BAKI, 29 iyul. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Ukrayna ilə sülh razılaşması əldə etmək üçün Rusiyaya verdiyi 50 günlük müddəti azaltdığını açıqlayıb. İndi Kremlin müharibəni dayandırması və ya ağır iqtisadi sanksiyalarla üzləşməsi üçün cəmi 10-12 gün vaxtı var.
Teleqraf xəbər verir ki, bu barədə “New York Post” qəzeti yazır.
ABŞ nəşrinə görə, Tramp rusiyalı həmkarı Vladimir Putinə öldürmək üçün daha az vaxt verib və bu düzgün qərardır.
İyulun 28-də ABŞ prezidenti jurnalistlərə Putinin heç bir xoşməramlılıq nümayiş etdirmədiyini deyib: “Gözləməyə heç bir səbəb yoxdur. Rusiya mallarını alan ölkələrə 100 faizlik rüsum tətbiq etməyə hazıram”.
Ağ Ev sahibinin kəskin qərarı ABŞ-nin ekspert və siyasi dairələrindən geniş dəstək alıb.
Analitiklər hesab edirlər ki, ilkin olaraq 2 sentyabr müddəti Putinə döyüşləri davam etdirmək üçün daha çox vaxt verirdi:
“Putinin məqsədi heç vaxt sülh olmayıb, onun məqsədi Ukraynanı tamamilə məhv etmək olub”.
Yüksək rütbəli Rusiya rəsmiləri Trampın təhdidlərini “teatr ultimatumu” adlandırıblar, amma ekspertlərə görə, bu dəfəki iqtisadi sanksiyalar daha ağrılı ola bilər.
Nəşr yazır: "Kreml narahat olmalıdır. Rusiya iqtisadiyyatı kövrək dayaqlar üzərində tikilmiş bir evdir. Putin büdcənin 40 faizini müharibəyə yatırıb, vətəndaşlar özlərini çətinliklə saxlayırlar”.
Rusiyanın ən böyük ticarət tərəfdaşları olan Çin və Hindistanın mümkün reaksiyası da Kremldə narahatlıq doğurub. İkinci dərəcəli sanksiyalar və 100 faizlik tariflər təhlükəsi onları alternativ bazarlar axtarmağa sövq edə bilər.
“Trampın Rusiya diktatoruna əsl ağrını hiss etdirməkdən başqa çarəsi yoxdur. İndi bunu etməyin vaxtıdır”, - məqalənin yekununda vurğulanır.