Madrid “Atletiko”sundan azad agent qismində ayrılmış 30 yaşlı ispan mərkəz yarımmüdafiəçisi Saul Niqes “Flamenqo” ilə anlaşıb.
Arena.az bu barədə Braziliya klubunun mətbuat xidmətinə istinadən məlumat verir.
Tərəflər 3 illik – müddəti 2028-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.
Saul Niqes Madridin “Real” və “Atletiko” klublarının yetirməsidir. 30 yaşlı yarımmüdafiəçi “Atletiko”un əsas komandasında 427 oyuna çıxıb, 48 qol və 26 məhsuldar ötürmə müəllifi olub. İspan futbolçu müxtəlif illərdə icarə əsasında “Rayo Valyekano”, “Sevilya” və “Çelsi”də də forma geyinib. Geridə qalmış mövsümü Saul icarə əsasında çıxış etdiyi “Sevilya” üçün 26 oyuna çıxıb, 1 qol və 6 məhsuldar ötürmə ilə fərqlənib.
İspaniyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış Saul, 2016-cı ilin sentyabrında əsas millidə debüt edib. O, İspaniya yığmasında 19 oyuna çıxıb, 3 qol vurub, 2 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 30 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 3 milyon avro məbləğində qiymətləndirir.
