Özbəkistanın Mərkəzi Bankında Azərbaycan Mərkəzi Bankının nümayəndələrinin iştirakı ilə mühasibat uçotu, maliyyə hesabatları və maliyyə-iqtisadi idarəetmə sahəsində təcrübə mübadiləsinə həsr olunmuş ikigünlük seminar keçirilib.
Bu barədə “Report” Özbəkistan Mərkəzi Bankına istinadən xəbər verir.
Seminarda bank büdcəsinin planlaşdırılması və idarə olunması, uçot siyasəti, mühasibat prosesləri, o cümlədən qiymətli kağızların uçotu, Özbəkistan Mərkəzi Bankının nəzarətində olan müəssisələrin maliyyələşdirilməsi və idarə olunması, daxili mühasibat uçotu nəzarəti, maliyyə əməliyyatlarının aparılması və beynəlxalq ehtiyatların idarə edilməsi kimi mühüm məsələlər müzakirə olunub.
İştirakçılar həmçinin qabaqcıl beynəlxalq təcrübələri və onların tətbiqi ilə bağlı problemləri müzakirə ediblər. Görüşün yekununda tərəflər ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi və bu istiqamətlərdə əməkdaşların bacarıqlarının artırılması barədə razılığa gəliblər.