AZ

BMT: İranda bu ilin altı ayı ərzində 612 nəfər edam edilib

Bakı, 29 iyul, AZƏRTAC

BMT-nin insan haqları üzrə Ali komissarı Volker Türk bu il İranda edamların sayının kəskin artması ilə bağlı dərin narahatlığını ifadə edib. O, edamlara dərhal moratorium qoymağa çağırıb.

AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, təşkilatın məlumatına görə, İran 2025-ci ilin birinci yarısında ən azı 612 edam həyata keçirib ki, bu da 2024-cü ilin analoji dövründəki 297 edamdan iki dəfə çoxdur. İnsan haqları müdafiəçiləri xüsusilə azlıqların edam edilənlər arasında qeyri-mütənasib şəkildə təmsil olunmasından narahatdırlar.

“Hazırda azı 48 nəfərin barəsində ölüm hökmü çıxarılıb, onlardan 12-si yaxın gələcəkdə edam olunmaq təhlükəsi ilə üz-üzədir”, –deyə Volker Türk qeyd edib.

BMT qeyd edir ki, bu il edam edilən şəxslərin 40 faizindən çoxu narkotiklə əlaqəli ittihamlarla məhkum edilib. Digərləri qeyri-müəyyən şərtlərlə, məsələn, hakimiyyət tərəfindən müxalif fikirləri və siyasi opponentləri sıxışdırmaq üçün istifadə edilən “Allahla düşmənçilik” ittihamı üzrə mühakimə olunub.

Ali komissar bir çox müttəhimin bağlı qapılar arxasında mühakimə olunduğunu, ədalətli mühakimə prinsiplərini sistematik şəkildə pozulduğunu bildirib. Onun sözlərinə görə, İranın İnqilab Keşikçiləri Şurası hazırda “düşmən dövlətlərlə əməkdaşlıq” anlayışını xeyli genişləndirən qanun layihəsini nəzərdən keçirir. Casusluğa görə ölüm cəzasını nəzərdə tutan qanuna onlayn ünsiyyət, xarici media ilə əməkdaşlıq və hətta “ideoloji fikir ayrılığı” kimi hərəkətlər daxil edilə bilər. Ali komissar qanun layihəsini “təhlükəli” adlandırıb və onun ləğv edilməsini istəyib.

“Ölüm hökmü yaşamaq hüququ ilə bir araya sığmır və insan ləyaqəti baxımından qəbuledilməzdir. Mən İranı ölüm hökmünü ləğv etmək üçün qlobal hərəkata qoşulmağa və buna moratorium tətbiq etməklə başlamağa çağırıram, - deyə Volker Türk sözlərini yekunlaşdırıb.

 

Seçilən
0
3
azertag.az

4Mənbələr