BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türk bu il İranda edamların sayının kəskin artması ilə bağlı dərin narahatlığını ifadə edib və edamlara dərhal moratorium qoymağa çağırıb.
Hafta.az-ın BMT-nin məlumatına istinadən yazdığına görə, 2025-ci ilin birinci yarısında İranda ən azı 612 ölüm hökmü icra edilib ki, bu 297 edamın həyata keçirildiyi 2024-cü ilin eyni dövrü ilə müqayisədə iki dəfə çoxdur. Hüquq müdafiəçiləri xüsusilə milli azlıqların nümayəndələrinin edam edilənlər arasında qeyri-proporsional şəkildə təmsil olunmasından narahatdırlar.
"Hazırda ən azı 48 nəfər edamı gözləyir, onlardan 12-si çox yaxın gvaxtlarda edam olunmaq təhlükəsi ilə üz-üzədir", - Volker Türk bildirib.
Bu il edam edilənlərin 40 faizindən çoxu narkotiklə əlaqəli ittihamlarla məhkum edilib. Digərləri isə qeyri-müəyyən şərtlərlə, məsələn, hakimiyyət tərəfindən müxalifləri və siyasi rəqibləri sıxışdırmaq üçün istifadə olunan “Allahla düşmənçilik” kimi edam edilib.
Türkün sözlərinə görə, bir çox işlərə bağlı qapılar arxasında baxılır, ədalət və ədalətli mühakimə əsas prinsiplərini sistematik şəkildə pozur.
İranın Keşikçilər Şurası hazırda “düşmən dövlətlərlə əməkdaşlıq” anlayışını əhəmiyyətli dərəcədə genişləndirən qanun layihəsini nəzərdən keçirir. Casusluğu ölümlə cəzalandıran qanuna onlayn ünsiyyət, xarici media ilə əməkdaşlıq və hətta “ideoloji fikir ayrılığı” kimi hərəkətlər daxil ola bilər. Ali Komissar qanun layihəsini “təhlükəli” adlandırıb və onu ləğv etməyə çağırıb.
“Ölüm hökmü yaşamaq hüququ ilə bir araya sığmır və insan ləyaqəti baxımından qəbuledilməzdir. Mən İranı ölüm hökmünün ləğvi üçün qlobal hərəkata qoşulmağa və moratorium tətbiq etməklə başlamağa çağırıram”, - deyə Volker Türk yekunlaşdırıb.