«Qarabağ» bu yay 4 transfer edib.
Azərbaycan çempionu Dani Bolt ("Torreense", Portuqaliya), Pedro Bikalyo ("Alverka", Portuqaliya), Kris Kuaku ("Mafra", Portuqaliya) və Sami Mmaee ("Danamo" Zaqreb - icarə) ilə güclənib.
“Qarabağ”ın prezidenti Tahir Gözəl dünən yeni transfer çalışmaları barədə açıqlama verib. Klubun mətbuat xidmətinə danışan başqan azarkeşləri sevindirib:
“Yeni mövsümə yeni transferlərlə başlamışıq. Onlardan bəzilərini artıq meydanda da görmüşük.
Həm Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində keçirilən yoxlama oyunlarında, həm də “Şelburn”la qarşılaşmada yeni transferlərdən bəziləri meydana çıxıblar.
Digərləri də növbəti görüşlərdə şans qazanacaqlar. Onların mövsüm ərzində komandaya faydalı olacaqlarına, uğurlar qazanmaqda kömək edəcəklərinə inanıram.
Yeni transferlər etmək istəyirik. Baş məşqçimiz və texniki heyət komandanı oyunlara hazırlamaqla paralel şəkildə transferlər üzərində də çalışır.
Onların lazım bildiyi mövqeləri gücləndirmək üçün istədiyi futbolçuları almağa çalışırıq. Ön xəttə - hücumçu və hücuma dəstək verəcək mövqelərə oyunçu istəyirik.
Digər mövqelərdə də faydalı olacaq futbolçuların keçidi variantları yaranarsa, heyətimizi onlarla da gücləndirəcəyik. Bizdən asılı olan hər şeyi edirik.
İnanıram ki, yaxın zamanda istəyimizə nail olacağıq. Azarkeşlərimiz daha güclü “Qarabağ” görmək, bunun üçün yeni transferlər istəyirlər.
Onlar əmin ola bilər ki, biz də komandanın güclənməsi üçün bütün vasitələrdən istifadə edirik. Hansı mövqelərə hansı futbolçunu almaq lazımdırsa, həmin keçidi gerçəkləşdirəcəyik”.
Tahir Gözəlin dedikləri həqiqətdir. O və çevrəsindəki şəxslər komandanın gücləndirilməsi üçün normal büdcə ayırıb.
Azərbaycan çempionu bu yolda daha 2-2,5 milyon dollar xərcləməyə hazırdır. «Köhlən atlar» həmin pula 2-3 legioner almaq niyyətindədir.
Qurban Qurbanov hücum və müdafiə xətlərini gücləndirmək istəyindədir. Hazırda bu yöndə bir neçə əcnəbi ilə danışıqlar gedir.
Sadəcə, «iş bitdi» demək üçün hələ tezdir. Düzdür, görüşülən oyunçulardan bura gəlməyə razılıq verən var, ancaq məxsus olduqları klublarla təzminat mövzusunda anlaşma əldə etmək bir qədər vaxt alır.
Mümkündür ki, proses bir az da çəksin. O da ola bilər ki, «Qarabağ» 2-3 gün ərzində növbəti transfer xəbərini açıqlasın.
SPORTİNFO.AZ