UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Azərbaycan təmsilçisi "Sabah" Moldovada “Petrokub”la ilk görüşdə 2:0 hesablı qələbə qazanıb. Növbəti mərhələnin taleyinə iyulun 31-də Əlincə stadionunda ("Bank Respublika Arena") təşkil olunacaq cavab görüşündə aydınlıq gələcək.
Klubun idman direktoru və Müşahidə Şurasının üzvü İqor Ponomaryov Teleqraf-a müsahibəsində komandanın hazırkı nəticələri və cavab görüşünə hazırlıq barədə danışıb, yeni baş məşqçi Valdas Dambrauskasın işini dəyərləndirib:
- Komandanız Moldovada “Petrokub” üzərində vacib qələbə qazandı. Komandanın oyunu sizi qane etdimi?
- Moldova təmsilçisi ötən mövsüm Konfrans Liqasının əsas mərhələsində iştirak edib. Bizi çətin rəqibin gözlədiyini bilirdik. Oyun da çətin keçdi, lakin "Sabah" xarakter göstərdi və sona qədər mübarizə apararaq bizim üçün vacib qələbə qazandı. Həm nəticədən, həm də oyundan razıyam.
- Səfər qələbəsi azarkeşlərdə böyük ümidlər yaradıb. “Sabah”ın növbəti mərhələ şanslarını necə dəyərləndirirsiniz?
- Yalnız birinci hissədə qələbə qazandıq. Cavab görüşündə rəqib də sona qədər mübarizə aparacaq. Həlledici qarşılaşma evdə keçiriləcək. "Sabah" növbəti mərhələni təmin etmək üçün cavab oyununda da eyni xarakteri nümayiş etdirməlidir.
- Cavab oyununa hazırlıq prosesi necə gedir?
- Komandanın hər bir üzvü – həm oyunçular, həm də məşqçilər korpusu əsl peşəkardır. Onlar bu oyuna ilk matçdakı kimi ciddi hazırlaşırlar.
- UEFA Avropa Liqasında “Tsele” ilə matçda alınan nəticə komandaya psixoloji təsir göstərdimi?
- "Sabah" "Tsele" ilə görüşlərdə sona qədər mübarizə aparırdı. Ötən mövsüm onlar Konfrans Liqasının 1/4 final mərhələsində çıxış ediblər. Yəni, kifayət qədər ciddi rəqib idi. Mərhələni keçə bilərdik, amma təəssüf ki, alınmadı. Ancaq baş məşqçimiz Valdas Dambrauskasın dediyi kimi, mərhələni keçə bilməsək də, "Tsele" ilə oyunlar komandaya çox şey verdi, futbolçular öz səhvlərini gördülər. "Petrokub"la ilk oyunu da "Tsele" ilə matçlarda qazanılan təcrübənin nəticəsi hesab edə bilərik.
- “Tsele” ilə oyunlarda komandanın zəif cəhətləri nələr idi?
- Sadə dillə desək, “Tselye” verilən imkanlardan yararlandı. Oyun və ya taktika baxımdan, rəqibimizdən geri qaldığımızı deməzdim. Hətta matçda elə məqamlar da oldu ki, biz fərqli qərar versəydik, cütün taleyi tam fərqli ola bilərdi. Amma bu, futboldur, bəzən belə şeylər olur.
- Valdas Dambrauskasın komandadakı işini necə qiymətləndirirsiniz?
- Dambrauskas çox şeyə nail olmuş əsl peşəkardır. O, komandaya yeni təyin olunub, ideyalarını həyata keçirməsindən ötrü zamana ehtiyacı var. Hazırkı nəticələrə gəlincə, onları kənardan qiymətləndirmək olar. Onun rəhbərliyi altında komanda Konfrans Liqasının son 1/4 finalçısı ilə bərabər mübarizə aparırdı. Konfrans Liqasının ilk oyununda səfərdən qələbə ilə qayıtdılar.
- Baş məşqçinin oyun üslubu və hazırlıq metodlarına oyunçular uyğunlaşıbmı?
- Komandada adaptasiya prosesi sürətlə gedir. Bunu son oyunlarımıza baxanda da görmək olar. Komanda matçdan-matça inkişaf edir.
- Baş məşqçi indiyə qədər olduğu klublarda pis nəticə göstərməsə də, uzun müddət işləməyib. "Sabah”da əksi ola bilərmi?
- Qeyd etdiyiniz kimi, Dambrauskas çalışdığı klubların əksəriyyətində yaxşı nəticələr əldə edib. Əminəm ki, onun “Sabah”dakı işi də uğurlu olacaq.
- Transfer pəncərəsi hələ açıqdır. Yeni transferlər gözlənilirmi?
- Biz transferlərlə təkcə yay-qış deyil, ilboyu işləyirik. “Sabah”ın peşəkar skaut komandası var. Təbii ki, bu proseslər baş məşqçi ilə birlikdə həyata keçirilir.
- Avqustun 15-də Premyer Liqa başlayacaq. Həm avrokuboklar, həm də daxili çempionatda hansı hədəflər var?
- Avrokuboklarda əsas məqsəd addım-addım irəliləməkdir. Təbii ki, biz mümkün qədər irəliləmək istəyirik. Klub və komanda bunun üçün əlindən gələni edir. Eyni şey çempionata da aiddir.
- Yeni futbolçuların komandaya uyğunlaşması ilə bağlı vəziyyət necədir: “Sabah” akademiyasından A komandaya namizədlər varmı?
- Son oyunlardan da göründüyü kimi, yeni transferlər də oyundan-oyuna komandaya daha yaxşı uyğunlaşırlar. Akademiya və əvəzedici heyət hər zaman diqqət mərkəzindədir. Əsas komandamızda çalışan baş məşqçilər akademiyada çıxış edən gənc futbolçulara həmişə diqqətli olublar. Artıq bir neçə gənc oyunçu UEFA-nın iştirak ərizəsinə daxil edilib.
- Yusif İmanov “Sabah” FIFA-ya şikayət edib. Ali futbol qurumunun reaksiyası necə oldu?
- FIFA-dan heç bir müraciət almamışıq.