurlu alınacaqmı? Komandadaxili anlaşma yaxşı səviyyədədir?

– Həm legionerlərdən, həm də yerli futbolçulardan təşkilatlanmış yaxşı, mehriban kollektivimiz var. Nəticələrin ürəkaçan olması üçün bu şeylər çox önəmlidir.

– Premyer Liqada bölgə klublarının sayının artması, eyni zamanda, oyunlarda azarkeş sayının artacağı deməkdir. Çoxlu sayda yevlaxlı azarkeş önündə oynamaq sizə əlavə motivasiya verəcəkmi? Onlara nə sözünüz var?

– Premyer Liqada bölgə klublarının sayının artması olduqca sevindirici haldır. Çoxlu azarkeş önündə oynamaq tamam başqa atmosferdir. “Karvan-Yevlax”ı seçməyimin əsas səbəblərindən biri də yevlaxlı azarkeşlər önündə oynamaqdır. Onların dəstəyi sayəsində yaxşı nəticələr qazanacağımıza inanıram. Azarkeşlərə sözüm odur ki, bir yerdə əl-ələ verib onları sevindirməyə çalışacağıq.

İdman.biz

Seçilən
25
50
idman.biz

10Mənbələr