Futbol üzrə İspaniya millisinin keçmiş mərkəz yarımmüdafiəçisi Saul Niqes 17 ildir formasını geyindiyi Madrid “Atletiko”sundan ayrılıb.
Arena.az bu barədə paytaxt klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
La Liqa təmsilçisi Saulun komandadan ayrıldığını elan edib. 2008-ci ildən bu yana paytaxt kollektivində çıxış oyunçunun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verib. Niqesin “Atletiko” ilə 2026-cı ilin 30 iyununa qədər müqaviləsi var idi.
Saul Niqes Madridin “Real” və “Atletiko” klublarının yetirməsidir. 30 yaşlı yarımmüdafiəçi “Atletiko”un əsas komandasında 427 oyuna çıxıb, 48 qol və 26 məhsuldar ötürmə müəllifi olub. İspan futbolçu müxtəlif illərdə icarə əsasında “Rayo Valyekano”, “Sevilya” və “Çelsi”də də forma geyinib.
İspaniyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış Saul, 2016-cı ilin sentyabrında əsas millidə debüt edib. O, İspaniya yığmasında 19 oyuna çıxıb, 3 qol vurub, 2 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 30 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 3 milyon avro məbləğində qiymətləndirir.