"Zirə" bu gün Konfrans Liqasının II təsnifat mərhələsində "Hayduk"u qəbul edəcək.
Offsideplus.az xəbər verir ki, "qartallar" ötən mövsüm bu turnirdə pley-off mərhələsinə qədər irəliləməyi bacarmışdı.
Onlar ardıcıl 2 mövsümdür Azərbaycan çempionatının gümüş medallarını qazanır. "Hayduk" isə başa çatan mövsümü Xorvatiya çempionatında 3-cü yerdə bitirib.
"Zirə" bu oyunda ötən mövsüm komandanın əsas üzvlərindən olan - Salifu Suma və Rafael Utziqdən yararlana bilməyəcək. Suma karyerasını başqa klubda davam etdirəcək. Utziq isə intizamsızlığa görə cəzalanıb və əsas komanda ilə məşq etmir.
Bakı təmsilçisi bu yay heyətini Brahim Konate, Yeqor Boqomolski, İsmayıl İbrahimli, Rövlan Muradov, Abdulaziz Batibie və Vinsent Til ilə gücləndirib.
Til, Boqomolski və Eldar Quliyev zədəsinə görə bugünkü matçda iştirak edə bilməyəcək.
Konfrans Liqası, II təsnifat mərhələsi
19:30 "Zirə" - "Hayduk" (Split)
Hakim: Kristos Vergetis (Yunanıstan)
Stadion: 8-ci km stadionu ("Neftçi Arena")