İtaliya yığmasının və “Atalanta”nın mərkəz hücumçusu Mateo Reteqi bundan sonra Səudiyyə Ərəbistanında çıxış edəcək.
Arena.az xəbər verir ki, 26 yaşlı futbolçu bu ölkənin “Əl-Kadisiya” klubuna keçib.
“Atalanta” bu satışdan 68,25 milyon avro qazanıb. 28 yaşlı forvard yeni klubu ilə 3 illik (2028-ci ilin 30 iyununadək) müqavilə bağlayıb.
Mateo Reteqi “River Pleyt” və “Boka Xuniors” kimi klubların yetirməsidir. O, icarə əsasında “Estudiantes” və “Talyeres”də də forma geyinib. Hücumçu 2022-ci ilin fevralında “Boka Xuniors”dan icarə əsasında “Tiqre” klubuna keçib. “Tiqre” “Boka Xuniors”a 8.05 milyon avro ödəməklə onun transfer hüquqlarını aldıqdan sonra 15,25 milyona “Cenoa”ya satıb. “Atalanta” da Reteqini 2024-cü ilin avqustunda 20,9 milyon avro müqabilində məhz “Cenoa”dan almışdı.
Reteqi ötən mövsüm “Atalanta”nın heyətində bütün yarışlarda meydana çıxdığı 49 matçda 28 qol vurub. O, bu görüşlərdə 9 məhsuldar ötürmə müəllifi də olub.
Mateo 2023-cü ildən dəvət aldığı İtaliya yığmasında 20 oyuna 6 qol vurub, 1 məhsuldar ötürmə verib. O, daha öncə Argentinanın U-19 yığmasında da oynayıb.
“Transfermarkt” internet-portalı 26 yaşlı hücumçunun transfer dəyərini 45 milyon avro məbləğində qiymətləndirir.